Elçin Bayramlı: “Doing Business”da yüksək mövqeyimiz Prezidentin apardığı islahatların nəticəsidir”

 “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. 2018-ci ilin hesabatında Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

Hesabata əsasən ölkəmiz «Tikinti üçün icazələrin alınması» və «Kreditlərin alınması» indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk 10-luğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.

“Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq 8 sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.

Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkə elan olunması cari ildə həyata keçirilmiş iqtisadi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və azad biznesə dövlət dəstəyinin nəticəsidir. Bunu Analoq.az-a “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib.

Ekspert bildirib ki, sonuncu dünya iqtisadi böhranından sonra Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib: “Sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.

Xüsusi ilə bu ilin başlanğıcından etibarən Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər və tətbiq olunan yeni vergi sistemi sahibkarlığın inkişafını təmin etmək üçün ən təqdirəlayiq addımlardandır. Belə ki, sadələşdirilmiş vergi üzrə Bakı zonasında vergi öhdəliyinin 4 faizdən 2 faziə endirilməsi, gəlir vergisi üzrə 75 faiz güzəştin tətbiqi və sair çoxsaylı müsbət dəyişikliklər kiçik vəorta sahibkarlığın inkişafına dövlətin göstərdiyi ən böyük dəstəkdir”.

ASAM rəhbəri əlavə edib ki, elektron hökumətə keçid, xidmət və müraciətlərin elektronlaşdırılması və asanlaşdırılması da prosesə böyük təkan verib: “Həm vaxt itkisinin qarşısı alınıb, həm xərclər azalıb,həm də bürokratik maneələr aradan qalxıb. Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin və aparılan islahatların ölkəmizin sosial-iqtisadi inkişafının artmasına səbəb olub. Dövlət başçısı islahatların davam edəcəyini bildirib”.
Elçin Bayramlının fikrincə, islahatların bu templə davam edəcəyi təqdirdə ölkəmizdə kiçik və orta sahibkarlıq daha sürətlə inkişaf edəcək, bunun nəticəsi olaraq ümumi daxili məhsul artacaq, işsizlik səviyyəsi azalacaq, idxaldan asılılıq aşağı düşəcək, ixrac imkanlarımız xeyli artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq: “Son nəticədə əhalinin rifah səviyyəsi xeyli yaxşılaşacaq, sosial müdafiənin daha da yüksəldilməsi üçün dövlətin imkanları xeyli artacaq. Bu islahatların nəticəsi özünü təkcə sosial, iqtisadi sahələrdə yox, həm də elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində də göstərəcək. Tezliklə ölkəmizin sosial, iqtisadi, mədəni mənzərəsi tamamdəyişəcək”.

http://analoq.az/iqtisadiyyat/9723-elchin-bayramli-doing-businessda-yuksek-movqeyimiz-prezidentin-apardigi-islahatlarin-mentiqi-neticesidir.html?fbclid=IwAR3JwTj5WhmVEk3fCpSR_-ZoeU0t3Jx0sCE9Z1175RrC6P2pAPqRhlu75CY

Elçin Bayramlı: “Sosial evlər layihəsi biabırçı hala salındı”

İqtisadçı-alim Vüqar Bayramov öz “Facebook” profilində sosial evlər məsələsinə toxunub. Alim qeyd edib ki, sosial evlər kommersiya evlərinə çevrilib.

Ekspertin sözlərinə görə, son günlər əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb:

“Sosial evi güzəştli şərtlər ilə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə verərək qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir.

Həmçinin belə hallarda evsiz vətəndaş mənzil sahib olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yardır. Bu cür halların qarşısını almaq üçün evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır.

