Qız tələb olunur (Pamflet)

Elçin Bayramlı

Azərbaycanın əsas və əbədi problemlərindən olan işsizlik problemi son vaxtlar cinsi kontekstdə həllini tapmaqdadır. Şübhə edənlər paytaxt küçələrində və ya internetdə bir qədər gəzişsələr, yanıldıqlarını anlaya bilərlər.

Mümkün olan bütün yerlərə yapışdırılan, vakansiya saytlarında yerləşdirilən  saysız-hesabsız iş elanlarında vətəndaşlar “yüksək” əməkhaqqı müqabilində işə dəvət olunurlar. Adamın lap ürəyi açılır. Di gəl, bu elanlara bir balaca diqqət edəndə adamı təəccüb götürür. Elanların əsas maraqlı məqamı işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur: “Qız tələb olunur!”…

Bu tendensiyanın bir müsbət cəhəti var- bu da ondan ibarətdir ki, ölkəmizdə gender probleminin olmadığını təsdiq edən bu elan kağızlarını dürmələyərək bütün dünyanın gözünə soxa bilərik. Çünki son zamanlar bəzi beynəlxalq təşkilatların nümayəndələri orda-burda ağızlarını avara qoyub deyinirlər ki, Azərbaycanda gender problemi var, qadın hüquqları pozulur- filan.  Öz aramızdı, bunlar deyəsən Azərbaycanı ərəb ölkələri ilə səhv salıblar.

Bu replikanı gender problemi ilə bağlı iştirak etdiyim beynəlxalq seminarların birində amerikan treynerə tərəf tulladım ki, bəlkə bu modern kovboy səhvini anlaya. Elə beləcə də dedim: “Mister Uill, mənə elə gəlir ki, qadın hüquqlarının ilk bərqərar olduğu ölkələrdən olan Azərbaycanda qadına hörmət və ehtiram yüksək səviyyədədir. Bizdə hətta az qala matriarxal cəmiyyət quruluşudur”. (Nə təhər demişəm?!)

Treynerin və seminar iştirakçılarının maraqla və şübhəylə dinlədiyini görüb cəsarətləndim və replikanı çıxışa döndərməyə qərar verdim: “Mən indi bunu sizə, Şərif demişkən sübutalni, dakumentalnı başa salaram. Cəmiyyətimizdə qadınların mövqeyi kişilərdən üstündür. Siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə, elm, təhsil və səhiyyədə və digər sahələrdə də üstünlüyü zərif (etiraf edim ki, az qala çaşıb “zəif” deyəcəkdim, son yarımsaniyədə r hərfini əlavə etdim) cinsin nümayəndələri təşkil edirlər. Məsələn, təhsil və səhiyyədə qadın kontingenti 70-80% təşkil edir. Elə bu salondakı iştirakçıların da üçdə ikisi qadındır.

Mister Uill, siz heç Bakıda sərnişin nəqliyyatından istifadə etdinizmi? (Treynerin təsdiq mənasında başını yellədiyini görüb, çıxışımı daha cəsarətlə davam etdirdim) Gördünüzmü ki, metro vaqonlarında, avtobuslarda sərnişinlərin çoxu qadındır? Bir çox ailələri qadınlar dolandırır. İş elanlarına baxsanız görərsiniz ki, 80 faizdən çoxu qız, qadın işçi tələb olunur.

?????????????????????????????????????????????????????????

Hətta, bəzi qəhrəman qadınlarımız Dubaydan, Türkiyədən ölkəmizə bilirsinizmi nə qədər pul göndərirlər? Bilmirsinizsə, elə bu pəncərədən şəhərimizdəki son model bahalı avtomobillərin fasiləsiz paradını seyr edin, sizi inandırıram ki, onların əhəmiyyətli bir hissəsi həmin qadınların halal qazancı ilə alınıb.

Azərbaycan az qala yeganə ölkədir ki, nəqliyyatda qadın görən kimi kişilər durub yer verirlər. Mən şəxsən bir kişi olaraq şəhər nəqliyyatında sonuncu dəfə nə vaxt əyləşərək getdiyini xatırlamıram.

Gördüyünüz kimi, bizdə az qala matriarxal cəmiyyətdir. Bu səbəbdən də, ölkəmizdə gender proqramlarının həyata keçirilməsinə ehtiyac yoxdur”.

Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, çıxışımı bitirdikdə salonda gurultulu və uzunsürən alqışlar başladı. Ruslar demiş- “burnıe oplodismentı!”. Amerikalı treyner azərbaycanlı tərcüməçiyə (yeri gəlmişkən, tərcüməçi də qadın idi) şübhəli və təəccüblü nəzərlərlə baxırdı- böyük ehtimalla, mənim sözlərimin ona düzgün çatdırılmadığı qənaətində idi…

Öz aramızda qalsın, dövlət himnimizdə qadın səsinin üstünlük təşkil etdiyi haqda ən tutarlı arqumenti mister Uillə demədim. Üstəlik, bizdə belə bir zərb-məsəl var ki, “arvaddan qorxmayan kişi sayılmır”. Amma bunlar misterə deyiləsi söhbətlər deyil.

Nədən danışırdıq, hara gəlib çıxdıq… Həə, deməli, hamı qız axtarır, oğlanları heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə vazkeçilməz şərt olaraq qoyulduğunu soruşsam da, düz-əməlli cavab ala bilməmişəm.

