Elçin Bayramlı: “Bir qüvvə virusun yayılmasına çalışır, digəri qarşısını almağa”
İctimai nəqliyyatda vəziyyət son dərəcə acınacaqlıdır. Belə çıxır ki, metronun bağlanmasını təşkil edən və bu vəziyyətdə avobusların sayının artırmaq əvəzinə azaldan qüvvələr virusun sürətlə yayılmasını istəyirlər”.
Bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı avtobuslarda yaranan sıxlığı və metroların hələ də açılmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Bir çox iş yerlərinin və məktəblərin açılması nəticəsində son günlər avtobuslarda sıxlıq son həddə çatıb. Taksilərin də qiyməti 50 faizə qədər artıb. Bakı Metropoliteninin işləməməsi də, xüsusən günün pik saatlarında avtobuslarda sıxlığın yaranmasına səbəb olur.
Metronun hələ də açılmaması pandemik vəziyyətə necə təsir edir? Metrodakı yoluxma təhlükəsi avtobusdakı təhlükəylə müqayisədə nə qədər böyükdür ki, Operativ Qərargah metronu hələ də bağlı saxlayır? Ən əsası isə hazırda metronun bağlı qalması yoluxma təhlükəsini azaldırmı?
Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.
Sosial vəziyyətin ağırlaşması və taksi qiymətlərinin bahalaşması taksidən istifadə edənlərin sayınını azaldığını bildirən sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, hazırda bu üzdın icgimai nəqliyyatda acınacaqlı vəziyyət yaranıb:
“İctimai nəqliyyatda vəziyyət son dərəcə acınacaqlıdır. Virusun sürətlə yayılması və ölkəni fəlakətə düçar etməsi üçün bundan ideal vəziyyət təşkil etmək mümkün deyil. Milyonlarla sərnişin hər gün bir-birinə yapışıq, havasız yerdə gedir. Belə çıxır ki, metronun bağlanmasını təşkil edən və bu vəziyyətdə avobusların sayının artırmaq əvəzinə azaldan qüvvələr virusun sürətlə yayılmasını istəyirlər. Bunun başqa izahı yoxdur və ola da bilməz.
Sosial vəziyyətin ağırlaşması və taksi qiymətlərinin bahalaşması taksidən istifadə edənlərin sayını da azaldıb. Nəticədə, acınacaqlı vəziyyət yaranıb. Belə görünür ki, ölkədə 2 qüvvə arasında mübarizə gedir- bir qüvvə (əks-effektli qərarlar verən və metronu bağlayıb avtobuslarda sıxlıq yaradan Operativ Qərargah və bu vəziyyətdə avtobusların sayını azaldan BNA) virusun yayılmasına və ölkənin çökdürülməsinə çalışır. Digəri isə (Səhiyyə Nazirliyi və TƏBİB) virusun qarşısının almağa və ölkəni fəlakətdən xilas etməyə çalışır. Görək kim qalib gələcək”.
Elçin Bayramlı: “Bahalaşma davam edəcək, əhalinin vəziyyəti ağırlaşa bilər”
Son illərdə Azərbaycanda əhali gəlirlərinin azalması fonunda qiymətlərin artımı və cərimələrin artırılması müşahidə edilir.
Ötən ilin dekabrında sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr iki dəfə artırılıb. Bu ilin yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 11 faiz, dizelin 1 litrinin qiyməti isə 33 faiz artırılıb. Fevralın 1-dən isə içməli suyun qiyməti 2 dəfə artırıldı.
Pandemiya vəziyyətinə görə əhali təbəqələrinin gəlirlərinin daha da azalmasının müşahidə olunduğu vaxtda tariflərin artması nəticəsində malların və xidmətlərin qiyməti sürətlə bahalaşdı, sosial rifahın səviyyəsi aşağı düşdü.
Xatırladaq ki, sahibkarlar cərimələrin silinməsi üçün hökumətə müraciət edib. Onların müraciətində qeyd edilib ki, pandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından müəssisələrə külli miqdarda cərimələr yazılıb.
