Uzun zamandır ki, hamı gileylənir ki, bəs zəmanə korlanıbdır, cəmiyyətdə mənfi xüsusiyyətlər bərqərar olubdur, yalançılıq əsas qabiliyyət sırasına gəlibdir, heç kimə inanmaq olmur. Doğru buyururlar, həqiqət budur ki, xalqımız son dövrlərdə yeni azara mübtəla olubdur- yalançılıq azarına. Gecə-gündüz bu məmləkətdə hamı bir-birini aldadır. Bazarda, məktəbdə, nəqliyyatda, idarədə, zavodda, televiziyada, qəzetdə, lap elə parlamentdə…
Bazarda 1 kq əvəzinə sənə 700 qram meyvə çəkən alverçidən inciməyə dəyməz, axı o yetim də ona-buna haqq verəndən sonra özünə 5-10 qəpik çörək pulu qalmalıdır. Ya da “yumurtanı təzə gətirmişəm öz həyətimdən” deyən arvada inanıb evdə köhnə lax yumurtanı yeyə bilməyəndə ona söyməli deyilsən ki? Adamın çörəyi yalandan çıxır.
Yainki, bir yeməkxanada oturub yemək yeyirsən, şotda sənə xeyli kələk gəlir, and-aman edir ki, dədə balasi, bəs biz halal məhsul alırıq, ona görə də bahadır. İndi neyləmək olar, gərəkdir ki, bu yalanı udasan, yediyin texniki palma yağında GMO ərzaqdan bişirilmiş «halal» yeməyi geri qaytara bilməzsən ki?
Ya da ki, əliyandıma düşmüsən, maaşa da hələ bir kaç gün qalmışdır, bir dostundan 5 günlüyə allı manat borc istəyirsən, deyir ki, sən öl, özüm ölüm, Quran haqqı yoxumdur. Amma sabah eşidirsən ki, sağlığına qismət olsun özünə bahalı maşın alıbdır. Haindi yalan deyir deyə vurub onu öldürəkmi?
Və ya tutaq ki, bankdan kreditlə bir miqdar pul tədarük etmisən, istəyirsən ki gedib bazardan bir köhnə maşın alıb çax-çux eləyəsən ki, balalar ac qalmasın. Orada bir ağdamlı qaqamız da sənə and içib aman eləyibdir ki, seyid nə bilim kim ağanın (adı yadımdan çıxdı dar macalda) cəddi haqqı top kimidi, çörəkli maşındı, səhər 6 min təklif elədilər vermədim, 5 ver apar əlini qulağının dibinə qoy sür. Bir neçə gün sonra maşının hər yeri tökülüb itəndə gedib ona nə deyəcəksən ki? Adama deməzmi ki, qaqa, yadına gəlirmi, o irəli bazarda səndən 1 meşok kartof aldım, and içdin ki 30 kilodur, evə gətirəndə çəkdim gördüm 23 kilodur. Arvad itin abrını verdi mənə, rəzil elədi. Mən gəlib sənə bir söz dedimmi? Bə hamımız bir-birinizlə dolanırıq dana. Nağarmalıyıq?
Bu cür hadisələr məmləkətimizin hər vilayətində vaqe olur. Məsələn, “Balam ölsün yalan deyirəmsə, öz inəyimin südüdür” deyən novxanılı arvadın həyətində stolovoy zibilləri ilə qidalanan cəmi bir inəyi var, amma butun Sumqayıta süd, qatıq satır. İncəfara, onun süd, qatığı yaman yağlı olur. Bunun özü də bir əziyyətdir, get zibillikdən sellofan paketləri, plastik butulkaları yığ, sonra onu gətir ərit südə qat. Bəli, bu tam bir əziyyətdir.
Düzdü, bu əməli ilə başqalarının körpə uşaqlarını zəhərləyib sağalmaz bəlalara giriftar eləyir, amma bu arvad cənnətə düşəcəyinə əmindir. Deyir ki, mən namaz qılıram, Məşhədə, Həccə getmişəm, kasıb-kusuba əl tuturam, məsələn, bəzən onlara nisyə süd də verirəm.
Bibinin dediyinə görə, o dünyada bunu məhkəmə qarşısına çıxaranda ki, bəs sən xalqı niyə zəhərləyirdin, o da kəmali-ədəblə cavab ərz edəcək ki, bəs mən neyləməliydim, 180 manat pensiyanın 80 manatını kommunal xərclərə, 100 manatını da həkimlərə, dərmanlara verib özüm acından öləydimmi? Bu yerdə ədalət məhkəməsinin boğazı quruyacaq, axı ilahi qanunlara görə də hər bəndənin özünü müdafiə etmək, kürreyi-ərzdə yaşamaq hüququ vardır. Beləliklə, də bu arvadı məcbur cənnətə salacaqlar.