V.Bayramovun iddiasında haqlı olduğunu söyləyən sosioloq Elçin Bayramlı “Sherg.az”a söyləyib ki, sosial evlər layihəsini icraedici orqan biabırçı vəziyyətə saldı: “30 saniyəyə minlərlə ev satırlar. Adından da göründüyü kimi bu sosial evlərdir məhz evi olmayan, gəliri aşağı olan ailələrə ucuz qiymətə və güzəştli şərtlərlə verilməlidir. Bunun üçün müraciət edənlər ətraflı araşdırılmalıdır.

Burada məqsəd evsiz və ev ala bilməyən vətəndaşlara yardım etməkdir. Yaxşı olar ki jurnülietlər ev alanların siyahısını tələb edib araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb, necə istifadə edir. Hələ mən bu sosial evlərin az qala bazar qiymətinə olduğu məsələsinə toxunmuram.

Bu kampaniya dövlət səviyyəsində genişmiqyaslı aparılmaldır. Yalnız bir məqsədlə evi olmayan vətəndaşlar ucuz qiymətə güzəştli şərtlərlə ev ala bilsin. Əks halda mənası yoxdur”.

Kənan Eynuroğlu
https://sherg.az/x%C9%99b%C9%99r/104947

Elçin Bayramlı: «Şimal-Cənub» nəqliyyat dəhizi böyük iqtisadi və siyasi dividentlər vəd edir»

2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradıldı. Layihənin yaradılmasında məqsəd dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirməkdir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrasturukturunun yenilənməsi təmin edilib.

«Şimal-Cənub» layihəsinin reallaşmasında Azərbaycanın rolu və ölkəmizin bu layihədə iştirakı zamanı qazanacağı dvidendlər barədə Sherg.az-a danışan “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı bildirdi ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi əsasən Hindistan, İran və digər Asiya ölkələrindən Rusiyaya və Avropaya yüklərin qısa müddətə çatdırılması üçün nəzərdə tutulub.

İqtisadçı vurğulayıb ki, layihə iştirakçı ölkələrin hamısı üçün son dərəcə perpsektivlidir: “Layihədə həmçinin Rusiya və Avropadan İran vasitəsilə Asiya ölkələrinə və Hind okeanı vasitəsilə bütün dünyaya yüklərin qısa zamanda çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə Suveyş kanalından keçən marşrut uzun və dolayı yolla olduğundan yüklərin daşınması ortalama 2 aya yaxın vaxt aparır. «Şimal-Cənub» nəqliyyat dəhlizi vasitəsilə isə bu müddət yarım ayadək azalır. Bu dəhlizlə 15 milyon tona yaxın yük daşınması nəzərdə tutulur”.

E.Bayramlı qeyd edib ki, layihədə Azərbaycan da öz strateji-coğrafi mövqeyi ilə seçilən vacib ölkələrdəndir: “Bu dəhliz ölkəmiz üçün son dərəcə faydalıdır. Ona görə də, 2005-ci ildə biz layihəyə qoşulmuşuq və dəhlizin ərazimizdən keçən hissəsi demək olar ki, hazırdır. Bu istiqamətdə həm dəmiryolu, həm də avtombil yolları modernləşdirilib, çatışmayan hissələr tamamlanıb. Bundan başqa, Xəzər dənizinin imkanlarından daha geniş istifadə edə bilərik. Orta Asiya və Qafqaz arasında gəmi və bərə marşrutları var. Həmin marşrutlar tələbat artdıqca çoxalacaq. Bu dəhliz çərçivəsində tranzit ticarət əməliyyatlarının artması ölkəmizin gəlirlərinin artmasına səbəb olacaq. Eyni zamanda layihənin digər iqtisadi və siyasi dividentləri olacaq. Dəhliz sayəsində yol 1000 km-ə yaxın qısalır, daşınma xərcləri 15 faizə yaxın aşağı düşür, müddət isə 2 dəfə azalır».

