Açıq havada maska ilə gəzməyin fəsadları — RƏY

Ekspert: “Bu nə deməkdir, açıq havada maska ilə gəzməlisən, özü də burnunu da örtmək şərtilə. Bu birbaşa insan sağlamlığının tam məhv edilməsi deməkdir”.

Ekspertlər və həkimlər hesab edirlər ki, Operativ Qərargahın bu qərarı insanların sağlamlığı üçün birbaşa təhlükə yaradır…

“İnsan oksigenlə nəfəs alaraq yaşayır, oksigen qəbul etmək insanın təməl təbii hüququdur, heç bir qanun və qayda bunu məhdudlaşdıra bilməz”. Bu sözləri sosioloq Elçin Bayramlı açıq havada maska ilə gəzməyin insana ziyanlarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Operativ Qərargahın qərarına əsasən ölkədə maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirildi.

Belə ki, qərara əsasən, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olundu.

Dünən isə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun açıq havada siqaret çəkənlər 100 manat cərimələnəcək açıqlaması yayıldı. Amma sonra xəbər təkzib edildi.

Ekspertlər və həkimlər hesab edirlər ki, Operativ Qərargahın bu qərarı insanların sağlamlığı üçün birbaşa təhkükə yaradır. Çünki normal oksigen qəbul eləmədiyimiz halda bədənimizdə maddələr mübadiləsi pozulur əsas funksiyalar normal fəaliyyət göstərə bilmir. Digər tərəfdən ekspertlər tərəfindən Operativ Qərargahın bu qərarının təməl konstitutsion haqlara zidd olduğunu da vurğulayırlar.

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Son elmi araşdırmalara görə, virusa qarşı qoyulmuş qaydalar, xüsusən də maskada gəzmək və sərt karantin dövründə evdən bayıra çıxmamaqla bağlı Günəş şüası, yəni D vitamini qəbul edilməməsi insan orqanizminə virusdan 100 dəfə çox zərbə vurur”.

Qapalı məkanlarda nəzarət gücləndirilməli, açıq havada isə insanlara problem yaradılmamalı olduğunu düşünən sosioloq Elçin Bayramlı PİA.az-a açıqlamasında qeyd edib ki, insanları televiziya ilə qorxudub müxtəlif xəstəliklərə düçar etmək əvəzinə, onlara immunitetlərini necə möhkəmləndirmək üçün tövsiyyələr verilməlidir:

“Əlbəttə, virusun yayılmaması üçün qaydalara riayət edilməlidir. Lakin qaydaların da bir məntiqi, hüquqi əsası, bir həddi olmalıdır. Bu nə deməkdir, açıq havada maska ilə gəzməlisən, özü də burnunu da örtmək şərtilə. Bu birbaşa insan sağlamlığının tam məhv edilməsi deməkdir. İnsan oksigenlə nəfəs alaraq yaşayır, oksigen qəbul etmək insanın təməl təbii hüququdur, heç bir qanun və qayda bunu məhdudlaşdıra bilməz.

Amerikada aparılan təcrübə göstərdi ki, maska ilə burunu da örtəndə, insan oksigen əvəzinə ağzından çıxan karbon qazını qəbul edir və nəticədə başda ağciyərlər və beyin olmaqla bütün orqanlar və hüceyrələr oksigensiz qalaraq məhv olur. Yalnız qısa müddətə qapalı yerlərdə olarkən bunu etmək olar. Üstəlik, virus asqırarkən, öskürərkən ətrafa yayıla və kiməsə keçə bilər. Burundan nəfəs almaqla kiməsə keçirə bilməzsən. Demək ağızı bağlamaq kifayətdir.

Siqaretə gəldikdə, o, məhz açıq havada çəkilməlidir, qapalı məkanda yox. Bu hüquq da məhdudaşdırıla bilməz. Düzdür, sonra açıqlama verildi ki, insanların sıx toplaşdığı açıq yerlərdə olmaz, açıq yaxında insanların toplaşmadığı yerlərdə havada qadağa yoxdur.

Son elmi araşdırmalara görə, virusa qarşı qoyulmuş qaydalar, xüsusən də maskada gəzmək və sərt karantin dövründə evdən bayıra çıxmamaqla bağlı Günəş şüası, yəni D vitamini qəbul edilməməsi insan orqanizminə virusdan 100 dəfə çox zərbə vurur və müxtəlif təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Amerika və Avropa ölkələrində apaırılmış klinik müşahidələr göstərib ki, təbliğ olunan yüksək qorxu və tətbiq olunan qadağalar nəticəsində yaranmış ağır xəstəliklər çoxalıb və əvvəldən bu xəstəlikləri olanlar arasında ölənlərin sayı artıb.