Bir dəfə birisinə dedim ki, bütün dünyada işçiləri cinsinə görə yox, faydalı iş əmsalına- yəni qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə görə götürürlər, mənə güldü ki, “bala sən hələ uşaqsan, belə şeylərdən başın çıxmaz”.

Bir sözlə, bütün bunlardan konkret bir nəticə çıxarmaq olar- bu adamlara işçi, mütəxəssis yox, qız lazımdır, qız!

Modern.az

Bakı. 2012.

Açıq-saçıq geymək necə faciəyə səbəb olur? (ironiya)

Elçin Bayramlı

Yay mövsümü gələndən Bakıda ənənəvi mövzulardan biri daha da aktuallaşıb. Qızların açıq-saçıq geyinməsi, bunun nəticəsində kişilərin haldan-hala düşməsi məsələsini deyirəm. Qısası, bəzi xanımlar “işə gecikdiyindən” və “skleroz olduqlarından” üst paltarı geyməyi unudaraq şəhərə yatmaq paltarında çıxırlar ki, bunun da nəticəsində ciddi sosial, psixoloji və kriminal problemlər yaranır. Vallah şişirtmirəm, bu çox təhlükəli problemdir, belə ki, hətta, birbaşa insan həyatının itirilməsi ilə nəticələnə bilir. Necə? Ola bilməz? İndi mən bu saat sizə, Şərif demişkən sübutalni, dakumentalni izah edim, görün ola bilər, yoxsa yox…

Tutaq ki, gözəl və gənc bir xanım bir qarışlıq mini-yubkada, yaxud şortik-maykada minib avtobusa və qabaq sıraların birində əyləşib. Salondakı gənc oğlanların o saat avtobusun həmin qisminə yığılmasını qoyaq bir tərəfə. İndi bu zalım oğlu sürücü maşını necə idarə etsin? Qabaq şüşəyə saysız-hesabsız güzgüləri yuxarıdan aşağıya, sağdan-sola, diaqonal vəziyyətdə havayı yerəmi düzüb?

Xülasə, bu məzlum sürücü yola baxmaq əvəzinə qabaq şüşənin lap aşağısında yerləşən həmin böyüdücü güzgülərdən xanımı seyr etməyə bilərmi? Xeyr, Azərbaycanda bu mümkün deyil! Əvvəla, biz müsəlmanıq, ağlımız kəsməyəndə zorakılığa məruz qoyularaq islam qanunlarına zidd olaraq sünnət olunmuşuq, ona görə də seksual temperament, cinsi natamamlıq kompleksi yüksək səviyyədədir.

İkincisi, bizim xalqın kişiləri belə mənzərələrə o qədər də öyrəncəli deyil, adicə küçədə yeriyərkən dönüb tursik-maykada qarşısından keçən bir xanımın arxasınca baxanda qarşıdan gələnlə toqquşmurlarmı? Küçədə bu əməliyyat yüngül xəsarətlə qurtara bilər, amma avtobusda vəziyyət fərqlidir. Sürücü yola baxmağın başını buraxaraq salondakı mənzərələri seyr edib feyziyab olmağa başlayanda qəza baş verə bilər. Nəticədə xeyli sərnişin və özü o dünyaya yollana bilər.

Konstruktorlar üzümüzə baxıb, metro qatarlarında maşinist vaqonun içini görmür, yoxsa tələfat daha kütləvi olardı. Lakin metroda da başqa problem var. Stansiyaya yarıçılpaq nazənin daxil olarkən bəzi polislər sərnişinlərin yüklərini dedektordan keçirməyin başını buraxıb, bu mənzərəni seyr etməyə, bəzən də söz atmağa girişirlər ki, bu da metroya kiminsə rahatca bomba keçirməsinə imkan yarada bilər.

Təsəvvür edin ki, bir qız vəya qadın dar kalqotkada, ya da bir neçə sm-lik mini-yubkada, sinəsi və beli açıq şəffaf koftada svetoforun qırmızı işığını filanı vecinə almayaraq nazlana-nazlana  «vasmyorka» yerişlə yolu keçir! Bütün sürücülərin başları eyni istiqamətə dönəcəkmi? Dönəcək! Burda zəncirvari qəza baş verəcəkmi? 100 faiz! Nəticədə azı bir neçə nəfər həlak olacaq, bir neçə avtomaşın sıradan çıxacaq, ölkə iqtisadiyyatına zərər dəyəcək!

Şəxsən mən özüm bir neçə dəfə belə qəzaların şahidi olmuşam. Düzdür, yol polisləri sənədləşdirəndə qəzanın səbəblərini bir az dəyişdirib ki ayıbdır, rüsvayi-cahan olmayaq, planet əhli bizə gülməsin. Amma hər halda biz özümüz gözümüzlə gördüyümüzü necə dana bilərik?

Ötən həftə maraqlı bir mənzərənin şahidi oldum. Küçə ilə tək gedən yarıçılpaq qıza ilişmək yarışında bir-birinə güzəştə getməyən iki qaqaş əvvəl türmə jarqonu ilə sözləşib, sonra qaydasız döyüşə başladılar. Bunlar al-qana qərq olduqları vaxtda həmin qız qulağında nauşnik dingildəyə-dingildəyə, daha doğrusu “səkkiz yaza-yaza” yoluna davam edirdi…

Belə misalları çox gətirə bilərəm, amma başınızı niyə ağrıdım ki? Qısası, dediyim odur ki, xanımlarımız bir az ehtiyatlı olsunlar, normal paltar geyinsinlər əyinlərinə. Başa düşürük, yaydır, istidir. Amma bir günahsız insanları da nəzərə alın. Vallah indiki zamanda ölmək yaşamaqdan bahadır.