ASAM rəhbərinin sözlərinə görə, hazırda dəhlizin Qərb qolu üzrə əsas problem İran ərazisində Rəşt-Astara dəmiryolunun çəkilməməsidir: «Dəhlizin digər qolları Transxəzər və Şərq (Qazaxıstan, Özbəkistan, Türkmənistan keçməklə) marşurtları fəaliyyət göstərir. Türkmənistandan isə dəmiryolu İran dəmiryollarına birləşib. Ona görə də, Rusiyanın və İranın bu Rəşt-Astara dəmiryolunu maliyyələşdirməkdə o qədər də marağı yoxdur. Bunu nəzərə alan Azərbaycan hökuməti dəhlizin İran-Azərbaycan qolunun payını artırmaq üçün İrana kömək təklif elədi. Belə ki, öz dəmiryolunu İran sərhəddinədək çəkən Azərbaycan, dəmiryolunun oradan Rəştə qədər uzadılması üçün İran tərəfinə 500 milyon dollar kredit ayıra biləcəyini bəyan edib. Şübhəsiz ki, dəmiryolunun çatışmayan bu hissəsi də bitəndən sonra dəhliz daha böyük həcmdə işləyə biləcək və buradan ölkəmiz də ciddi faydalanacaq. Çünki dəhlizin Qərb qolu Şərq qoluna nisbətən daha qısa və daha rentabellidir”.

İqtisadçı bildirib ki, hesablamalara görə, dəhlizin tam işləməsi zamanı ölkəmiz təkcə tranzitdən 300 milyondan artıq gəlir götürə bilər: “Layihə tam reallaşdıqda ölkəmiz «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat dəhizlərinin ən iri qovşaqlarından birinə çevriləcək. Bu isə strateji planda çox böyük iqtisadi və siyasi dividentlər vəd edir”.

Yeganə Bayramova
https://sherg.az/x%C9%99b%C9%99r/105238?fbclid=IwAR2-NN1r6xY9iR7warw3kHxIKdLNvrGyqAoAjzjd1DDzbEzQ0xIwDpcoNBk

“Sıfır gömrük rüsumu tətbiq olunarsa, bu, iqtisadi inkişafa təkan verər” — Açıqlama

“Azərbaycanla Türkiyə arasında preferensial ticarət haqqında sazişin imzalanması barədə razılıq əldə edilməsi çox təqdirəlayiq haldır”. Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

Analitik bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək lazımdır:  “Ümumiyyətlə, Azərbaycan İran, Türkiyə, Rusiya və Çinlə iqtisadi əməkdaşlığı gücləndirməlidir. Bunun üçün böyük potensial var. Yaxşı olar ki, qarşılıqlı hesablaşmalarda da milli valyutalardan istifadə olunsun. Bu addımlar atılarsa, qlobal maxinatorların spekulyasiyaları zamanı zərərdən sığorlanmaq mümkün olar. Sıfır gömrük rüsumu bu istiqamətdə ən effektiv addım olacaq. Türkiyə ilə, o cümlədən digər qonşu ölkələrlə sıfır gömrük rüsumu tətbiq olunarsa, həm ölkədə bolluq və ucuzluq yaranar, həm də iqtisadi inkişafa əlavə təkan verilər”.

E.Bayramlının sözlərinə görə, hazırda Amerika və Qərbi Avropa ölkələri Türkiyəni iqtisadi cəhətdən zəiflətməyə, ticarət əlaqələrini məhdudlaşdırmağa çalışırlar:  “Türkiyənin bu vəziyyətdən çıxmasına biz də kömək etməliyik. Ümumiyyətlə, regional formatlarda əməkdaşlığı genişləndirmək lazımdır. Rusiya, İran, Türkiyə, Çin, Gürcüstan, Azərbaycan, Qazaxstan, Belarus kimi ölkələr birgə iqtisadi əməkdaşlıq platformaları işləməlidirlər. İdxalda və ixracatda bir-birilərinə üstünlük verməlidirlər. Bu halda bir sıra mərkəzlərin tabe olmayan ölkələrə qarşı yeritdiyi iqtisadi sanksiya və maliyyə maxinasiyalarını zərərsizləşdirmək mümkün olar. Türkiyə də hazırda belə bir güclü təzyiq qarşısındadır. Əminəm ki, ölkə özünün imkanları və həqiqi müttəfiqlərinin də köməyi ilə bunun öhdəsindən gələcək”.