Sosioloq Elçin Bayramlı bildirib ki, əhalinin sosial vəziyyəti getdikcə ağırlaşır: “Bir ildir pandemiya ilə bağlı milyonlarla insan işsiz qalıb, gəliri dayanıb və ya azalıb. Üstəlik də, bahalaşma gedir, inflyasiya sürətlənir ki, bu da aztəminatlı və işsiz əhalinin vəziyyətini daha da çətinləşdirir. Belə bir vəziyyətdə insanlara maskanı burnundan aşağı salıb nəfəs almağa görə minimum əməkhaqqı məbləğində ağır cərimələr yazmaq ədalətsizlikdir. Onsuz da sosial narazılıq pik həddə çatıb. Ölkədə yaşayış minimum təqribən 200 manatdır (196 manat). Bu o deməkdir ki, 5 nəfərlik orta statistik ailənin aylıq gəliri minimum 1000 manat olmalıdır. Lakin ailələrin 80 faizindən çoxunda aylıq gəlir 1000 manatdan azdır, bir çoxunda hətta 500-dən az. Bu o deməkdir ki, bu insanlar faktiki olaraq acından ölməlidirlər, çünki adambaşına yaşamaq üçün 200 manatdırsa və sənə 100 manat və daha az düşürsə, bu artıq mövcudluğun qorunub saxlanılmasına da kifayət etmir”.
E.Bayramlı təklif edir ki, hökumət sosial müdafiəni gücləndirməli, maaş və pensiyaların artmasını təmin etməli, bahalaşmanın qarşısını almalı, vergi və rüsumları aşağı salmalı, cərimələri dayandırmalı, yeni iş yerlərinin yaradılmasını təmin etməli və pandemiyaya görə qadağan olunan obyektlərin fəaliyyətini bərpa etməlidir: “Yanacağın və suyun bahalaşması dolayı yolla bütün sahələrə təsir göstərir və bahalaşma davam edəcək. Bu şəraitdə əhalinin vəziyyəti daha da ağırlaşa bilər. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Bu qədər maliyyə yoxdur deməsinlər. Var, özü də artıqlaması ilə. Bunun üçün maliyyə imkanları lazım olduğundan on dəfələrlə çoxdur. Bizim 50 milyarddan artıq strateji ehtiyatlarımız var, bəs onlar nə günlər üçün yığılıb? Həmin vəsaitlərdən istifadə edilməlidir.
Əgər pula qənaət etmək lazımdırsa, yarım milyardlıq 7 ulduzlu idarə binaları tikməyi və bəzək düzək işlərinə milyardlarla pul xərcləməyi dayandırsınlar. Vəsaitlər sosial müdafiəyə və real iqtisadiyyata qoyulmalıdır. Özünüməşğulluq proqramının əhatə dairəsi və maliyyə bazası on dəfələrlə artırılmalıdır. Beləliklə, insanlar özlərinə iş və gəlir təmin edər, məhsul istehsal edər, xidmət göstərər, məşğulluq problemi aradan qalxar, ölkədə iqtisadi aktivlik və pul dövriyyəsi artar, sosial vəziyyət yaxşılaşar. Paralel olaraq, ÜDM və büdcə gəlirləri də artar, idxaldan asılılıq, ölkədən valyuta çıxışı və müvafiq olaraq dövlətin sosial xərcləri azalar və s. Göründüyü kimi, vəziyyəti qəfil və effektli şəkildə yaxşılaşdırmaq üçün çox asan yol var. Hökumət bunu etməlidir. Etməsə çox ciddi problemlər yaranacaq”.
İqtisadçı-ekspert Toğrul Vəliyev bildirib ki, əhali gəlirlərinin azaldığı nəzərə alınaraq cərimələrdə güzəştlər edilməlidir: “Cərimələr praktik olmalıdır. Yəni cərimədə əsas məqsəd cəza deyil, əksinə profilaktikadır, qaydalara əməl etmək üçün stimullaşdırmaqdır. Təəssüf ki ölkəmizdə cərimələr cəza mexanizmi kimi istifadə olunur. İnsanların və şirkətlərin cərimələnməsi ilə bağlı müəyyən güzəştlər edilə bilər.
İnsanların gəlirləri azalıb. Ünvanlı sosial yardım alan və ya 190 manat birdəfəlik ödəmə alan şəxs cərimələnibsə, hər bir halda həmin şəxsə kompensasiya verilməlidir. Bunun üçün sosial siyasət dəyişməlidir”.
Ekspert bildirib ki, sahibklara da güzəştlər edilməlidir, vergi siyasəti biznes üçün təşviqedici xarakter daşımalıdır.
Elçin Bayramlı: “Xaricdəki 50 milyardın bir hissəsi ölkəyə gətirilməldir. Əlavə gəlirlər də sosial müdafiəyə və Qarabağın bərpasına yönəldilməlidir”
Neft qiymətlərinin bu il yenidən artacağı gözlənilir. Çünki yoluxmanın azalması, peyvənd olunanların sayının artması ilə əlaqədar xəbərlərin yayılması ümidverici gözləntilər qlobal neft bazarları iştirakçılarına da müsbət impulslar ötürür. Sənaye sahəsindəki hərəkətlənmələr, iqtisadiyyatın nisbətən canlanması neft bazarına da müsbət təsir göstərir.