Həm də bu istilər təkcə sizə təsir etmir ki? Bəs biz (kişilər) niyə lüt-üryan küçəyə çıxmırıq? Biz başa düşürük, indi parça bahadır, çox xanımlarımız imkansızlıq ucbatından az parça ala bilirlər. Yazıq dərzi də neyləsin, bundan ancaq mini-yubka çıxa bilər.

Dükanlarda da “mini”lər uzun yubkalardan, kalqotkalar, şortiklər  normal şalvarlardan ucuzdur. Ona görə də, inkansız xanımları anlamaq olar. Yaxşı bəs varlı-hallı xanımların yarıçılpaq vəziyyətdə şəhərə çıxmasına nə deyirsiniz?

Soruşmaq ayıb olmasın, niyə kimsə durduğu… pardon, oturduğu yerdə naməlum dünyaya yollanmalıdır? Bəlkə birinin ailəsinin heç 10-15 min pulu və ya satmağa evi yoxdur ölü mərasimlərini və digər xərcləri ödəməyə?

Dediyim odur ki, əhəmiyyətsiz bir hal kimi görünən bu vəziyyət ciddi problemlər yaradır. Mən hələ bəzi məsələlərə- zorlamaların və təhlükəli xəstəliklərə yoluxmanın artmasında belə geyimlərin rolu və sair bu qəbildən olanlara- toxunmadım.

İndi gördünüzmü, ölüm sayının, yol qəzalarının, digər çoxsaylı problemlərin  sayının sürətlə artmasında xanımların açıq-saçıq geyinməsinin nə qədər böyük rolu var? Sözümün canı odur ki, əziz xanımlar, xalqa yazığınız gəlsin, hoqqa çıxarmayın. Bəşəriyyət bu qədər böyük inkişaf yolu keçib, meşədən çıxaraq, əyninə paltar geyinmək mədəniyyəti yaradıb, indi yenidən meşəyə- ibtidai icma quruluşuna qayıtmaq məsləhət deyil. Lütfən…

Bakı. 2012.

Bir başqa pul (felyeton)

Elçin Bayramlı

Yazının adını oxuyan kimi ağlınıza başqa fikirlər gəlməsin, söhbət başqa pullara susayıb vətəninin, xalqının, dövlətinin maraq və mənafelərini başqa dövlətlərin siyasi və dini mərkəzlərinə satanlardan getmir. Bu “başqa” söhbəti, tamam başqa söhbətdir.

Məsələ ondan ibarətdir ki, xalqımızın bir çox 11 il məktəb oxumuş və bir miqdar elm hasil etmiş nümayəndələri alver sövdələşmələrində  pulumuzun adını və məbləğini başqa cür ifadə edirlər. Çox uzatmadan keçək “mustafa”ya…

Deməli, biri vardı, biri yoxdu… yox belə olmadı, bu axı nağıl deyil, olmuş əhvalatdır, nə qədər şahidi filanı var. Günlərin bir günündə, Tovuzda bir yas məclisində bir nəfər söhbət eləyir, deyir ki, bəs filan həkimə bir başqa pul vermişəm.

Adamın rüşvət verməsi və bunu ictimai yerdə rəsmi etiraf etməsi məni o qədər də təəccübləndirmədi, çün belə söhbətlər adidən də adi bir şeydir ölkəmizdə. Məni “cin atı”na mindirən o oldu ki, bu ağssaqal rüşvəti niyə öz manatımızla deyil, dollarla və ya rublla ödəyib. Nəticədə aramızda belə söhbət yarandı:

— Niyə basqa pul verirdiniz ki, öz pulumuza nə gəlib?

— Öz pulumuzdan verdim də.

— Bəs deyirsiniz bir başqa pul verdim?

— Başqa deyəndə, yəni, paşka deyirəm də…

— Hə paçka, …nə paçkası idi?

— Şirvan.

— Şirvan nəmənədir dayıcan? Bu adda dünyada valyuta olduğunu eşitməmişəm.

— Ayə məni dolayıbsan? Şirvan də, şirvan… yanı 10 minlik pul var ey ondan…

— Axı indi o əskinas yoxdur, necə verdiniz ona?

— A kişi, təzə pullan verdim ee, prosta o qədər eləyir.

— Nə qədər yəni?

— Bir “başqa” şirvan.

— Bir “paçka” şirvan nə qədər edir ki?

— Qoy görüm… ayə 200 manat eləyir dana indiki pulnan…1 aylıq maaşım getdi bajoğlu …

— Bəs onda deyin ki 200 manat verdim də. Özü də, 200 manat necə bir “paçka” edə bilər, axı 2 manatlıq pulumuz yoxdur?

— Paza keçmişik ee, a bala, yanı bir başqalıq şirvan qədər vermişəm dana, 2 dənə təzə yüzlük idi…

— Belə deyin də, “bir başqa şirvan” əvəzinə “200 manat” demək daha rahat deyilmi?