Elçin Bayramlı: “Covid-19 virusu ölüm səviyyəsinə görə, hazırda dünyada mövcud olan xəstəliklər və viruslar arasında heç ilk 100-lüyə də düşmür”

Bir məqamı da qeyd edim ki, yoluxma sayının artması testlərin yararsızlığı ilə bağlıdır. Aparılan araşdırmalara görə, dünyada tətbiq olunan testlər 70-90 faiz həcmində səhv nəticə verir. Ölənlərin çoxu da, 70 yaşdan yuxarı və ağır xroniki xəstəlikləri olanlardır ki, onlar ən adi səbəblərdən də dünyasını dəyişirlər. 20-50 yaş arasında bu virusdan sağalma göstəricisi 99,98 faizdir. Bu göstərici ilə Covid virusu ölüm səviyyəsinə görə, dünyada xəstəliklər və viruslar arasında heç ilk 100-lüyə də düşmür.

Qısası, qorunma tədbirləri, insan sağlamlığını məhv etməmək, əksinə sağlamlığa fayda verən formada olmalıdır. Hətta, bəzi ölkələrdə, o cümlədən Türkiyənin, Yunanıstan bəzi bölgələrində sağlam və virusa yoluxan insanlara sadəcə, günəş şüası, dəniz vannası qəbul etdirməklə virusa yoluxma minimuma, virusdan ölüm sayı isə sıfıra endirilib. Şimal ölkələrində isə insanlar həb şəklində D vitamini qəbul edir.

Ona görə də, hesab edirəm ki, qapalı məkanlarda nəzarət gücləndirilməli, açıq havada isə insanlara problem yaradılmamalıdır. İnsanları televiziya ilə qorxudub müxtəlif xəstəliklərə düçar etmək əvəzinə, immunitetlərini necə möhkəmləndirmək üçün tövsiyyələr verilməlidir”.

Nərminə Umudlu

http://pia.az/aciq-havada-maska-ile-gezmeyin-fesadlari-operativ-qerargahin-qerari-saglamligimiza-tehluke-yaradirmi-..-375349-xeber.html

Su ehtiyatlarımız da «işğal»dan qurtuldu — RƏY

Elçin Bayramlı: «Qarabağdakı su mənbələrindən istifadə edə bilməməyimiz şəraitində biz də təhlükə altında idik»

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su anbarlarına nəzarətin ələ keçirilməsi, ölkədə olan su çatışmazlığını aradan qaldıra biləcək. Yəni daha əvvəlki illərdə olduğu kimi su problemi yaşanılmayacaq. Ancaq həmin su anbarlarının suyundan istifadə etməkdə tələsmək olmaz. Zamanla su təmizlənməli və istifadəyə yararlı vəziyyətə düşməlidir.

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı «Şərq»ə açıqlamasında vurğulayıb ki, Azərbaycanın su resurslarının çox əhəmiyyətli bir hissəsi, həm təbii çaylar, göllər, həm də süni yaradılmış su anbarları Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində idi. O qeyd edib ki, məhz buna görə də son dövrlər su təchizatında, xüsusilə də suvarmada böyük çətinliklər yaranırdı:

«Lakin ərazilərimizin azad olunmasından sonra bu sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşacaq. Belə ki, təkcə Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan su anbarları çox nəhəng tutuma malikdirlər. Bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içməli su ilə təminatı həll olunacaq. Bundan başqa, təbii çaylar, göllər, yeraltı su hövzələrindən də istifadə olunacaq. Məlum olduğu kimi, ermənilər işğal olunmuş ərazilərdə ekoloji fəlakət törədiblər, bir çox çayların məcrasını dəyişib, onların suyunu borularla kollektorlara və kiçik elektrik stansiyalarına yönəldiblər. Nəticədə, ərazidə quraqlıq və digər ekoloji problemlər yaranıb. Prezidentimizin dediyi kimi, bütün Qarabağ bölgəsi bərpa ediləcək və bu məsələlər də o çərçivədə həll olunacaq».

Elçin Bayramlı diqqətə çatdırıb ki, əsas məsələ ondadır ki, dünyanı su qıtlığı gözləyir:

«Belə bir vəziyyətdə isə su ehtiyatları çox olan ölkələr vəziyyətdən çıxa biləcək. Azərbaycan əhali sayına nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir. Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir”.

«Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşdığı və Qarabağdakı su mənbələrindən istifadə edə bilməməyimiz şəraitində biz də təhlükə altında idik.

Lakin Qarabağın azad olunması bu problemin aradan qaldırılmasını təmin edəcək. İndi bizi, daha doğrusu, «Azərsu»nu və Su-Meliorasiya ASC-ni çox böyük işlər gözləyir. Ümidvaram ki, qısa müddətdə azad olunan ərazilərdə su sisteminin qaydaya salınması, bərpa olunması, yeni su anbarları, su kanalları və su kəmərlərinin çəkilişi kimi işlər həyata keçiriləcək.

Yaxın müddətdə biz ölkə olaraq iqtisadiyyatımızda, xüsusən aqrar sektorumuzda, həmçinin sosial həyatımızda bunun müsbət təsirini görə biləcəyik»- deyə, ekspert əlavə edib.

Aynurə Pənahqızı

https://sherg.az/xəbər/145232?fbclid=IwAR28Y8lbg5A6S3XWIDecoGSjSHed4j6NhJ7OT6bS-6QHbupMNVJcoKeXI0E

Sülh razılaşmasından nə itirdik, nə qazandıq? — ANALİZ

Heç də hər şey hərbi meydanda həll olunmur, əsas məqsəd nəticədir, amma əsas məsələ də bu nəticəni nəyin bahasına əldə etməkdir

2-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi möhtəşəm qəhrəmanlıq nümunəsi və əldə edilən böyük qələbə hamıya məlumdur. Qısa müddətdə Qarabağın 30 faizi azad edildi. Lakin tərəflər arasında bağlanmış sülh razılaşması ilə döyüşlər dayandı və məğlub olmuş Ermənistan qalan 70 faizlik hissəni sülh yolu ilə tərk edəcəyi haqda öhdəlik götürdü. Artıq bu prosesə başlanıb. Bəs müharibə davam etsəydi vəziyyət necə olacaqdı, hansı qazanclarımız, hansı itkilərimiz ola bilərdi? Hansı yol əlverişli idi — hərb, yoxsa sülh?

Ermənistanın kimin yanında olmasının nəticəsi

Problemin həll olunması Ermənistanın kimin yanında olmasının da böyük təsiri oldu. Amerika və Rusiya arasında 1-cini seçən ermənilər yol verdikləri çox kobud səhvin əvəzini ağır ödədi. Müharibə dövründə 2 variant var idi.

1. Ermənilər uduzduqlarını görüb Paşinyanı devirəcəkdilər və onda artıq sülh şərtləri indiki kimi, Ermənistanın tam kapitulyasıyası şərtləri və bizim tam qələbəmiz formasında olmayacaqdı. Hakimiyyətə Rusiyayönümlü adam gətirə və vəziyyəti öz xeyirlərinə çevirə bilərdilər. Amerika və Fransanın Ermənistanın tərəfində olduğu başdan məlumdur, beləcə Rusiya da daxil hər 3 fövqəldövlət Ermənistanın tərəfində olacaqdı. Belə vəziyyətdə biz daha çox güzəştə getməyə məcbur qalacaqdıq.

2. Baydenin, yəni Paşinyanın birbaşa ağasının Amerika prezidenti seçilməsi Ermənistanın əlini gücləndirəcəkdi. Amerika və Fransa milyardlarla pul xərcləyib rəngli inqilabda başa gətirdikləri Paşinyan hakimiyyətinin devrilməməsi və Ermənistanın əllərindən çıxıb Rusiyanın nəzarətinə keçməməsi üçün ciddi addımlar ata bilərdilər. Belə ki, ermənilərə minlərlə peşəkar “nayomnik”, müasir PUA-lar da daxil olmaqla minlərlə silah-texnika və xeyli maliyyə ayıra bilərdilər ki, Qarabağ itirilməsin, Paşinyan dəstəsini ermənilər devirməsin və o da hakimiyətə gətirilməsinin əsas məqsədini- KTMT-dən çıxaraq Rusiya bazasını ölkədən çıxarmasını təmin etsin.