Doğrudur, hələlik Beynəlxalq Enerji Agentliyi (IEA) COVID-19 mutasiyalarının yayılma ehtimalını nəzərə alaraq, ilin ilk rübü üzrə neft tələbi proqnozlarını səsləndirməkdə səbrli davranır. Lakin qlobal neft tələbinin pandemiya səbəbilə itirdiyi həcmin 60%-ni geri qazanacağı və bu il keçən illə müqayisədə sutkada təxminən 5,4 milyon barrel (6%) artımla gündəlik 96 milyon 440 min barrel səviyyəsinə çatacağı təxmin edilir.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, qlobal neft təklifi, keçən ay dekabr ayı ilə müqayisədə sutkada təxminən 580 min barrel artımla gündəlik 93 milyon 630 min barrel olub.
Bu rəqəm, 2020-ci ilin aprel ayından bu yana ən yüksək səviyyədir. Təbii ki, bazarda neftə tələbat artdıqca qiymət artımı da gözləniləndir.
Maraqlıdır, neft ölkəsi olan Azərbaycan qiymət artımından qazanacağı vəsaiti hansı sahələrə sərf edəcək?
«Altay» Sosial İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya deyib ki, nefdən gələn əlavə gəlir sosial sahəyə və daxili istehsalın inkişafına yönəldilməlidir:
“Büdcədə bir barel neftin qiyməti 40 dollar müəyyənləşdirilib. Bu da o deməkdir ki, biz təxminən 50 faiz artıq gəlir əldə edirik. Bunun özü çox böyük göstəricidir. Pandemiyanın səngiməsi ilə əlaqədar bir sıra ölkələrdə, xüsusən də Çində neftə tələbat artır. Yəni neftin qiyməti qalxacaq. Proqnozlar neftin bir barelinin 70 dollaradək bahalaşacağını göstərir.
Üstəlik də Amerikada Bayden hakimiyyətədə gələndən sonra yürütdüyü siyasət neftin bahalaşmasını şərtləndirir. İndi məsələ bizim neftin bahalaşmasından sonra əldə etdiyimiz əlavə gəlirləri necə istifadə etməyimizdir. İlk növbədə sosial müdafiəyə vəsait ayrılmalıdır. Çünki bahalaşma gedir, əhalinin gəlirləri azalır və pandemiya ilə bağlı əhali çox ciddi zərər çəkib.
Yəni, faktiki inflyasiya gedir. İkincisi isə Qarabağda quruculuq proseslərinə vəsait yönəldilməlidir. Çünki orada böyük iş yerləri açmağa şərait var. Əgər bu ərazilərə investisiyalar yönəldilər və iş yerləri açılarsa, o zaman cəmiyyətin də sosial rifahı qaydasına düşər. Bu quruculuq işləri zamanı azad olunmuş ərazilərdə qalan evləri müəyyən qədər təmir edib, əhalinin bir qismini hələlik də olsa, o ərazilərə köçürmək lazımdır.
Büdcə gəlirləri buna tam şəkildə çatmaz. Paralel olaraq, hökumət investisiya imkanlarından da istifadə etməlidir. Xarici investorlar da bu işlərə cəlb edilməlidir”.
E.Bayramlı hesab edir ki, əlavə gəlirləri bahalı bina tikintisinə və vacib olmayan digər sahələrə xərcləyənlər bu işlərini iki il təxirə salsalar, daha yaxşı olar:
“Qaldı neftdən gələn nəzərdə tutulandan əlavə gəlirlərin büdcəyə transfertinə, bu pullar mənasız şeylərə xərclənməməlidir. Pandemiya dövründə 480 milyonluq binalar tikdirmək eşqinə düşənlər bu gəliri havaya sovurmamalıdır.
Heç olmasa, qarşıdakı iki il ərzində bu bahalı binaların, 7 ulduzlu otellərin tikintisi, bəzək- düzək işləri dayandırılmalıdır. Bu, həm pandemiyadan çıxışımız üçün lazımdır, həm də işğaldan azad olunmuş Qarabağda nəhəng infrastruktur işləri görülür, həmin işlərə sərf olunmalıdır. Hökumət bu dəfə çalışmalıdır ki, daha az lazımlı olan istiqamətlərdə xərcləri azaldıb, bu iki ildə əlavə vəsaitləri sosial sahəyə və Qarabağda quruculuq işlərinə, əhalinin oraya köçürülməsinə sərf etsin”.