— Ağzımız öyrəşib… təzə puldan adamın başı çıxmır…

— Dayıcan, Sovet vaxtı 50 il bu sistemlə pul alıb-vermisiniz, indiki pulumuz da elə o vaxtkı dəyərdədir. O vaxt da məsələn, qənd 1 manat idi, indi də, o vaxt da sən 200 manat maaş alırdınız, indi də. Yazıq “şirvan” neçə illərdir dövriyyədən çıxarılıb, amma hələ də ondan əl çəkə bilmirsiniz… Şirvan, Məmməd, Nizami, Qız qalası filan…Elə hökumət yaxşı eləyib pulun ustundə şəkilləri ləğv elədi…

— Bizdə baş qoyublar a bala? Sovet dağılandan sonra pulun bərəkəti də getdi, o vaxt o 200 manata bir ay adam kimi dolanırdıq, indi bir həftəyə də çatmır…

Söhbətin gerisini yazıb vaxtınızı almayım,- “ayda 200 manat qazanırsan, bəs rüşvəti necə və niyə verirsən”,.. “verməsən olmur, bəs o həkim 120 manat maaşla acından ölsünmü?”- kimi mənasız sual-cavabın burda nə faydası var?!

Sovet vaxtı məşhur bir anektod var idi- Bir gün SSRİ rəhbəri Xruşşovla Çinin rəhbəri Mao Tszedun görüşürlər. Mao müəllim deyir ki, bizdə istedadlı fokusniklər çoxdur, onlar bir aylıq maaşı bircə gündə xərcləyib bitirirlər. Nikita yoldaş da qayıdır ki, bizdə daha istedadlıları var- ayda 200 manat alırlar, amma 500 manat xərcləyirlər…

Bizdə indi vəziyyət bu sarıdan daha qəlizdir. Bizim məmurların, artistlərin, həkimlərin, müəllimlərin… maaşı ilə onların aylıq xərcləri arasındakı keçilməz uçuruma nəzər salmaq kifayət edir ki, məsələ aydın olsun. Mən hələ bahalı daşınar və daşınmaz əmlakı demirəm…

Məndən sizə amanat, rüşvət alanda da, verəndə də öz pulumuzdan istifadə edək, yoxsa ölkədə manatın məzənnəsi aşağı düşər, inflyasiya sürətlənər, Mərkəzi Bankın məzənnəni saxlamaq üçün xərclədiyi milyonlar batar, üstəlik, bazarda qiymətlər, bank kreditləri daha əlçatmaz yüksəkliklərə bayraq sancar. Onsuz da bəzi iribuynuzlu dəllallar qiymətləri artırmağa girəvə gəzirlər. Sonra demədi deməyin…

«Gündəlik Teleqraf» qəzeti

2012. Bakı.

Bir nazirin monoloqu

Elçin Bayramlı (Parodiya)

Pay atonnan! Bu nə qəliz mətndi əə. Yüz dəfə demişəm bu donqiliyə ki, yazanda mürəkkəb cümlələrlə yazma, çox elmi, siyasi, iqtisadi terminologiyadan istifadə eləmə. Həm çoxunu başa düşmürəm, həm də tələffüz edə bilmirəm. Sonra jurnalistlər başlayırlar məni lağa qoymağa ki, bu adam kolxoznikdir, niyə nazir işləyir.

Bu adamı qohumdu deyə işə nahaq götürdüm, bilsəydim küçədə işsiz qalan savadlı kardlardan birini götürərdim. Bunu da başqa nazirliyə düzəldərdim qarşılıqlı razılıq əsasında. O nazirin də bir qohumunu mən götürərdim işə, qurtarıb gedərdi, heç kim də deyə bilməzdi ki, biz qohumbazlıq edirik…

Tərs kimi bu beynəlxalq konfrans çox ciddi mövzudadır, bütün dünyanın diqqəti burda olacaq. Yaxşı tutaq ki, çıxışın mətnini birtəhər oxudum, amma fasilədə jurnalistlər cumacaqlar üstümə, “şpitilni” suallar verəcəklər. Gəl indi vəziyyətdən çıx. Nə ola ağzından bir “quş” buraxasan. Pay atonnan… Bir həftə mətbuatda, sosial şəbəkələrdə rüsvay edəcəklər məni.

Bunlar məni qaralayıblar elə, qəzetdə-jurnalda yazırlar ki, bəs 15 ildən çoxdur nazir işləyirsən, artıq qocalmısan, çıx pensiyaya, qoy bir az da gənclər işləsin. Mən ölüm, heç hənanın yeridir?

Əvvəla, məndən də çox nazir işləyən adamlar var, onlara niyə demirsiniz? İkincisi, qoca nöş oluram, Məşədi İbadın sözü olmasın, min cavana dəyərəm. Üçüncüsü də ki, hansı köpəyoğlu könüllü şəkildə belə vəzifədən imtina edər?

Bəzi qəzetlər yazırlar ki, bəs bunun filan yerdə villaları, bahalı maşınları, böyük şirkətləri var. Hələ çoxunu bilmirlər ha, Hind okeanındakı şəxsi adadan, təyyarədən və yaxtadan xəbərləri yoxdur, gör onları da öyrənsələr nə qalmaqal salarlar.

Ay balam, nə istəyirsiniz məndən? İndi Sovet vaxtı deyil ki, nazir gedib adi fəhləylə eyni binada yaşasın, eyni maşından istifadə eləsin, eyni restoranda nahar eləsin, eyni sanatoriyada dincəlsin filan.