Qeyd edək ki, 2019-cu ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında preferensial ticarət haqqında saziş imzalanacaq. Saziş, Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə sıfır gömrük rüsumunun tətbiq edilməsini nəzərdə tutur.

İsmayıl Qocayev
https://sherg.az/x%C9%99b%C9%99r/104752?fbclid=IwAR204WMmCLU6ODB_LXQJkY-sY_yw4d5G7GWGCXX3w_RkYhn4-k_gyp07EoE

Ekspertdən sensasion açıqlama: “Qida məhsullarının azı 90 faizi ölüm saçır

Elçin Bayramlı: “Mağazalarda kimyəvi maddələrdən düzəldilmiş yağ və digər süd məhsulları doludur. Kolbasa və sosiska məmulatları sahəsində vəziyyət faciəvidir. Broyler toyuqları və yumurtaları sağlamlıq üçün ən qorxunc təhlükədir. AQTA bunu görmür? !”

Hövsanda 1 tona yaxın yararsız quş əti aşkarlanıb. Sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin(QTA) nümayəndələri Suraxanı rayonu ərazisində birgə yoxlamalar aparıblar. Araşdırmalar zamanı Hövsan qəsəbəsində 996 kiloqram həcmində insan sağlamlığına ciddi zərər vuran toyuq əti tapılıb. Həmin quş kəsimi sahəsinin Bakı şəhər sakini A.Mürsəlova məxsus olduğu bildirilir.

Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyasına təhvil verilib.

Məsələyə münasibət bildirən qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı “Sherg.az”a söyləyib ki, AQTA öz funksiyası olan bu kimi işləri çox gec və az hallarda həyata keçirir:

“Yəni, milyardlarla belə cinayət faktının yalnız bir-ikisi müəyyən edilir. Qalanları nədənsə, hələ də görünmür. Bəs bu agentliyə o qədər işçi, maliyyə, maddi-texniki baza niyə ayrılıb? Ölkədə bəzi məmurların da dəstəyi ilə yerli və xarici işbazlar tərəfindən əhaliyə qarşı açıq şəkildə qorxunc qida terroru həyata keçirilir. Bunun qarşısını almaq üçün AQTA yaradıldı. Lakin bu orqanın fəaliyyəti gözlənilən nəticə vermədi və arzuolunan həddə çatmadı. Agentlik ölkə bazarındakı təhlükəli və saxta məhsuların heç 0,00001 faizini belə aşkar edib qarşısını ala bilmir , ya da ki almır. Nəticədə milyonlarla insan ağır xəstəliyə tutulur, əlil olur, dövlətin səhiyyə xərcləri artır, vaxtsız ölümlər çoxalır.

Beş-on manat artıq qazanmaq naminə açıq şəkildə insanları öldürməyə cəhd edən, daha doğrusu birbaşa öldürən minlərlə işbaz bazar dükanlarda, fabrik-zavodlarda at oynadır. Mağazalarda təbii qida adına demək olar ki, heç nə yoxdur. Burada ən böyük məsuliyyət təbii ki, AQTA-nın üzərinə düşür. Lakin bu agentlik nə mediadakı və sosial şəbəkələrdəki faktlara əhəmiyyət verir. İstehsal müəssisələrində ciddi yoxlamalar aparıb, ciddi genişmiqyaslı tədbirlər görmür.