Ekspert deyir ki, bundan başqa dövlət aqrar sektorun inkişafı üçün xüsusi subsidiyalar ayıra bilər:
“Çünki aqrar sektorumuz sıradan çıxır. Kiçik və orta sahibkarlıq real şəkildə inkişaf etdirilməli, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilməlidir. Bizim vəsaitimiz və bütün imkanlarımız olduğu halda Dünya Bankı gəlib burada özünüməşğulluq proqramları təşkil edir. Bu, bizə yaxşı imic qazandırmır. Axı bizim xaricdə 50 milyardlıq strateji ehtiyatlarımız var və 1 faiz gəlirlə orada yatır.
Bəzən dünyada baş verən məzənnə dəyişikliyi ilə bağlı bu 1 faizi də əldə edə bilmirik. Əgər həmin vəsaitin bir hissəsi yerli iqtisadiyyatın dirçəldilməsinə sərf edilsəydi, 1 yox, 5 faiz gəlir gətirərdi. Nəticədə yerli iqtisadiyyat güclənər, idxaldan asılılığımız azalar, gəlirlər artar və s. Bunun 20-dən çox müsbət tərəflərini saymaq olar. Demirəm ki, 50 milyardın hamısı ölkəyə gətirilsin.
Təbii ki, ölkənin müəyyən qədər strateji ehtiyatı olmalıdır. Amma 50 milyarddan bir neçə milyard gətirib iqtisadiyyata qoymaq olar. Biz xammal satıcısından istehsalçıya çevrilərik. Qarabağın özündə tekstil sənayesinin qurulması üçün kifayət qədər imkanlar mövcuddur. Eyni zamanda, oranın ərzaq sənayesi üçün də imkanları genişdir. Dünyada vəziyyət getdikcə gərginləşir”.
Ekspert qeyd edib ki, əgər pandemiyanın növbəti dalğası ilə əlaqədar əlaqələr kəsilərsə, ölkəmiz çox çətin vəziyyətə düşəcək:
“Çünki yerli istehsal yoxdur. Diş çöpünü belə xaricdən idxal edirik. Deməli, hökumət bu vəsaiti real iqtisadiyyata yönəltməldir. İndi 500 milyona bina tikmək vaxtı deyil. On görə də hökumət gəlirlərlə xərclədiyi vəsait haqqında hesabat verməlidir ki, nə qədər gəlir gəlib, nəyə xərclənib və hansı nəticə əldə edilib. Heç olmasa əlavə gəlirləri istehsal sahələrinə, iş yerlərinin yaradılmasına yönəltmək lazımdır.
İllərdir ki, bu məsələ danışılsa da, heç bir nəticəsi olmur. Bu məsələlər Milli Məclisdə də qaldırılmalıdır. Əgər hər kəsin işi olsa, insanların bahalaşma ilə bağlı narazılığı da olmaz. Əgər neftin qiyməti artırsa, bu, daşınma xərclərinə də sözsüz təsir edir. Nəticədə idxal məhsulları bahalaşır. Bu da son nəticədə əhalinin üzərində qalır. İmkan verilsin ki, xaricdən istehsal dəzgahları gətirilsin. Gömrük orqanları bu məhsullara problem yaratmasın. Həmin avadanlığın sorğusuz-sualsız ölkəyə gətirilməsinə şərait yaradılmalıdır. Əgər eyni məhsul ölkədə istehsal olunursa, xaricdən idxal olunan eyni məhsullara əlavə rüsum qoyula bilər. Amma bizdə həmin məhsulların istehsalı yoxdu. Ölkədə sadələşdirilmiş vergi dərəcəsi biabırçı vəziyyətdədir. Məsələn, Bakı ilə hansısa ucqar bir kəndin sadələşdirilmiş vergi dərəcəsi eyni ola bilməz. Əgər şəhərdə 2 faizdirsə, rayon üçün 1 faiz olmalıdır.
Digər tərəfdən, manat güclü olanda da dövriyyə 200 min idi, indi də elədir. Halbuki manat 2 dəfədən çox ucuzlaşıb. Yəni, dövriyyə limiti ikiqat artırılmalıdır ki, sahibkar biznesini inkişaf elədirə bilsin. Əgər bütün bunlar olmasa, bu il bizi ağır vəziyyət gözləyir. Çünki enerji daşıyıcılarının və digər məhsulların qiyməti qalxır, bu da bütün məhsullara təsirsiz ötüşməyəcək.
Elçin Bayramlı: “Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir”
Uzun illərdir müşahidə olununan budur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir. Amma qiymət qalxanda hər kəs qiymət qaldırır…
Sosioloq: “Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir- məsələn aksiz vergiləri kəskin artırılır, gömrük rüsumları artırılır, kommunal xidmətlər bahalaşır, yanacağın qiyməti qaldırır ki, bu da mal və xidmətlərin bahalaşmasını şərtləndirir”
“Kəndlilər, kiçik təsərrüfatı olanlar Bakıdakı bazarlara buraxılmır. Alverçilər və dəllallar tərəfindən məshul onlardan ucuz qiymətə alınır, 3 qat baha qiymətə istehlakçılara satılır”.