Bunlara bax haa, mən ölüm, guya mənim uşaqlarım bunlarınkı ilə eyni baxçada, məktəbdə, universitetdə təhsil, tərbiyə almalıdir, bunlar kimi metroya, avtobusa zada minməlidir, ucuz produkt, ximikat marqarin, palçıq kimi zavod çörəyi yeməlidir. Ay siz öləsiniz…

Sovet hökuməti elə buna görə dağıldı də. Hərə öz yerini bilməlidir, yoxşa fəhlə də özünü insan saydısa, daha nə oldu? O vaxt adi əkinçi, fəhlə hüququ pozulan kimi yuxarılara bir məktub yazırdı adamın anasını ağladırdılar. Proletariat diktaturası, yox bir…

Gedim kostyum kolleksiyama baxım görüm bir əməlli şey tapa bilirəmmi. Andıra qalmış bir deyil, iki deyil, 50-dən çoxdur. Bax bu “Pyer Kardin” xoşuma gəlir, keçən dəfə Parisdən 15 minə almışdım, o birilərə baxanda elə də bahalı deyil, amma çox yaraşır mənə.

Bu saatı da belə tədbirlərdə taxa bilmirəm, jurnalistlər nayezd eləyib yaxından çəkirlər, sonra internetə qoyub hay-həşir salırlar ki, bu adam 2 min manat maaşla 200 minlik saatı necə almışdır. Özü də gündə bir bahalı saat taxır. Gözünüz çıxsın elə…

Bu arvad da məni lap boğaza yığıb. Həftə səkkiz, mən doqquz xarici sanatoriyalardadır. Evdə axtardığımı da tapa bilmirəm. Qısqandığından özü burda olmayanda qulluqçuları da buraxır evlərinə ki, birdən…

Gedib özümdən 5 yaş böyük qızla evlənəndə bilirdim ki belə olacaq. Nədi-nədi filan nazirin qızıdır. Mənim əqidəmə görə, kişi arvaddan neskolko da olmasa, xotya bı 3-4 yaş böyük olmalıdır, həm də gərəkdir ki, atası vəzifəcə səndən aşağı olsun. Yoxsa ona sözün keçməz.

Hələ bu kiçik oğluma bax sən Allah. Oğraş gedib yarım milyonluq maşınla şəhərdə lotuluq edir. Videosunu çəkib qoyurlar internetə, döşəyirlər qabırğama ki, guya mən lap qudurmuşam. Heç sözdü mən ölüm? Aman zaman bir sonbeyişim var, indi ona kakoy ni bud 50 minlik maşın alası deyiləm ha. Uşaq üzümə də baxmaz ey.

Əsəbiləşdim ee lap, yaxşısı budur, bir siqar çəkim. Yaxşı ki, keçən dəfə Kubadan dənəsi 50 dollardan gətirtdiyim siqardan qalıb, görüm hara qoymuşam… Deyəsən, 4-cü mərtəbədəki kabinetimdə qalıb. Ev də ev deyil ey, Allah göstərməsin, elə bil oteldir, eni-uzunu-hündürlüyü bilinmir. Arvad evdə olanda liftlə çıxmağa qoymur ki, hərəkət elə, şişirsən getdikcə. Yaxşı ki indi evdə yoxdur, yorulmuşam ey, gərək liftlə çıxım.

Öz aramızdı, yaşlanıram haa, daha işləməyə də taqətim qalmayıb. İşləmək deyəndə onsuz da elə sən deyən işləmirəm. O gün prezident müşavirədə abrımı ətəyimə bükəndən sonra, düşündüm ki, lap ağını çıxarmışam.

İclasda görəydiniz, mən tər tökəndə, bəziləri necə sevinirdilər. O qədər göz dikən var ki yerimə. Söz verdim ki, nöqsanları tezliklə düzəldəcəm, indi gərək başlayım doğru-düzgün işləməyə.

Nə isə, daha gecdir, düşüm zirzəmidəki saunada bir az istirahət eləyim, sonra yatım. Mühafizəçi və xidmətçi dəstəsinə də gərək tapşırım səs eləməsinlər. Bu neçə hektarlıq bağda neçə-neçə nadir heyvan növü var, amma gör birinin səsi çıxırmı, amma o delfinlə krakadil lap həyasızdırlar, yaman səs salırlar, başıma düşür.

Arvad elə bil burda zoopark açıb. Nə qədər adam acından ölür dünyada, biz bunlara nələr yedirdirik, o dünyada dərimə saman təpəcəklər. Bir dəli şeytan deyir, hamısını sat, puluna yoxsullara yardım elə, xəstəxana tik, məktəb aç. Amma onda da qonaq-qara yanında biabır olaram, prestijim aşağı düşər…

Nə isə, yuxum gəlir, bu məsələni konfransdan sonra bir yaxşı fikirləşərəm…

Yaltaqlıq elmi: Praktiki vəsait

“Milli psixoloji xəstəliklərimiz” silsiləsindən 1-ci yazım (yalançılıq sindromu) oxucular tərəfindən maraqla qarşılanıb. Zəmətkeş xalqımızın nümayəndələri açıq etirafda bulunublar ki, bəli, biz beləyik. Hətta bir radikal vətəndaşımız şərhdə yazıb ki, guya mən bunun səbəblərini bilirəm, amma yaza bilmirəm…

Əyani vəsait 1

Nə isə, sözüm onda deyil, bu dəfəki mövzumuz birincidən heç də geri qalmayan ağır bir pataloji xəstəlik haqdadır- milli yaltaqlıq sindromu. Bu xəstəliyin kökü əslində çox qədimlərə gedib çıxır, amma məni oraları maraqlandırmır. Sindrom son dövrlərdə daha da şiddətlənib və xroniki hala keçib.