Artıq son aylarda Paşinyan özü açıq deyə bilməsə də, dolayı yolla bəzi erməni siyasətçilərinə bazanın çıxarılmasının vacibliyini dedirdirdi, özü isə əl altdan bunun üçün müvafiq hazırlıq işləri aparırdı. Rusiyanın hələ Sovet dövründən Ermənistanda yerləşən NATO-ya qarşı hərbi bazasının nə dərəcədə strateji əhəmiyyətə malik olmasını geniş izah etməyə ehtiyac yoxdur. Bu baza Rusiya üçün təkcə cənub istiqamətində NATO-dan müdafiə sistemi deyil, həm də Yaxın Şərqə birbaşa hərbi nəzarət və lazım gəldikdə müdaxilə platsdarmıdır. Belə bir bazanın çıxarılması Qərb istiqamətində hərbi yolları bağlanan Rusiyanın cənuba da hərbi yolunun bağlanması deməkdir. Üstəlik, Gürcüstandan sonra, Ermənistanda da Amerikanın əyləşməsi Rusiya üçün cənub istiqamətinin tam itirilməsi deməkdir.

Rusiya da bu təhlükəni görürdü. Ermənistandakı Amerikan hakimiyyətinin devrilməsi yalnız bir halda mümkün ola bilərdi — ermənilər üçün həyati əhəmiyyətli bir faciə baş verdikdə — müharibədə uduzduqda və Qarabağı qaytarmağa məcbur olduqda. Qarabağın itirilməsindən sonra Paşinyan hakimiyyəti devriləcək və Rusiya Ermənistanı geri qazanmış olacaq. Bunu Rusiya üçün təmin edən yeganə qüvvə Azərbaycan ola bilərdi, məhz bu səbəbdən Rusiya bu məsələdə Bakının tərəfində oldu. İlham Əliyev isə ələ düşmüş bu unikal vəziyyətdən məharətlə istifadə edərək Qarabağı geri qaytardı. 2 ölkənin maraqları üst-üstə düşdüyündən Ermənistanı əvvəl müharibədə ağır məğlubiyyətə, sonra isə təslimçi sülhə məcbur etdilər.

Qarabağ müharibəsi: kim nə qazandı, kim nə itirdi?

Prosesin əsas tərəfləri arasında konkret nəticə bu olur ki, Azərbaycan Qarabağı, Rusiya isə Ermənistanı qaytarır. Hər şeyi itirən Ermənistanın yeganə «qazancı» odur ki, Qarabağın kiçik bir hissəsində yerli ermənilərin bizim hakimiyyətiniz altında, qanunlarımıza tabe olacaq vətəndaşımız kimi yaşamasına icazə verilir.

Regionda yeni əməkdaşlıq platformasının yaradılacağı ehtimalı yüksəkdir. Bundan isə, bütün regon dövlətləri fayda əldə edəcək. O cümlədən, işğalçı və terrorçu siyasətindən əl çəkərsə, çökməkdə olan Ermənistan da.

Region dövlətlərinin qazandıqlarına qısaca nəzər salaq.

Türkiyənin qazancı — Naxçıvan ərazisindən Azərbaycanın bütün ərazisinə və Orta Asiyaya birbaşa çıxış əldə edir. Bundan başqa, Türkiyə Qarabağda sülhyaratma işində iştirak edir və bununla da regionda hərbi və siyasi nüfuzunu artrır. Üstəlik, yaxın gələcəkdə regional əməkdaşlıqdan, nəqliyyat dəhizlərindən xeyli iqtisadi fayda əldə edəcək.

İranın əsas qazancı isə odur ki, Ermənistan vasitəsilə burnunun ucuna girmiş Amerika oradan çıxmalı olur. Bundan başqa, o da Türkiyə kimi regional əməkdaşlıq platformasından xeyli iqtisadi dividentlər əldə edəcək. Sanksiyalar altında və yarımblokada şəraitində qalaraq iqtisadiyyatı zəifləyən ölkə üçün bu çox əlverişli nəfəslikdir.

Gürcüstanın əsas qazancı odur ki Cavaxetiya məsələsi getdi tarixin arxivinə, çünki müharibədən hərbi və iqtisadi cəhətdən darmadağın çıxan Ermənistan çox uzun müddət özünə gələ bilməyəcək ki, potensial etnik qarşıdurma ocağını alovlandırıb Gürcüstanda 2-ci Qarabağ yarada bilsin. Amma ölkənin strateji əhəmiyyəti və gəlirləri bir qədər azalacaq. Nəqliyyat dəhlizləri şaxələnəcək, Türkiyə və Azərbaycanın Gürsüstandan asılılğı azalacaq. Bununla belə, regional əməkdaşlıq platformasına qoşulsa daha çox fayda əldə edə bilər.

Bu, region ölkələrinin burada qazandığı və itirdikləridir. İndi isə fövqəldövlətlərin vəziyyətinə baxaq.

