Ərzaq bazarında bahalaşmaya səbəb nədir?

Elçin Bayramlı: “Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir”

Uzun illərdir müşahidə olununan budur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir. Amma qiymət qalxanda hər kəs qiymət qaldırır…

Sosioloq: “Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir- məsələn aksiz vergiləri kəskin artırılır, gömrük rüsumları artırılır, kommunal xidmətlər bahalaşır, yanacağın qiyməti qaldırır ki, bu da mal və xidmətlərin bahalaşmasını şərtləndirir”

“Kəndlilər, kiçik təsərrüfatı olanlar Bakıdakı bazarlara buraxılmır. Alverçilər və dəllallar tərəfindən məshul onlardan ucuz qiymətə alınır, 3 qat baha qiymətə istehlakçılara satılır”.

Bu sözləri sosioloq Elçin Bayramlı ərzaq bazarında müşahidə olunan qiymət artımların səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər ərzaq bazarında qiymət artımı müşahidə olunur. Hazırda topdansatış bazarında kəllə qəndin kiloqramı 20 qəpik, şəkər 10 qəpik, makaron 20 qəpik, qarabaşaq 10 qəpik, duz 5 qəpik, qablaşdırılmış istiot və digər ədviyyatlar 10 qəpik bahalaşıb. 50 kq unun qiyməti 27 manatdan 33 manatadək, 10 kq un 5.50 manatdan 6.10 manatadək artıb. Xırdalan pivələri 11 qəpik bahalaşıb. Gündəlik tələbat mallarından paltar və qab yuyucuların qiymətində 20-50 qəpiyədək artım var. Bundan əlavə, diş məcunları və şampunların qiymətində 15-25 qəpik artım müşahidə edilir. Həmçinin tumlar 10 qəpik bahalaşıb.

Ərzaq mallarının bahalaşması hansı amillərə görə baş verir? Həmçinin uzun illərdir müşahidə olununan budur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir. Amma qiymət qalxanda hər kəs qiymət qaldırır. Bu o deməkdirmi ki, yerli bazarda qiymətlər bir qrup adamın razılığı ilə müəyyən olunur. Bəs bu vəziyyətin qarşısı alınacaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Azərbaycanda bəzi sahələr monopoliyadadır və qiymətləri də istədikləri kimi təyin edirlər”

Qida sənayesində bir neçə monopoliyanın olduğuna diqqət çəkən sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, bazarın əhəmiyyətli hissəsinə Azərsun nəzarət edir və bu monopolist şirkət istəyəndə qiyməti qaldırır, keyfiyyəti aşağı salır. Heç kim də bununla bağlı heç nə deyə bilmir:

“Bizdə qiymət tənzimləmə sistemi yoxdur. Həm də kapitalizm sistemində dövlət qiyməti tənzimləmək alətlərinə demək olar ki, malik deyil. Xüsusən də, enerji daşçıyıcılarının, suyun, xammalın qiyməti artırsa istehsalçını qiyməti bahalaşdırmamağa məcbur etmək heç nəzəri cəhətdən də mümkün deyil. Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir- məsələn aksiz vergiləri kəskin artırılır, gömrük rüsumları artırılır, kommunal xidmətlər bahalaşır bu da mal və xidmətlərin bahalaşmasını şərtləndirir.

Lakin əsassız bahalaşma tendensiyaları da çox olur. Bizdə bəzi sahələr monopoliyadadır və qiymətləri də istədikləri kimi təyin edirlər. Heç bir əsas olmadan da istədikləri vaxt qiyməti bahalaşdıra bilirlər. Məsələn siqareti götürək, hər bir neçə aydan bir siqaretlərin qiyməti bahalaşır, amma bunun üçün heç bir əsas yoxdur, nə tütünün qiyməti bahalaşıb, nə də başqa bir şey. Bu sahəyə kim məsuldur bilinmir, jurnalistlər heç kimi tapa bilmirlər ki soruşsunlar. Xüsusən də, yerli tütün fabrikləri çoxaldıqca qiymət bahalaşması absurddur. Eyni məhsullar xaricdən idxal ediləndə daha ucuz olurdu.

Ət bazarında da belədir. Təsəvvür edir hər yerdə ətin qiyməti eynidir. Bu neçə ola bilər? Kimsə qoyulmuş vahid qiymətdən 2 manat ucuz sata bilməz, hansısa qüvvə bunun qarşısını dərhal alır. Bu necə ola bilər? Tutaq ki, bir qəssab hansısa kəndən heyvanı ucuz ala bilər və gətirib 2 manat aşağı qiymətə satmaq istəyər, lakin buna imkan verməzlər.