Ölkəmizdə yaltaqlıq üzrə sanki bir çempionat başlayıb- insanlar sıraya düzülüb, kim birinci və daha çox, həm də daha “layiqli” yaltaqlıq edəcək. Bunu primitiv şəkildə edənlər daha çoxdur, amma peşəkar mütəxəssislər də az deyil. Bunun üçün xüsusi istedad, ağıllı beyin, elm, zəka, idrak, təfəkkür, daxili yaradıcılıq kimi xüsusiyyətlər tələb olunur. Bunu bacarmaq akademik olmaq kimi bir şeydir.

Bir neçə ay əvvəl qələm yoldaşlarımla rayonlardan birində bir yas məclisinə təşrif aparmışdıq. Mağarda bizi qarşılayan adam xarici görkəmimizə baxaraq nədənsə bizi vəzifəli şəxslər zənn etdi və yuxarı başa- mollanın böyür-başındakı “şərəfli” yerlərə dəvət etdi. Biz də ədəb-ərkanla oturub çayımızı içməyə və mollanın qorxulu nağıllarını və saxta hədislərini dinləməklə feyziyab olmağa başladıq.

Bir azdan mağarın qarşısında bir canlanma müşahidə olundu, hamı özünü yığışdırdı, məclisə yekəqarın, qalstuklu bir dəstə daxil oldu. Mağarın girişinə yaxın və orta yerlərdə boş yerlər çox olmağına baxmayaraq baş tərəfə doğru irəliləməyə başladılar. Yanlarında və arxalarında isə yas sahibləri və məclisə qulluq edən adamlar quyruq bulayırdı.

Onlardan qabaqda gələn biri yüyürüb bizə yaxınlaşdı və pıçıltı ilə dedi ki, zəhmət olmasa siz bir az bu tərəfə (əli ilə mağarın giriş tərəfini göstərdi) keçin, müəllimlər burda otursunlar. Vicdan haqqı əvvəl elə bildim ki, bunlar həqiqi müəllimlərdir, o saat yerimdən qalxıb “problem yoxdur” demişdim ki, yanımdakı həmkarın ətəyimdən çəkib dedi- əşşi bir otur görək!

Bəndəniz müəllim ailəsində tərbiyə aldığından və müəllimləri dünyada ən şərəfli insanlar saydığından belə hərəkətdə bulunmuşdu. Ürəyimdə düşündüm ki, bir buna bax, adını jurnalist qoyub, xalqa qəzetdə tərbiyə verməyə çalışır, amma müəllimlərə hörmət etmir.

Mən bu fikirdə ikən, həmkarım qulluqçudan soruşdu- qardaş soruşmaq ayıb olmasın, bunlar nə müəllimləridir elə? Qulluq edən təşvişlə əyilib qulağımıza dedi- ay yerli, bunlar vəzifəli adamlardır- biri rayon maliyyə şöbəsinin rəisidir, o biri bələdiyyə sədridir, o yanındakı da icra başçısının müavinidir. Siz allah, onlara yer eləyin burda otursunlar.

Həmkarım “hörmətli” qonaqlar da eşitsin deyə bir az ucadan- qardaş bunlar balaca müəllimlərdir, biz özümüz professoruq, bax bu cavan oğlan (məni göstərir) elmlər doktorudur, yazıb-pozmaqdan beli əyri qalıb, biz irayon səviyyəsində məsələlərlə yox, qlobal səviyyədə problemlərlə məşğuluq, koroçe biz heç yerə keçəsi deyilik, elə bura rahatdır, mollanın qızıl kimi nağıllarına qulaq asırıq burda- demədimi??!

Bunu eşidən vəzifəli qonaqlar qapqara qaraldılar, keçib bizdən bir az aşağıda oturdular. Özlərini təhqir olunmuş hesab edirdilər, amma məyus olmağa heç bir əsas yox idi. Görəydiniz məclis əsli, qulluq edənlər onların böyür-başında nə tozanaq qaldırmışdılar. Biri ordan baş əyir, biri burdan salam verir, digəri ay uşaq tez ordan filan şey də gətir müəllimlərə deyə qışqırır, bir ayrısı yaxınlaşıb “müəllim ayrı bir şey lazımdırsa təşkil edək” deyə soruşur.

Nə başınızı ağrıdım, biz onlardan 15 dəqiqə tez gəlməyimizə baxmayaraq onlara bizdən tez ehsan verdilər. Üstəlik, yazmaq ayıb olmasın, onların stolunda menyuda olmayan bir-iki nemət də bulundurulmuşdu.

Bayırda isə, tozanaq davam edirdi, tez-tez gənclər məclisə girib “filan maşının sahibi kimdir” deyə soruşur, ondan maşını başqa yerə çəkməyi xahiş edirdi ki, müəllimlərin bahalı avtomobillərini mağara yaxınlaşdırsınlar, bu cənablar mağardan çıxanda birdən maşına qədər 12 metr piyada gedərlər, ayaqqabılarının altı toz olar.

Əyani vəsait-2

Xülasə, bizdə iş yerində müdirə, məclisdə vəzifəli şəxsə, tədbirdə tanınmış adama, kitabda-qəzetdə-internetdə nüfuzlu insana yaltaqlanmaq adi haldır. Bunda yaltaqlıq edilən şəxslərin də böyük rolu var- onlar həmin şəxslərin “əziyyətini” necə lazımdırsa qiymətləndirirlər.