Amerika, Avropa və Rusiya nə qazandı, nə itirdi?

Amerika ən çox itirən ölkədir. Qarabağın əldən çıxmasına görə, ermənilər Paşinyanı devirəcək və ölkə Amerikanın əlindən tam çıxacaq. Yəni, Yaxın Şərqdə Türkiyə kimi müttəfiqini itirmiş, indi isə Qafqazda Ermənistanı da itirən və yalnız Gürcüstanın ümidinə qalan Amerikanın regionda mövqeləri və nüfuzu zəifləyir. Qarabağ kimi problemin həllində oyundan kənarda qalır və regiona təsir nüfuzu azalır.

Rusiyanın ən böyük qazancı itirdiyi Ermənistanı yenidən Amerikanın əlindən alıb geri qazanmış olur. Bundan başqa, həm regonda, həm dünyada nüfuzu, imici yüksəlir, “qan tökülməsini dayandırdım, 30 ildir dünyanın həll edə bilmədiyi ən çətin problemi həll etdim, özü də sülhlə”- demək haqqı qazanır. Ona görə də, Moskva çalışacaq ki, razılaşmanın müdəəaları pozulmasın və hər şey düzgün yerinə yetirilsin. Əks təqdirdə Rusiyanın beynəlxalq nüfuzuna xələl gələcək, imici daha da korlanacaq.

Fransanın timsalında Avropa da oyundankənar qaldı, regiona təsirini və nüfuzunu itirdi. Bundan əlavə, Azərbaycan Fransanın qatı ermənipərəst mövqeyini unutmayacaq, regional iqtisadi və nəqliyyat layihələrində bunu nəzərə alacaq.

Britaniya heç nə qazanmasa da, heç nə itirmədi. Azərbaycanı siyasi olaraq dəstəkləməsi iqtisadi olaraq qazandıqlarının əvəzi idi.

Çin 5 fövqəldövlətdən biridir, lakin dünyadakı siyasi və hərbi məsələlərə qarışmır, bu məsələlərdə Çin necə deyərlər, buralı deyil. Pekini iqtisadi məsələlələr maraqlandırır ki, burada da qazancı artır ki, azalmır.

Ermənistanda divlərin döyüşü: kim qazanacaq?

Hazırda Rusiya və Amerika Ermənistanda toqquşurlar və gərgin mübarizə aparırlar. Ermənilər gec də olsa ayıldılar və Paşinyanı devirməyə çalışırlar, burada əlbəttə Rusiyanın da müxalifətə dəstəyi var. Lakin Amerika buna imkan verməməyə və «Mənim addımım» partiyasının hakimiyyətdə qalmasına çalışır. Kimin qalib gəlməsindən asılı olmayaraq biz vaxtında və ən arzuolunan vəziyyətdə Qarabağı qaytara bildik. Artıq Bayden də Paşinyana kömək edə bilməz.

Amerikanın tapşırığı ilə sülhün Ermənistan tərəfindən pozulma cəhdləri Rusiyanın beynəlxalq nüfuzuna və imicinə böyük zərbə olacağından Moskva buna görə Yerevanı daha sərt cəzalandıra bilər.

Onu da qeyd etmək lazımdır ki, Sazişi imzalamaqla Ermənistan özünü tərəf kimi rəsmiləşdirdi və son 30 ildə Azərbaycana vurulan (müxtəlif qiymətləndirmələrə görə 100-300 milyard arası) zərərə görə təzminat tələbi üçün də Bakıya hüquqi əsas verdi.

Prezident və xalqın birliyi Qələbəni təmin etdi

Prezidentimizin mükəmməl strateji düşüncəsi sayəsində Qarabağı ən yaxşı variantla, mümkün olan ən minimal itkilərlə azad etdik. Prezidentimizin prosesi ən uyğun beynəlxalq şəraitin yarandığı vaxtda, əvvəlcədən iqtisadi, siyasi-diplomatik və informasiya-təbliğat müharibəsini qazanmaqla başlaması, eyni vaxtda həm müharibəni, həm xarici siyasəti, həm informasiya müharibəsini, həm ölkənin idarə edilməsini mükəmməl aparmaqla arzu etdiyimizdən də böyük nəticəyə daha asan nail olması bunu deməyə əsas verir. İlham Əliyev böyük şahmat taxtasında sonuncu gedişlə “Mat” elan edərək qalib gəlmişdir. Bunu bütün dünyada, hətta düşmən dövlətin rəsmi və ictimai şəxsləri də etiraf edirlər.