Elçin Bayramlı: “Siqareti götürək, hər bir neçə aydan bir siqaretlərin qiyməti bahalaşır, amma bunun üçün heç bir əsas yoxdur, nə tütünün qiyməti bahalaşıb, nə də başqa bir şey”

Eləcə də, kəndlilər, kiçik təsərrüfatı olanlar Bakıdakı bazarlara buraxılmır. Alverçilər və dəllallar tərəfindən məshul onlardan ucuz qiymətə alınır, 3 qat qiymətə istehlakçılara satılır. Nəticədə həmin məhsulu əziyyətlə əkib-becərən kəndli uduzur, şəhərdəki alıcı uduzur, yalnız dəllal udur. Bu dəllal mafiyası yığışdırılmasa, bu sahədə də vəziyyət düzəlməyəcək.

Qida sənayesində də bir neçə monopolist mövcuddur. Bazarın əhəmiyyətli hissəsinə Azərsun şirkəti nəzarət edir. Bu şirkət ürəyi istəyi vaxt qiyməti qaldırır, keyfiyyəti aşağı salır. Heç kim də heç nə deyə bilmir. Bu sahədə rəqabət zəifdir deyə, bunun qarşısını almaq olmur.

Məncə bahalaşmanın qarşısını almaq mümkün olmayacaq, çünki hər şey bir-biri ilə əlaqəlidir. İstehsalın maya dəyəri artıbsa, təbii olaraq məhsulun qiyməti də artacaq. Gömrükdəki astrononik rüsumlar və süni maneələr aradan qaldırılmasa, xaricdən 1 manata alınan məhsul burda 5 manata satılacaq.

Ölkə daxilində monopoliyanın qarşısı tam alınmasa, yerli kiçik istehsalçılara maneələr aradan qaldırılmasa qiymətlər baha olacaq.

Elçin Bayramlı: “Hazırda bizdə qiymətlər Avropa səviyyəsindədir, maaşlar isə buna adekvat deyil. Avropadakı orta maaşdan azı 10 dəfə aşağıdır”

Hazırda bizdə qiymətlər Avropa səviyyəsindədir, maaşlar isə buna adekvat deyil. Avropadakı orta maaşdan azı 10 dəfə aşağıdır. Faktiki olaraq, manat dəyərini itirir, inflyasiya rəsmi göstəricidən dəfələrlıə yüksək həddədir.

Hökumət maaş və pensiya siyasətini də buna uyğun aparmalıdır. Əgər qiymətlər Avropa səviyyəsindədirsə, maaşlar da o səviyyədə olmalıdır. Yox əgər maaşlar 5-10 dəfə aşağıdırsa, onda məhsul və xidmətlərin də qiyməti onlardakından 5-10 dəfə aşağı olmalıdır”.

Nərminə Umudlu

http://pia.az/-387729-xeber.html?fbclid=IwAR2md5SnvEt_J3QEVs0ZTOKIcBT0wQRL1YHMJLo9yvFHnu9467RW9uwZDdg

Azərsu-nun regional idarəsi işçilərinə və abonentlərə necə divan tutur? – ŞİKAYƏT

“Abonentlərə qanunsuz borclar yazılır, əhaliyə çirkli su verilir, işçilər istirahət günləri işlədilir, “leviy” su xətlərindən yığılan pullar mənimsənilir, qohumbazlıq və rüşvət baş alıb gedir…”

TvPress.Az internet qəzetinin redaksiyasına Tovuz rayonundan bir qrup vətəndaşın müraciəti daxil olub. Müraciətdə Azərsu ASC-nin Tovuz şəhərində yerləşən 8 nömrəli Regional Su-Kanal İdarəsinin sakinlərin başına açdığı oyunlardan, idarənin öz işçilərinə qarşı apardığı istismar siyasətindən şikayət olunur. Müraciəti təqdim edirik.

“Hörmətli redaksiya. Azərsu-nun 8 nömrəli Regional Su-Kanal İdarəsi Tovuzda yerləşir. Regional idarədə qohumbazlıq pik həddədir. İdarənin rəisi Darvin Hüseynov Aşağı Quşçu kəndindəndir. Bu şəxs, sahələrdə fəhlə işləmiş və heç bir səriştəsi və təcrübəsi, ixtisas təhsili olmayan öz qohumlarını yuxarı vəzifələrə təyin edib. Vaxtilə Tovuz su təsərrüfatını məhv etmiş və əhaliyə əsassız su borcları yazmış bu adamlar regional idarədə şöbə rəisləri təyin olunur. Hansı ki, bu adamlar mənimsəmə və dələduzluğa görə həbs olunmalıdılar.

Şənbə-bazar günləri şöbəsindən asılı olmayaraq bütün işçilər hamısı əhaliyə yazılmış qanınsuz borcları  yığmağa məcbur edilir. Halbuki, bu borcları vaxtilə bu sahədə işləmiş şəxslər qanunsuz və əsassız yazıblar, indi də onların yerinə gələn işçilər bu borcu zorla almağa çalışırlar.

Tovuzda su sahəsində vəziyyət getdikcə ağırlaşır. Rəsmi istirahət günləri olan şənbə və bazar günləri işçiləri işə çıxmağa məcbur edirlər, işə çıxmayana məcburi ərizə yazdırıb işdən qovurlar.