Məndən sizə amanat- həyatda və işdə uğur qazanmaq istəyirsinizsə, mütləq rəhbər şəxslərə yaltaqlanın, qonşuda, qohumda, dostların içində kimlərin pulu-vəzifəsi varsa, ona quyruq bulayın. Kasıb qohumunuz öləndə siyahiya 10 manat yazdırın, amma varlı qohumunuz öləndə 100 manat. Məclisdə varlı qohumunuzu yuxarı başa keçirin, kasıbı qapının ağzına oturdun. Ayıbdır, yaxşı düşməz.

Xülasə, boş-boş seriallara baxmaqdansa, bu elmi dərindən öyrənin, peşman olmazsınız. Siz mən deyənləri eləyin, əgər vəziyyətiniz əvvəlkindən xeyli yaxşı olmasa, bu mən, o da siz, gəlin itin abrını verin mənə. Etiraz eləyən yaltaqdır… pardon, namərddir.

Elçin Bayramlı

Hər gün yalan danışın

Uzun zamandır ki, hamı gileylənir ki, bəs zəmanə korlanıbdır, cəmiyyətdə mənfi xüsusiyyətlər bərqərar olubdur, yalançılıq əsas qabiliyyət sırasına gəlibdir, heç kimə inanmaq olmur. Doğru buyururlar, həqiqət budur ki, xalqımız son dövrlərdə yeni azara mübtəla olubdur- yalançılıq azarına. Gecə-gündüz bu məmləkətdə hamı bir-birini aldadır. Bazarda, məktəbdə, nəqliyyatda, idarədə, zavodda, televiziyada, qəzetdə, lap elə parlamentdə…

Bazarda 1 kq əvəzinə sənə 700 qram meyvə çəkən alverçidən inciməyə dəyməz, axı o yetim də ona-buna haqq verəndən sonra özünə 5-10 qəpik çörək pulu qalmalıdır. Ya da “yumurtanı təzə gətirmişəm öz həyətimdən” deyən arvada inanıb evdə köhnə lax yumurtanı yeyə bilməyəndə ona söyməli deyilsən ki? Adamın çörəyi yalandan çıxır.

Yainki, bir yeməkxanada oturub yemək yeyirsən, şotda sənə xeyli kələk gəlir, and-aman edir ki, dədə balasi, bəs biz halal məhsul alırıq, ona görə də bahadır. İndi neyləmək olar, gərəkdir ki, bu yalanı udasan, yediyin texniki palma yağında GMO ərzaqdan bişirilmiş «halal» yeməyi geri qaytara bilməzsən ki?

Ya da ki, əliyandıma düşmüsən, maaşa da hələ bir kaç gün qalmışdır, bir dostundan 5 günlüyə allı manat borc istəyirsən, deyir ki, sən öl, özüm ölüm, Quran haqqı yoxumdur.  Amma sabah eşidirsən ki, sağlığına qismət olsun özünə bahalı maşın alıbdır. Haindi yalan deyir deyə vurub onu öldürəkmi?

Və ya tutaq ki, bankdan kreditlə bir miqdar pul tədarük etmisən, istəyirsən ki gedib bazardan bir köhnə maşın alıb çax-çux eləyəsən ki, balalar ac qalmasın. Orada bir ağdamlı qaqamız da sənə and içib aman eləyibdir ki, seyid nə bilim kim ağanın (adı yadımdan çıxdı dar macalda) cəddi haqqı top kimidi, çörəkli maşındı, səhər 6 min təklif elədilər vermədim, 5 ver apar əlini qulağının dibinə qoy sür. Bir neçə gün sonra maşının hər yeri tökülüb itəndə gedib ona nə deyəcəksən ki? Adama deməzmi ki, qaqa, yadına gəlirmi, o irəli bazarda səndən 1 meşok kartof aldım, and içdin ki 30 kilodur, evə gətirəndə çəkdim gördüm 23 kilodur. Arvad itin abrını verdi mənə, rəzil elədi. Mən gəlib sənə bir söz dedimmi? Bə hamımız bir-birinizlə dolanırıq dana. Nağarmalıyıq?

Bu cür hadisələr məmləkətimizin hər vilayətində vaqe olur. Məsələn, “Balam ölsün yalan deyirəmsə, öz inəyimin südüdür” deyən novxanılı arvadın həyətində stolovoy zibilləri ilə qidalanan cəmi bir inəyi var, amma butun Sumqayıta süd, qatıq satır. İncəfara, onun süd, qatığı yaman yağlı olur. Bunun özü də bir əziyyətdir, get zibillikdən sellofan paketləri, plastik butulkaları yığ, sonra onu gətir ərit südə qat. Bəli, bu tam bir əziyyətdir.

Düzdü, bu əməli ilə başqalarının körpə uşaqlarını zəhərləyib sağalmaz bəlalara giriftar eləyir, amma bu arvad cənnətə düşəcəyinə əmindir. Deyir ki, mən namaz qılıram, Məşhədə, Həccə getmişəm, kasıb-kusuba əl tuturam, məsələn, bəzən onlara nisyə süd də verirəm.

Bibinin dediyinə görə, o dünyada bunu məhkəmə qarşısına çıxaranda ki, bəs sən xalqı niyə zəhərləyirdin, o da kəmali-ədəblə cavab ərz edəcək ki, bəs mən neyləməliydim, 180 manat pensiyanın 80 manatını kommunal xərclərə, 100 manatını da həkimlərə, dərmanlara verib özüm acından öləydimmi? Bu yerdə ədalət məhkəməsinin boğazı quruyacaq, axı ilahi qanunlara görə də hər bəndənin özünü müdafiə etmək, kürreyi-ərzdə yaşamaq hüququ vardır. Beləliklə, də bu arvadı məcbur cənnətə salacaqlar.