Qələbəni minlərlə artıq şəhid vermədən, düşmən Qarabağı tam xarabalığa çevirmədən, bütün meşələri yandırmadan, Sərsəng su anbarını partladıb ekoloji və sosial fəlakət törətmədən, «Metsamor»un radiaktiv tullantılarını Qarabağa səpmədən, şəhərlərimizə əlavə yüzlərlə raket düşmədən, daha yüzlərlə mülki vətəndaşımız ölmədən, davam edəcək müharibəyə milyardlarla manat artıq xərc çəkmədən, həmçinin, ölkəmizin uzaqda qalan anklav hissəsinə- Naxçıvana, oradan da Türkiyəyə birbaşa yol əldə edərək… dünyada sülhsevər imici yaradaraq, regiona ən böyük təsir imkanı olan Rusiyanı və əksər ölkələri tərəfinə çəkərək qazanan, Qarabağı mümkün olan ən yaxşı şərtlərlə azad edən, milli birliyi təmin edən İlham Əliyev həm böyük dövlət rəhbəri, həm böyük sərkərdə, həm böyük milli lider olduğunu sübut etdi və adını qızıl hərflərlə tarixə yazdı.

1-ci Qarabağ müharibəsində dövlət-ordu-xalq birliyi olmadı və ona görə də uduzduq. 2-ci Qarabağ müharibəsində isə Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ön cəbhədə, bütün xalqımız da arxa cəbhədə döyüşdü və xalqla dövlətin birliyi qalib gəldi.

Zaman keçəcək və hamı bu Qələbənin tariximizdə ən böyük və ən möhtəşəm Qələbə olduğunu və onun hələlik ortada olmayan strateji faydalarını da görəcək.

Elçin Bayramlı

sia.az

Ermənistan Qarabağda niyə məğlub oldu?- VZQLYAD

Azərbaycan Ermənistan üzərində qələbəni qeyd edir və bunun həqiqətən ciddi səbəbləri var

Rusiyanın tanınmış qəzetlərindən olan “Vzqlad” Qarabağdakı müharibə ilə bağlı analitik yazı dərc edib. Yazını oxucularımıza təqdim edirik.

Qarabağda yeni müharibənin başlamasından düz 1 ay keçir. Erməni qoşunlarının geri çəkilməyə məcbur olduqları onsuz da aydındır. Azərbaycan Prezidenti Əliyev «Burada yeni reallıq yaranıb və Ermənistan bunu nəzərə almalıdır»- dedi və bu doğrudur. Ermənistan ordusu niyə daha zəif oldu və döyüşlərə hazırlaşarkən hansı səhvlərə yol verdi?

1 ay ərzində Azərbaycan Silahlı Qüvvələri bir sıra uğurlara imza atmış, Qarabağdakı müdafiə xəttini sındırmış və onlarca kilometr irəliləmişdir. Xüsusən, cəbhənin cənub sektorundakı erməni qüvvələrinin müdafiəsi ipdən asılıdır və bu qüvvələr Ermənistan üçün fəlakətli nəticələrlə məhv edilə bilər. Buradakı döyüşlər erməni qoşunlarının strateji məğlubiyyətindən danışmağa əsas verir. Bunu demək üçün bir qədər tez olsa da, Ermənistan üçün müharibənin ilk ayının nəticələri ürəkaçan deyil.

Kəşfiyyat uğursuz oldu

Ermənistan yayda, demək olar ki, bütün cəbhə boyu ara-sıra atışmalar başladığı zaman baş verənlər barədə düşünməli idilər. Lakin müvafiq erməni strukturları bütün bunlara lazımi qiymət verə bilmədi. Azərbaycan tədricən dərin ordu hissələri daxil olmaqla bütün ordunun ən döyüşə hazır hissələrinin bir araya gətirildiyi 2 şok korpusu yaratdı. Təmas xəttinə yaxın anbarlar tikildi, yanacaq təchizatı sistemləri quruldu. Bütün bunlar kompleks kəşfiyyat manipulyasiyalarına əl atmadan, sadəcə, durbinlə görülə bilərdi.