Hərdənbir hansısa kiçik sexdə və ya dükanda bir neçə keyfiyyətsiz ərzaq tapır bununla da işini bitmiş hesab edir. Necə tapsın ? Axı bütün qida məhsullarına özləri sertifikat verir. Bu məhsulların da azı 90 faizi insan sağlamlığı üçün təhlükəlidir. Pulunu alır, kağızı verir vəssalam”.

E.Bayramlı onu da əlavə edib ki,  eyni zamanda digər cavabeh orqanlar Kənd Təsərrüfatı Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Anti-inhisar Departamenti və Gömrük Komitəsidir: “Ölkədə GMO bitkilərin idxalı, istehsalı, satışı qanunla qəti qadağandır. Lakin bu gün dükan-bazarda satılan meyvə-tərəvəzlərin azı 90 faizi GMO-dur. Hətta bir çox firmalar GMO toxumları və tingləri internetdə, mediada reklam edərək açıq şəkildə satırlar. Mağazalarda kimyəvi maddələrdən düzəldilmiş yağ və digər süd məhsulları doludur. Kolbasa və sosiska məmulatları sahəsində vəziyyət faciəvidir.

Broyler toyuqları və yumurtaları sağlamlıq üçün ən qorxunc təhlükədir. Hər gün şadlıq evlərində kütləvi zəhərlənmələr haqda xəbərlər yayılır. QTA bunu görmür? Niyə gedib yoxlamır ki, bu məhsullarda harda kim tərəfindən və nədən düzəldilir. Bu yoxlamalar jurnalistlərin və ictimai fəalların iştirakı ilə aparılmalıdır”.

Əgər QTA belə işləməyəcəksə, elə ləğv olunsa yaxşıdır.Çünki o yarandıqdan sonra dəyişən yalnız bir şey olub ki, sahibkarların əlavə xərci çıxır. Vəssalam. Ona görə də, mən bu agentliyi Qida Təhlükəsizliyi Agentliyi yox, Qida Təhlükəsi Agentliyi adlandırıram. Buna etirazları varsa məni məhkəməyə versinlər, mən məhkəmədə onlara sübut edərəm bu ada layiq olduqlarını.

İqlim dəyişikliyinə və su müharibələrinə hazırıqmı?