Borcu olan abonentlərin suyunu kəsməyən işçiləri incidib töhmətlə qorxudurlar. Aidiyyatı olmayan işçilər pul yığımına cəlb edilir. Məsələn, su və kanalizasiya qəzalarını aradan qaldırmaq sahəsində çalışan işçilər, su pulu yığmağa məcbur edilir.

Əhalinin, abonentlərin başına nə oyunlar açılır, deyiləsi deyil.

Tovuz şəhəri, Düz Qırıqlı, Dönük Qırıqlı, Eyyublu, Aşağı Quşçu, Aşağı və Yuxarı Öysüzlü kəndləri, bir sözlə, su ilə təmin olunan bütün ərazilərdə abonentlərə bilərəkdən əlavə borclar yazılır və məcburən ödədirlər. Əvvəlki dövrdə abonentlərdən su pulunu yığıblar, amma çek verməyiblər, pulu mənimsəyiblər, indi həmin şəxslər işdən çıxıb, yeni işçilər yenidən bütün köhnə ödənişləri tələb edirlər.

İdarənin sahə rəisi Etibar Əhmədov sahəni rüşvət mənbəyinə çevirib. Kanalizasiya şəbəkəsinə qoşulmaq üçün 50 manat, su şəbəkəsinə qoşulmaq üçün isə 100 manat alınır. Halbuki, su-kanal sahəsində bütün bu işlər pulsuz, ödənişsizdir. Kodu olmayan bəzi obyektlərə qanunsuz su xətti verilir və oradan alınan pullar mənimsənilir. Baxımsızlıqdan su kanalizasiya axıntıları yollara axır və beləliklə də asfalt örtüyü də sıradan çıxır, dövlətə xeyli zərər dəyir.

Mənbəyini Ermənistandan götürən, Yuxarı və Aşağı Öysüzlü kəndlərindən keçən, heç bir maya dəyəri olmayan çay suyunu heç bir təmizləmə aparmadan əhaliyə içməli su adıyla kubu 60 qəpiyə satıb, pulunu da zorla camaatdan yığırlar. Şəhərə və kəndlərə verilən su da çox çirkli və çöküntülüdür. Zəyəm çayından çəkilən su kəmərində köhnə, çürümüş borulardan istifadə edildiyindən və su təmizlənmədiyindən evlərə verilən su çox pis vəziyyətdədir.

Bina mənzillərinin və həyət evlərinin su sayğaclarının plombu qəsdən sındırılır və buna görə abonentlərə haqsız cərimələr yazılır.

Təkcə abonentlərdən yox, işçilərdən də zorla pul yığırlar, belə ki, hər ay idarənin işçilərinin maaşlarından 2 fonda (Yaşat Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna) zorla pul tuturlar. Az maaşı olan və bu tutulmaya etiraz edənlər vətən xaini kimi damğası vurularaq işdən kənarlaşdırılır.

Bu məsələləri işıqlandırmanızı xahiş edirik ki, bəlkə bu sahədə biabırçılıqlara, qanunsuzluqlara son qoyula”.

İdarənin rəsmi feysbuk səhifəsində abonentləri maraqlandıran heç bir faydalı məlumat, şikayətlərə cavab və problemlərə izah yoxdur. Amma rəsmi səhifədə idarənin rəsmi adını belə düz yaza bilməyiblər. Azərbaycan dilində sukanal sözü yoxdur. Bu su-kanal yazıla bilər, su və kanal yazıla bilər, amma sukanal yazıla bilməz.  Dövlət idarələrinə heç olmasa orta təhsili olan şəxslər işə götürülməlidir, baxça təhsili ilə bu işlər alınmır.

Tovuz rayonundan su təsərrüfatındakı problemlər və qanunsuzluqlar barədə şikayətlər çoxdandır ki var. Lakin Azərsu rəhbərliyi bu problemləri həll etmək və qanunsuzluqları aradan qaldırmaq əvəzinə suyun qiymətinin bahalaşdırılması üçün saxta və əsassız “əsaslar” axtarmaqla və bahalı villa şəhərciyi tikməklə məşğul olduğundan, bu problemlərin qarşısı nəinki alınmayıb, əksinə, getdikcə daha da kəskinləşir. Xüsusən də, mənbəyini Ermənistandan götürən çayların suyunun təmizlənmədən əhaliyə verilməsi çox ciddi təhlükədir. Şikayətçilər su sahəsində digər problemlər barədə də məlumat göndərəcəklərini bildirirlər. Əsasən də, qanunsuz su xətləri barədə. Ümidvarıq ki, yuxarı orqanlar Azərsu-nun insanlarda sosial narazılığı gücləndirən, dövlətə zərər vuran bu fəaliyyəti ilə bağlı ciddi qanuni tədbirlər görəcəklər.

Elçin Bayramlı

TvPress.Az