Bundan əlavə, Ermənistan kəşfiyyat xidməti ölkənin siyasi rəhbərliyinə rəqibin hansı silahları, hansı miqdarda və nə üçün aldığının düzgün qiymətləndirməsini çatdırmadı. Bu satınalmaların təhlilinə əsasən, Yerevan Bakının istifadə etməyə hazırlaşdığı hərbi taktika modelini qura bilər və ona qarşı mübarizə təşkil edə bilərdi. Hər şeydən əvvəl, bu, irəliləyən batalyon taktiki qruplarını dəstəkləyən xaricdən gətirilən pilotsuz təyyarələrə (PUA) və özüyeriyən artilleriya vasitələrinə aiddir. Bütün bunlar, erməni hərbçilərinin rəqibin cəbhənin digər tərəfində nələr qurduqlarını anlamaları üçün kifayət edə bilərdi.

Psixoloji səviyyədə Ermənistan 1994-cü ildə Azərbaycan üzərində qələbə xatirələrinə güvənirdi. Azərbaycan ordusunun aşkar say və keyfiyyət üstünlüyünə baxmayaraq Xankəndi və Yerevanda onları «o vaxt qalib gəldik, indi də Bakıya çatacağıq» əfsanəsi alovlandırdı. Azərbaycana qarşı alçaq münasibət sayıqlığın itirilməsinə səbəb oldu.

Müttəfiqlərlə əlaqə itkisi

Bir vəziyyət də çox vacibdir. Son 1 ildə erməni hərbçiləri Moskva ilə əlaqələrini itirdilər və 2 ölkə arasında kəşfiyyat sahəsində əlaqələr məhdudlaşdırıldı və bu, Ermənistanın siyasi rəhbərliyinin təşəbbüsü ilə edildi. Nikol Paşinyanın baş nazirliyi dövründə 3 kəşfiyyat rəisi dəyişdirildi və yeni rəislərin heç birinin heç bir səriştəsi yox idi və Qərbin təklifi ilə sırf siyasi məqsədlə təyin olunmuşdu.

Bütün bunlar daxili təkəbbürlə çoxalan daxili anti-Rusiya ritorikası ilə müşayiət olundu. Qarabağdakı rejimin bəzi liderlərindən «ruslara ümumiyyətlə ehtiyacımız yoxdur, özümüz Bakıya gedəcəyik» kimi ifadələr eşidilirdi.

Üstəlik, son 6 ayda Ermənistan ordunun şəxsi heyətindən vaxtilə Moskvada təhsil almış zabitlərin kütləvi şəkildə işdən çıxarılmasına məruz qaldı.

Hava təhlükəsini görməməzlik

Qarabağdakı hava hücumundan müdafiə sistemi əsasən, «Os», «Kruq» və «Kub»lardan dan ibarətdir. Bu, “köhnə formatlı” Azərbaycanın aviasiyasından qorumaq üçün kifayət hesab edilirdi (Ermənistanda hələ S-300 də var), lakin yüzlərlə İsrail və Türkiyə PUA-ları Bakı tərəfindən satın aldıqdan sonra bu sistemlərin hamısı yararsız oldu. Köhnəlmiş qısa mənzilli sistemlər yetərli deyildi. Qarabağda fiziki cəhətdən az sayda hava müdafiə sistemi var, Azərbaycanın PUA-ları isə lap çoxdur.

Yerdəki erməni qüvvələri PUA-ların zərbələrindən ağır itkilər verir, bundan başqa, azərbaycanlılar məqsədyönlü şəkildə Ermənistanın buradakı hava hücumundan müdafiə sistemlərini raketlər və uzaq mənzilli toplarla vurdular.

Ermənistan bu sahədə Azərbaycanla rəqabət edə bilmədiklərini etiraf etdi. Ermənilərdə praktik olaraq heç bir hücum PUA-sı yoxdur ki, bu da Azərbaycan hücum edən quru qoşunlarının, xüsusilə çöl zonasında parad kimi hərəkət etməsinə imkan verir.

Köhnəlmiş taktiki baxışlar

Ermənilərin Qrabağdakı müdafiə sisteminin ön xətti mərkəzi və cənub sektorlarında 1990-cı illərdə, təhlükəsizlik kəməri adlanan çöl zonasında inşa edilmiş bir neçə ardıcıl istehkam xəttinə söykənirdi. Bu müdafiə əslində 25 il işlədi. Ancaq dörddə bir əsrdə Azərbaycan və ordusu çox dəyişdi, ancaq hərbi gerçəkliyin qavranılması da daxil olmaqla Ermənistanda heç bir şey dəyişmədi. Yeni vəziyyətdə «təhlükəsizlik kəməri» nin çöl zonasını başqa tədbirlər və üsullarla saxlamaq olardı. Çünki, Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan və Qubadlının itkisi perspektivi adi gözlə görünürdü. Nəticədə nə oldu?