Bu sözləri sosioloq Elçin Bayramlı ərzaq bazarında müşahidə olunan qiymət artımların səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Son günlər ərzaq bazarında qiymət artımı müşahidə olunur. Hazırda topdansatış bazarında kəllə qəndin kiloqramı 20 qəpik, şəkər 10 qəpik, makaron 20 qəpik, qarabaşaq 10 qəpik, duz 5 qəpik, qablaşdırılmış istiot və digər ədviyyatlar 10 qəpik bahalaşıb. 50 kq unun qiyməti 27 manatdan 33 manatadək, 10 kq un 5.50 manatdan 6.10 manatadək artıb. Xırdalan pivələri 11 qəpik bahalaşıb. Gündəlik tələbat mallarından paltar və qab yuyucuların qiymətində 20-50 qəpiyədək artım var. Bundan əlavə, diş məcunları və şampunların qiymətində 15-25 qəpik artım müşahidə edilir. Həmçinin tumlar 10 qəpik bahalaşıb.
Ərzaq mallarının bahalaşması hansı amillərə görə baş verir? Həmçinin uzun illərdir müşahidə olununan budur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir. Amma qiymət qalxanda hər kəs qiymət qaldırır. Bu o deməkdirmi ki, yerli bazarda qiymətlər bir qrup adamın razılığı ilə müəyyən olunur. Bəs bu vəziyyətin qarşısı alınacaqmı?
Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.
Elçin Bayramlı: “Azərbaycanda bəzi sahələr monopoliyadadır və qiymətləri də istədikləri kimi təyin edirlər”
Qida sənayesində bir neçə monopoliyanın olduğuna diqqət çəkən sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, bazarın əhəmiyyətli hissəsinə Azərsun nəzarət edir və bu monopolist şirkət istəyəndə qiyməti qaldırır, keyfiyyəti aşağı salır. Heç kim də bununla bağlı heç nə deyə bilmir:
“Bizdə qiymət tənzimləmə sistemi yoxdur. Həm də kapitalizm sistemində dövlət qiyməti tənzimləmək alətlərinə demək olar ki, malik deyil. Xüsusən də, enerji daşçıyıcılarının, suyun, xammalın qiyməti artırsa istehsalçını qiyməti bahalaşdırmamağa məcbur etmək heç nəzəri cəhətdən də mümkün deyil. Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir- məsələn aksiz vergiləri kəskin artırılır, gömrük rüsumları artırılır, kommunal xidmətlər bahalaşır bu da mal və xidmətlərin bahalaşmasını şərtləndirir.
Lakin əsassız bahalaşma tendensiyaları da çox olur. Bizdə bəzi sahələr monopoliyadadır və qiymətləri də istədikləri kimi təyin edirlər. Heç bir əsas olmadan da istədikləri vaxt qiyməti bahalaşdıra bilirlər. Məsələn siqareti götürək, hər bir neçə aydan bir siqaretlərin qiyməti bahalaşır, amma bunun üçün heç bir əsas yoxdur, nə tütünün qiyməti bahalaşıb, nə də başqa bir şey. Bu sahəyə kim məsuldur bilinmir, jurnalistlər heç kimi tapa bilmirlər ki soruşsunlar. Xüsusən də, yerli tütün fabrikləri çoxaldıqca qiymət bahalaşması absurddur. Eyni məhsullar xaricdən idxal ediləndə daha ucuz olurdu.
Ət bazarında da belədir. Təsəvvür edir hər yerdə ətin qiyməti eynidir. Bu neçə ola bilər? Kimsə qoyulmuş vahid qiymətdən 2 manat ucuz sata bilməz, hansısa qüvvə bunun qarşısını dərhal alır. Bu necə ola bilər? Tutaq ki, bir qəssab hansısa kəndən heyvanı ucuz ala bilər və gətirib 2 manat aşağı qiymətə satmaq istəyər, lakin buna imkan verməzlər.
Elçin Bayramlı: “Siqareti götürək, hər bir neçə aydan bir siqaretlərin qiyməti bahalaşır, amma bunun üçün heç bir əsas yoxdur, nə tütünün qiyməti bahalaşıb, nə də başqa bir şey”
Eləcə də, kəndlilər, kiçik təsərrüfatı olanlar Bakıdakı bazarlara buraxılmır. Alverçilər və dəllallar tərəfindən məshul onlardan ucuz qiymətə alınır, 3 qat qiymətə istehlakçılara satılır. Nəticədə həmin məhsulu əziyyətlə əkib-becərən kəndli uduzur, şəhərdəki alıcı uduzur, yalnız dəllal udur. Bu dəllal mafiyası yığışdırılmasa, bu sahədə də vəziyyət düzəlməyəcək.