Sənaye əhəmiyyətli meşələrin salınması son dərəcə vacib və qaçılmazdır. Çünki Azərbaycan ərazi nisbətində meşə həcminə görə ən aşağı göstəricisi olan ölkələrdəndir. Meşə sahəsi işğal olunmuş Qarabağ zonası ilə birğə 11 faiz təşkil edir. Qarabağdakı meşələrin ermənilər tərəfindən vəhşicəsinə qırılmasını nəzərə alsaq real rəqəm hardasa 7 faizdir.
Bundan başqa bizdə meşələr oduncaq və sənaye məqsədi ilə gizli və açıq qırılır. Bundan başqa, meşələrdə heyvanların otarılması yeni qalxan pöhrələri məhv edir və meşələrin yenilənməsi prosesi baş vermir.
Respublikada aqrar məqsədlə istifadə olunmayan ucsuz bucaqsız ərazilər var- əsasən Mərkəzi Aran zonasında. Bakıdan Gəncəyə qədər 350 km-lik yolda ağaca, əkinə zada demək olar ki rast gələ bilmirsən. Bu ərazilərdə və Abşeron yarımadasında meşələr salınsa həm ölkənin ekologiyası sağlamlaşar, həm yaşıllıq, gözəllik yaranar, həm də mebel sənayesi üçün ucuz xammal meydana gələr. Meşələr salınan yerlərdə nəmişlik yaranır, su formalaşır, sərinlik olur, qlobal istiləşmənin təsiri azalır, təbii su rezervuarlarında yığılan su tez buxarlanıb getmir.
Yaxın 10-15 ildə dünyada içməli su müharibələrinin başlayacağı artıq şəksizdir. Azərbaycan ərazi və əhali nisbətinə görə içməli su ehtiyatının ən az olduğu ölkələrdəndir. Üstəlik, çayların 90 faizindən çox qonşu ölkələrdə formalaşır ki, dünyada ciddi su qıtlığı yaransa o ölkələrdən bizə bir qram su buraxılası deyil.
Ona görə də, bu istiqamətdə indidən ciddi tədbirlərə başlamaq lazımdır. Mümkün qədər çoxlu su anbarı yaratmaq və kiçik SES-lər lazımdır. Bunlar vasitəsilə həm əlavə elektrik istehsal eləmək olar, həm də bütün əkinlərin və meşələrin suvarılması təmin edilə bilər.
Bu nəhəng layihələrin həyata keçirilməsi üçün 48 milyardlıq strateji ehtiyatlarımızdan cəmi 3 milyardını xərcləmək olar. Bu da nəticədə həm iqtisadi inkişafa, həm ekologiyaya, həm də sosial məsələlərə müsbət təsir edə bilər. Bu xərcləmə ölkəmizə daha çox fayda verə bilər, nəinki həmin vəsaitlərin 1 faizlə xarici fondlarda saxlanması.
Qeyd etdiyim məsələlərlə bağlı Ekologiya Nazirliyi işləyir, çalışır, təkliflər hazırlayır. Ağac kəsilməsinə qarşı mübarizə aparır, böyük cərimələr tətbiq edir, xeyli sahədə yeni yaşıllıqlar salır.
Azərsu-nun isə dünya, daha doğrusu, ölkə vecinə deyil. Nə vaxta kimi Abşeronun bir hissəsinə, Mərkəzi Aran zonasının hamısına Kürün çirkli suyunu içirdəcəklər məlum deyil.
Qlobal iqlim dəyişikliklərinin kəskinləşməsi, içməli su ehtiyatlarının azlığı əksər ölkələri hərəkətə gətirib. Bizdə də artıq işə başlamağın vaxtıdır. Bu işə bivec məmurları vəzifələrdən kənarlaşdırmaqdan və yerlərinə peşəkar və vicdanlı kadrlar qoymaqdan başlamaq olar.
Əhali isə sudan qənaətlə istifadə etməli, ağacların kəsilməsinə imkan verməməli, plastik polietilen kimi məhsullardan az istifadə etməli və ekologiyanı korlamamalıdır. Bu məsələdə dövlətlə cəmiyyət birgə çalışmasa heç bir effekt olmayacaq və biz bu müharibədə uduzacağıq.


Elçin Bayramlı

Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

“Dünyada taxıl böhranı yaransa, ölkəmiz çətin duruma düşəcək”

Elçin Bayramlı: «Görünür yeli istehsalın artması kimlərəsə sərf eləmir”

Azərbaycan 2019-cu ilin əvvəlindən etibarən Rusiya Federasiyasının Ulyanovsk vilayətindən taxılın ən iri idxalçısı olub.

Rusiya KİV-lərinin xəbərinə görə, bu ilin yanvar-avqust aylarında Ulyanovsk vilayətinin ixrac etdiyi taxılın təxminən 70%-ni Azərbaycan alıb.

2019-cu ilin əvvəlindən Ulyanovsk vilayətindən 25,54 min ton taxıl və taxıl emalı məhsulları ixrac edilib. Azərbaycana tədarükün həcmi 17,81 min ton təşkil edib.

Azərbaycanda taxıl təlabatının yerli istehsal vaistəsilə ödənilməsi illərdir ki, müzakirə mövzusudur. Amma bununla belə, idxal həcmi də durmadan artmaqda.

Ümumiyyətlə, yerli istehsalın taxıla olan tələbatın ödənilməsi səviyyəsinə çatdırılması mümkündürmü?