Yainki, götürək bir həkimi. Ağır bir azara mübtəla olub çarə üçün yanına gələnlərə düzgün müalicə yazsa, «ağrın alem verdiyin 20 manat şirinliyi halal elə» deyib ondan rüşvət almasa necə dolanar, lap acından ölər ki? Sən özün ol, bir dərman firmasının nümayəndəsi gəlib sənə desə ki, həmşərim, bəs xəstələrə filan dərmanları yazsan, hər birində filan qədəri sənindir, üstəlik hər yay səni xaricə sanatoriyaya göndərəcəyik, neyləyərsən? Necə? Razı olmazsan?! Get özünə ala! Biz hərif zad deyilik.
Məgər sənin uşaqların iqruşka əvəzinə inək peyini ilə oynayır, yainki, arvadın toya qoyun dərisi geyib gedir, bəlkə sən yemək əvəzinə havayla dolanırsan? Keçməz, qaqaş! 200-300 manatla sən vicdanını qoruya bilməzsən! Qorusan da külfətin acından ortalıqda ölər, camaat sənin cəmdəyinə tüpürər!
Uzun sözün qısası, bu bəla, yəni yalançılıq azarı yoluxucu xəstəlik kimi əksər vətəndaşlarımızı giriftar edibdir. Hətta, adam bir gün yalan danışmayanda özünü birtəhər hiss eləyir, elə bil ki, boynuyoğun bir gədə səni öz yalan danışmaqla tikdirdiyi imarətində eşşək kimi işlədib, axırda da pulunu verməyib.
Beləliklə, aşikar olur ki, məmləkətimizdə məmə yeyəndən pərə deyə hamı yalan danışır. Bir para adamlar deyirlər ki, burda obyektiv səbəblər də vardır. Yəni, bütün bunlar gərdişi-dövrani-kəcrəftarın nəticəsidir. Nöşün ki, indi əvvəlki zamana deyildir, adamların çörəyi daşdan çıxır. Ona görə də yalançıları qınamaq müstəhəb deyildir.
Əmma mən bu kimi söhbətlərə heç inanmam. Nədən ki, əvvələn, dünyada kasıblıq çəkən, müxtəlif növ bəlalara mübtəla olan şəxslər təkcə haman bu şəxslər deyil ki, bəs o qeyri millətlərdən olan fəqir-füqəra niyə belə həngamədən çıxmır?
Saniyən, elə hesab edək ki, bu cəmaətin müəyyən bir hissəsinin başqa yolu yoxdur, bu binəvalar məcburən bu cinayətlərdə bulunurlar, o tövrdə bəs bir para rüşvətxor məmurlar, naməlum yollarla sərvət sahibi olan zəngin biznesmenlər, lap elə yataq paltarında efirə çıxan yarılçılpaq müğənnilər niyə xalqa yalan danışırlar? Məgər onların da balaları evdə acından ölür?
Salisən, bütün günü yalandan özünü, malını, bədənini tərif edən kəslərin bunda məqsədi nədən ibarətdir ki? Axı onların, Hacı Qaranın sözü olmasın, bir qara qəpiyə dəymədiyini özləri də daxil hər kəs bilir.
Müxtəsər, bu bəhanələr heç də məntiq və insanlıq elminə müğayir deyildir, nədən ki, bir çox vicdanlı şəxslər var ki, öz halal qazancları ilə yaşayır, hər nə qədər yoxsul olsa da vicdanını itirmir, yalan danışmır, onlar ölürlərmi?
Ol səbəbdən də mən bir para şəxslərin belə əməllərə haqq qazandırmasına müzayiqə edə bilmənəm.
Burda məsələ başqadır. İndi mən deyim sən qulaq as! Bu xalqın içində ki, kimi dindirirsən deyir ki, mən Allah adamıyam ha, o saat bil ki yalan deyir. Belələri digərlərindən daha çox başqalarını aldadır, badalaq vurur, oğurluq edir, haram yeyir, qonşusu ac ikən yumşaq yorğan döşəkdə kababla doldurduğu qarnını sığallaya-sığallaya yatır ki, səhər durub orda-burda mənafeyi-millətdən, əxlaqi-insaniyyətdən dəm vursunlar.
Əşi, qorxmayın, nə axirət məhkəməsi var, nə də bizdə yalan danışmağa görə kimisə qazamata salmırlar. 5 günlük dünyadır, yeyin-için kef eləyin. Şəxsən bəndəniz belə eləyir, hər gün yalan danışıram. Məsəlçün, o gün bir məclisdə yalandan durub cəmaətimizin yalnız müsbət xüsusiyyətlərə malik olduğuna dair mükəmməl bir nitq irad eləmişəm. Nağayrım, bəlkə durub orda həqiqəti deyim adamlar əlinə keçən qab-qaşığı başımı vursun? Xeyr canqardaş, keçəl suya getməz. Elə bu yazını da yalandan yazdım. Burda dediklərim bizim cəmiyyətdə olmur atam qərdeşim, ağzım… pardon, yəni, əlim öyrəşib deyə yalan yazdım. Ona görə də bəndeyi-həqirinizin günahından keçin.
Elçin Bayramlı