Qida sənayesində də bir neçə monopolist mövcuddur. Bazarın əhəmiyyətli hissəsinə Azərsun şirkəti nəzarət edir. Bu şirkət ürəyi istəyi vaxt qiyməti qaldırır, keyfiyyəti aşağı salır. Heç kim də heç nə deyə bilmir. Bu sahədə rəqabət zəifdir deyə, bunun qarşısını almaq olmur.
Məncə bahalaşmanın qarşısını almaq mümkün olmayacaq, çünki hər şey bir-biri ilə əlaqəlidir. İstehsalın maya dəyəri artıbsa, təbii olaraq məhsulun qiyməti də artacaq. Gömrükdəki astrononik rüsumlar və süni maneələr aradan qaldırılmasa, xaricdən 1 manata alınan məhsul burda 5 manata satılacaq.
Ölkə daxilində monopoliyanın qarşısı tam alınmasa, yerli kiçik istehsalçılara maneələr aradan qaldırılmasa qiymətlər baha olacaq.
Elçin Bayramlı: “Hazırda bizdə qiymətlər Avropa səviyyəsindədir, maaşlar isə buna adekvat deyil. Avropadakı orta maaşdan azı 10 dəfə aşağıdır”
Hazırda bizdə qiymətlər Avropa səviyyəsindədir, maaşlar isə buna adekvat deyil. Avropadakı orta maaşdan azı 10 dəfə aşağıdır. Faktiki olaraq, manat dəyərini itirir, inflyasiya rəsmi göstəricidən dəfələrlıə yüksək həddədir.
Hökumət maaş və pensiya siyasətini də buna uyğun aparmalıdır. Əgər qiymətlər Avropa səviyyəsindədirsə, maaşlar da o səviyyədə olmalıdır. Yox əgər maaşlar 5-10 dəfə aşağıdırsa, onda məhsul və xidmətlərin də qiyməti onlardakından 5-10 dəfə aşağı olmalıdır”.
“Abonentlərə qanunsuz borclar yazılır, əhaliyə çirkli su verilir, işçilər istirahət günləri işlədilir, “leviy” su xətlərindən yığılan pullar mənimsənilir, qohumbazlıq və rüşvət baş alıb gedir…”
TvPress.Az internet qəzetinin redaksiyasına Tovuz rayonundan bir qrup vətəndaşın müraciəti daxil olub. Müraciətdə Azərsu ASC-nin Tovuz şəhərində yerləşən 8 nömrəli Regional Su-Kanal İdarəsinin sakinlərin başına açdığı oyunlardan, idarənin öz işçilərinə qarşı apardığı istismar siyasətindən şikayət olunur. Müraciəti təqdim edirik.
“Hörmətli redaksiya. Azərsu-nun 8 nömrəli Regional Su-Kanal İdarəsi Tovuzda yerləşir. Regional idarədə qohumbazlıq pik həddədir. İdarənin rəisi Darvin Hüseynov Aşağı Quşçu kəndindəndir. Bu şəxs, sahələrdə fəhlə işləmiş və heç bir səriştəsi və təcrübəsi, ixtisas təhsili olmayan öz qohumlarını yuxarı vəzifələrə təyin edib. Vaxtilə Tovuz su təsərrüfatını məhv etmiş və əhaliyə əsassız su borcları yazmış bu adamlar regional idarədə şöbə rəisləri təyin olunur. Hansı ki, bu adamlar mənimsəmə və dələduzluğa görə həbs olunmalıdılar.
Şənbə-bazar günləri şöbəsindən asılı olmayaraq bütün işçilər hamısı əhaliyə yazılmış qanınsuz borcları yığmağa məcbur edilir. Halbuki, bu borcları vaxtilə bu sahədə işləmiş şəxslər qanunsuz və əsassız yazıblar, indi də onların yerinə gələn işçilər bu borcu zorla almağa çalışırlar.
Tovuzda su sahəsində vəziyyət getdikcə ağırlaşır. Rəsmi istirahət günləri olan şənbə və bazar günləri işçiləri işə çıxmağa məcbur edirlər, işə çıxmayana məcburi ərizə yazdırıb işdən qovurlar.
Borcu olan abonentlərin suyunu kəsməyən işçiləri incidib töhmətlə qorxudurlar. Aidiyyatı olmayan işçilər pul yığımına cəlb edilir. Məsələn, su və kanalizasiya qəzalarını aradan qaldırmaq sahəsində çalışan işçilər, su pulu yığmağa məcbur edilir.