İndi cənub sektorundakı Azərbaycan qoşunları 2-ci müdafiə xəttinə çatıb və Ermənistandan gələn əsas təchizat yolu olan «Laçın dəhlizi» ni kritik şəkildə təhdid edir. Azərbaycanlıların düz bir xəttdə 10-15 kilometr məsafədə olduqları Laçının itkisi, ermənilər üçün həqiqətən strateji bir fəlakət olar. Bundan əlavə, hazırda cənubda əhəmiyyətli bir ərazinin itirilməsi ciddi siyasi problemlər və Ermənistan üçün mənəvi məğlubiyyət deməkdir. Qarabağdakı bir aylıq döyüşlərin nəticələrindən sonra Azərbaycan ordusunun cənub cəbhəsində ciddi irəliləyişi böyük bir qələbə və böyük bir siyasi nailiyyət hesab edilə bilər.

Strateji səhv hesablamalar

Bölgənin xəritəsinə baxsanız, Qarqar çayı boyunca yerləşən mərkəzi zona Azərbaycanın mümkün zərbəsinin əsas və vacib istiqamətinə bənzəyir. Ağdamın xarabalıqları arasından birbaşa Xocalıya, sonra Xankəndinə. Ermənilərin ana müdafiə xətti dörddə bir əsr boyunca təşkil edilmişdi. Ancaq məhz mərkəzi sektorda azərbaycanlılar hücumu heç olmasa təqlid etməyə də çalışmadılar. Cəbhənin bu sektorunda sıx bir artilleriya duelləri aparılır, ancaq başqa bir şey yoxdur. Lakin erməni tərəfi mərkəzi sektorda davamlı olaraq böyük bir qüvvə saxlamağa məcburdur ki, bu ssenari də, məsələn, cənubda erməni əsgərləri üçün “katyollar”təşkil etmək üçün istifadə edilə bilər.

Erməni Baş Qərargahının ya ümumiyyətlə səfərbərlik planının olmadığı, ya da bir sıra qəribə xüsusiyyətlərdən əziyyət çəkdiyi təəssüratı yaranır. «Dağlıq qalanı» nı (Qarabağın dağlıq hissəsi-red) müdafiə etmək üçün həqiqətən 40-60 min canlı qüvvə lazımdır, lakin bu da, mobil müdafiənin təşkili üçün açıq şəkildə yetərli deyil. Ermənilər passivdirlər, sadəcə ortaya çıxan təhdidlərlə mübarizə aparırlar.

Azərbaycan tərəfi əməliyyatlarda təşəbbüsü tam ələ alıb və qüvvələri bütün cəbhə boyu yenidən yerləşdirməyə, yeni qruplar yaratmağa, ehtiyatları artırmağa və yeni planlara başlamağa qadirdirlər.

Cənub cəbhəsindəki «təhlükəsizlik kəməri» nin çoxunu itirən ermənilər artıq əks-hücum əməliyyatları barədə düşünə belə bilmirlər, o cümlədən 1 ay ərzində itirilən ərazini necə geri qaytarmaq barədə. Əlbətdə ki, bu, Ermənistan üçün hərbi-strateji bir çıxılmaz vəziyyətdir.

Azərbaycan siyasi möhlətdən qüvvələri yenidən fromalaşdırmaq, bölmələri gücləndirmək və yeni hücum planları hazırlamaq üçün istifadə edəcəkdir. Ermənilər indi yalnız passiv müdafiəyə hazırdırlar.

Bildirək: erməni qüvvələrinin cəbhənin cənub sektorundakı məğlubiyyətinin səbəbləri strategiya, zəka və qismən də psixologiya məsələlərindədir. Bütün bu ağır səhvlərdən bəziləri təkcə Paşinyanın hakimiyyəti dövrünə deyil, ümumiyyətlə İrəvanın son 25 ildə cəbhədə baş verənlərə qəribə münasibətindən bəhs edir. Axı hər kəs Qarabağdakı hərbi intiqamın Azərbaycan üçün hakim milli strategiya olduğunu çox yaxşı bilirdi- bununla belə, Yerevanda heç kim köhnə müdafiə sxemlərini yeni hərbi reallıqlara uyğunlaşdırmaq üçün barmağını qaldırmadı.

Текст: Евгений Крутиков / Vzglyad.Ru

Фото: Алексей Куденко / РИА Новости

Tərcümə etdi : Elçin Bayramlı

sia.az