Yainki, götürək bir həkimi. Ağır bir azara mübtəla olub çarə üçün yanına gələnlərə düzgün müalicə yazsa, «ağrın alem verdiyin 20 manat şirinliyi halal elə» deyib ondan rüşvət almasa necə dolanar, lap acından ölər ki? Sən özün ol, bir dərman firmasının nümayəndəsi gəlib sənə desə ki, həmşərim, bəs xəstələrə filan dərmanları yazsan, hər birində filan qədəri sənindir, üstəlik hər yay səni xaricə sanatoriyaya göndərəcəyik, neyləyərsən? Necə? Razı olmazsan?! Get özünə ala! Biz hərif zad deyilik.

Məgər sənin uşaqların iqruşka əvəzinə inək peyini ilə oynayır, yainki, arvadın toya qoyun dərisi geyib gedir, bəlkə sən yemək əvəzinə havayla dolanırsan? Keçməz, qaqaş! 200-300 manatla sən vicdanını qoruya bilməzsən! Qorusan da külfətin acından ortalıqda ölər, camaat sənin cəmdəyinə tüpürər!

Uzun sözün qısası, bu bəla, yəni yalançılıq azarı yoluxucu xəstəlik kimi əksər vətəndaşlarımızı giriftar edibdir. Hətta, adam bir gün yalan danışmayanda özünü birtəhər hiss eləyir, elə bil ki, boynuyoğun bir gədə səni öz yalan danışmaqla tikdirdiyi imarətində eşşək kimi işlədib, axırda da pulunu verməyib.

Beləliklə, aşikar olur ki, məmləkətimizdə məmə yeyəndən pərə deyə hamı yalan danışır. Bir para adamlar deyirlər ki, burda obyektiv səbəblər də vardır. Yəni, bütün bunlar gərdişi-dövrani-kəcrəftarın nəticəsidir. Nöşün ki, indi əvvəlki zamana deyildir, adamların çörəyi daşdan çıxır. Ona görə də yalançıları qınamaq müstəhəb deyildir.

Əmma mən bu kimi söhbətlərə heç inanmam. Nədən ki, əvvələn, dünyada kasıblıq çəkən, müxtəlif növ bəlalara mübtəla olan şəxslər təkcə haman bu şəxslər deyil ki, bəs o qeyri millətlərdən olan fəqir-füqəra niyə belə həngamədən çıxmır?

Saniyən, elə hesab edək ki, bu cəmaətin müəyyən bir hissəsinin başqa yolu yoxdur, bu binəvalar məcburən bu cinayətlərdə bulunurlar, o tövrdə bəs bir para rüşvətxor məmurlar, naməlum yollarla sərvət sahibi olan zəngin biznesmenlər, lap elə yataq paltarında efirə çıxan yarılçılpaq müğənnilər niyə xalqa yalan danışırlar? Məgər onların da balaları evdə acından ölür?

Salisən, bütün günü yalandan özünü, malını, bədənini tərif edən kəslərin bunda məqsədi nədən ibarətdir ki? Axı onların, Hacı Qaranın sözü olmasın, bir qara qəpiyə dəymədiyini özləri də daxil hər kəs bilir.

Müxtəsər, bu bəhanələr heç də məntiq və insanlıq elminə müğayir deyildir, nədən ki, bir çox vicdanlı şəxslər var ki, öz halal qazancları ilə yaşayır, hər nə qədər yoxsul olsa da vicdanını itirmir, yalan danışmır, onlar ölürlərmi?

Ol səbəbdən də mən bir para şəxslərin belə əməllərə haqq qazandırmasına müzayiqə edə bilmənəm.

Burda məsələ başqadır. İndi mən deyim sən qulaq as! Bu xalqın içində ki, kimi dindirirsən deyir ki, mən Allah adamıyam ha, o saat bil ki yalan deyir. Belələri digərlərindən daha çox başqalarını aldadır, badalaq vurur, oğurluq edir, haram yeyir, qonşusu ac ikən yumşaq yorğan döşəkdə kababla doldurduğu qarnını sığallaya-sığallaya yatır ki, səhər durub orda-burda mənafeyi-millətdən, əxlaqi-insaniyyətdən dəm vursunlar.

Əşi, qorxmayın, nə axirət məhkəməsi var, nə də bizdə yalan danışmağa görə kimisə qazamata salmırlar. 5 günlük dünyadır, yeyin-için kef eləyin. Şəxsən bəndəniz belə eləyir, hər gün yalan danışıram. Məsəlçün, o gün bir məclisdə yalandan durub cəmaətimizin yalnız müsbət xüsusiyyətlərə malik olduğuna dair mükəmməl bir nitq irad eləmişəm. Nağayrım, bəlkə durub orda həqiqəti deyim adamlar əlinə keçən qab-qaşığı başımı vursun? Xeyr canqardaş, keçəl suya getməz. Elə bu yazını da yalandan yazdım. Burda dediklərim bizim cəmiyyətdə olmur atam qərdeşim, ağzım… pardon, yəni, əlim öyrəşib deyə yalan yazdım. Ona görə də bəndeyi-həqirinizin günahından keçin.

Elçin Bayramlı