Əhalinin, abonentlərin başına nə oyunlar açılır, deyiləsi deyil.
Tovuz şəhəri, Düz Qırıqlı, Dönük Qırıqlı, Eyyublu, Aşağı Quşçu, Aşağı və Yuxarı Öysüzlü kəndləri, bir sözlə, su ilə təmin olunan bütün ərazilərdə abonentlərə bilərəkdən əlavə borclar yazılır və məcburən ödədirlər. Əvvəlki dövrdə abonentlərdən su pulunu yığıblar, amma çek verməyiblər, pulu mənimsəyiblər, indi həmin şəxslər işdən çıxıb, yeni işçilər yenidən bütün köhnə ödənişləri tələb edirlər.
İdarənin sahə rəisi Etibar Əhmədov sahəni rüşvət mənbəyinə çevirib. Kanalizasiya şəbəkəsinə qoşulmaq üçün 50 manat, su şəbəkəsinə qoşulmaq üçün isə 100 manat alınır. Halbuki, su-kanal sahəsində bütün bu işlər pulsuz, ödənişsizdir. Kodu olmayan bəzi obyektlərə qanunsuz su xətti verilir və oradan alınan pullar mənimsənilir. Baxımsızlıqdan su kanalizasiya axıntıları yollara axır və beləliklə də asfalt örtüyü də sıradan çıxır, dövlətə xeyli zərər dəyir.
Mənbəyini Ermənistandan götürən, Yuxarı və Aşağı Öysüzlü kəndlərindən keçən, heç bir maya dəyəri olmayan çay suyunu heç bir təmizləmə aparmadan əhaliyə içməli su adıyla kubu 60 qəpiyə satıb, pulunu da zorla camaatdan yığırlar. Şəhərə və kəndlərə verilən su da çox çirkli və çöküntülüdür. Zəyəm çayından çəkilən su kəmərində köhnə, çürümüş borulardan istifadə edildiyindən və su təmizlənmədiyindən evlərə verilən su çox pis vəziyyətdədir.
Bina mənzillərinin və həyət evlərinin su sayğaclarının plombu qəsdən sındırılır və buna görə abonentlərə haqsız cərimələr yazılır.
Təkcə abonentlərdən yox, işçilərdən də zorla pul yığırlar, belə ki, hər ay idarənin işçilərinin maaşlarından 2 fonda (Yaşat Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna) zorla pul tuturlar. Az maaşı olan və bu tutulmaya etiraz edənlər vətən xaini kimi damğası vurularaq işdən kənarlaşdırılır.
Bu məsələləri işıqlandırmanızı xahiş edirik ki, bəlkə bu sahədə biabırçılıqlara, qanunsuzluqlara son qoyula”.
İdarənin rəsmi feysbuk səhifəsində abonentləri maraqlandıran heç bir faydalı məlumat, şikayətlərə cavab və problemlərə izah yoxdur. Amma rəsmi səhifədə idarənin rəsmi adını belə düz yaza bilməyiblər. Azərbaycan dilində sukanal sözü yoxdur. Bu su-kanal yazıla bilər, su və kanal yazıla bilər, amma sukanal yazıla bilməz. Dövlət idarələrinə heç olmasa orta təhsili olan şəxslər işə götürülməlidir, baxça təhsili ilə bu işlər alınmır.
Tovuz rayonundan su təsərrüfatındakı problemlər və qanunsuzluqlar barədə şikayətlər çoxdandır ki var. Lakin Azərsu rəhbərliyi bu problemləri həll etmək və qanunsuzluqları aradan qaldırmaq əvəzinə suyun qiymətinin bahalaşdırılması üçün saxta və əsassız “əsaslar” axtarmaqla və bahalı villa şəhərciyi tikməklə məşğul olduğundan, bu problemlərin qarşısı nəinki alınmayıb, əksinə, getdikcə daha da kəskinləşir. Xüsusən də, mənbəyini Ermənistandan götürən çayların suyunun təmizlənmədən əhaliyə verilməsi çox ciddi təhlükədir. Şikayətçilər su sahəsində digər problemlər barədə də məlumat göndərəcəklərini bildirirlər. Əsasən də, qanunsuz su xətləri barədə. Ümidvarıq ki, yuxarı orqanlar Azərsu-nun insanlarda sosial narazılığı gücləndirən, dövlətə zərər vuran bu fəaliyyəti ilə bağlı ciddi qanuni tədbirlər görəcəklər.
Saytımıza müsahibə verən ekspertlərin və mütəxəssislərin qeyd etdiyi kimi, diaspora sahəsində fəaliyyət heç də ürəkaçan deyil. Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən vəsait ayrılsa da o vəsaitlər bəzən aidiyyəti üzrə xərclənmir, bəzən isə bəhrəsi görünməz olur.
Bu bizim gəldiyimiz qənaət deyil, bu, istər müharibə dövründə, istərsə də müharibədən əvvəl və sonra xaricdə dövlət maraqlarımızın, xalqımızın mənafeyi üçün aktiv fəaliyyət göstərən həmyerlilərimizin səsləndirdiyi fikirlərdir.
TvPress.Az internet qəzetinin baş redaktoru Elçin Bayramlı da bu fikirdədir. O Correct.az-a açıqlamasında qeyd edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan pullar dayandırmalı və daha səmərəli istiqamətlərə yönləndirilməlidir:
“Bu sahədə vəziyyət biabırçılıqdır, diasporaya ayrılan vəsaitləri dayandırmaq lazımdır”
Elçin Bayramlı
“Bu sahədə vəziyyət biabırçılıqdır. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çox zəif və effektsizdir. Müharibə vaxtı da, ondan əvvəl də, sonra aydın göründü ki, bizim diasporamız yox səviyyəsindədir. Əlbəttə, bir neçə təşkilatı istisna etmək şərtilə. Mən müharibə dövründə çox izlədim, araşdırdım, lakin xarici ölkələrdəki diaspora təşkilatlarımız, Azərbaycan cəmiyyətləri demək olar ki, heç bir iş görmədilər.
Erməni təşkilatları isə dünyanın bütün şəhərlərində aksiyalar keçirir, mediaya çıxır, beynəlxalq təşkilatların, qalmaqal salır, böyük dövlətlərin qarşısında tələblər qoyurdular. Yəni, bizim diasporumuz informasiya müharibəsində demək olar ki roy oynamadı. Əgər müharibə vəziyyətində, ən lazımlı məqamda diaspora fəaliyyəti koordinasiya olunmayacaqsa, bütün güclərini səfərbər edib real nəticə ortaya qoymayacaqsa onlara bu külli miqdarda vəsaitlər nə üçün lazımdır, niyə bu qədər vəsait ayrılır?
Biz informasiya və təbliğat müharibəsində prezidentimizin və beynəlxalq dilləri bilən bəzi vətəndaşlarımızın sayəsində qalib gəldik. Burada əlbəttə dediyim kimi, bir neçə təşkilatı istisna etmək olar, onların zəhmətini yerə vurmaq olmaz, lakin bu heç 5 faiz də təşkil etmirdi. Halbuki, Ermənistandan fərqli olaraq bizim diaspor təşkilatlarımıza həm dövlət, həm də qeyri-dövlət xətti ilə mütamadi maliyyə yardımları göstərilir. Bu pulları rahatca batmış hesab etmək olar. Komitə üçün ayrılan vəsaitləri elə qlobal informasiya resurslarına ayırsaq daha böyük fayda əldə edə bilərdik. Ən kritik məqamda, onların bizə lazım olduğu yeganə halda da heç bir fəaliyyət göstərmədilər.
Təəssüf ki, xaricdəki səfirliklərimiz də arzuolunan fəaliyyət göstərmədilər. Diasporu onlar təşkilatlandırmalı idi, olduqları ölkələrdə tv-lərdə, mediada yer və ya vaxt alıb informasiya və təbliğat müharibəsi aparmalı idilər. Bizə kağız üzərində olan və dövlətə, xalqa heç bir xeyiri dəyməyən komitə lazım deyil.
Sonra da deyirik ki, ermənilər Rusiyada, Avropada, Amerikada niyə üstündürlər. Əlbəttə üstün olacaqlar, çünki orada yaşayan ermənilər birləşir, ümummilli, ümumdövlət maraqları üçün mübarizə aparır, bu yolda öz pullarından, vaxtlarından, əziyyətlərindən keçirlər. Bizim milyarderlərimizə baxın. Görün müharibə vaxtı hansısa beynəlxalq mediada, televiziya vaxt alıb nəsə verdilərmi, ya da hansısa bizim tərəfdən danışan eksperti çıxarıb danışdırdılarmı. İmkanlı ermənilər isə pul xərcləyib iş gördülər. Sonra da deyirik, niyə erməniər tərəfdən danışırlar. Əlbəttə belə olacaq, necə deyərlər, pulunu verən, düdüyü çalır.
Hesab edirəm ki, bu sahəyə pul ayırmağı dayandırmaq lazımdır. Onsuz da faydası yoxdur. Həmin vəsaitləri Qarabağın bərpasına yönəltmək lazımdır. İndiyə qədər xərclənən milyonları itirilmiş hesab etmək olar”.