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, vaxtı ilə Azərbaycanda taxıla olan təlabat yerli istehsalla ödənilib: “Baxmayaraq ki, dövlət bu sahəyə subsidiyalar ayırır, müxtəlif yardımlar edir, lakin bunlar ciddi nəticə vermir. Hesab edirəm ki, il ərzində ölkəmizə 1,5 — 2 milyon ton taxıl idxal olunur. Qeyd edim ki, Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə Dövlət Gömrük Komitəsinin (DGK) rəqəmləri adətən düz gəlmir. Məsələn, ölkənin buğdaya olan tələbatı 3 milyon ton olduğu halda KTN 2 milyon ton istehsalın, DGK isə 2 milyon ton idxalın olduğunu bildirir ki, burada da uyğunsuzluq yaranır”.

Ekspertin sözlərinə görə, Dövlət Taxıl Fondunun fermerlərdən məhsul almaması yerli istehsalın artımına əngəl yaradır: “Yararsız olduğu bildirilir, amma Azərbaycanda bu qədər taxıl növləri əkilir, necə olur ki, bunların hamısı yararsız olur, Qazaxıstan və Rusiyadan gətirilən aşağı sort taxıllar yarayır. Görünür yeli istehsalın artması kimlərəsə sərf eləmir”.

Elçin Bayramlı bildirir ki, istehsalın stimullaşdırılması üçün Dövlət Taxıl Fondunun yerli məhsulu alması, dövlətin bu sahəyə subsidiya ayırması vacib şərtlərdəndir: “Çünki taxıl istehsalı rentabelli sahə deyil, ona görə də fermerlər taxıl becərməyə maraqlı deyillər. Əgər dünyada taxıl böhranı yaransa, ölkəmiz çətin vəziyyətə düşəcək”.

Xatirə Nəsirova

https://cebhe.info/ldquo_d_uuml_nyada_taxil_b_ouml_hrani_yaransa_ouml_lkemiz_ccedil_etin_duruma_d_uuml_secek_rdquo_ekspert_idxalin_artma_sebebini_a_ccedil_iqladi-163556

Jurnalistlər Prezidentə müraciət etdi: «Kupçalarımızı vermirlər»

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan şossesi 22 ünvanda yaşayan jurnalistlər tərəfindən

M   Ü   R   A   C   İ   Ə   T

       Hörmətli cənab Prezident.

       Sizin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamınız əsasında  Bakı şəhəri Səbail rayonu ərazisində tikilmiş 255 mənzillik 2-ci binada mənzillə təmin olunmuş jurnalistlər olaraq Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk. Sizin bu qayğınız nəticəsində kirayədə çətin vəziyyətdə yaşayan daha 255 jurnalist ailəsi (ümumilikdə 1000 nəfərə yaxın sakin) bu binada mənzilə sahib oldu və öz həyat şəraitlərini, yaradıcılıq imkanlarını yaxşılaşdırdı. Bu da öz növbəsində biz jurnalistlərin dövlətçiliyimizin güclənməsi, ölkəmizin inkişafı ilə bağlı tərəfinizdən aparılan daxili və xarici siyasətin mahiyyətinin əhaliyə çatdırılması, cəmiyyətimizin dünyada və ölkədə baş verənlər haqda məlumatlandırılması və maarifləndirilməsi istiqamətində daha fəal və effektiv işləməyimizə səbəb oldu.

       Hörmətli cənab Prezident. 20 iyul 2017-ci il tarixdə binanın açılış mərasimində çıxışınız və bizimlə söhbətiniz zamanı mənzillərin mülkiyyət sənədlərinin (çıxarışlarının) qısa müddətdə verilməsi üçün müvafiq orqanlara tapşırıq verdiyinizi qeyd etdiniz. Lakin keçən 2 ildən artıq müddətdə bu çıxarışların veriməsi həyata keçirilməyib. Bu da bizim üçün əlavə problemlər yaradır- məsələn, çıxarış olmadığından mənzilə qeydiyyata düşə bilmirik, övladlarımızı məktəb və bağçalara, poliklinikalara qeydiyyata saldırmaq, yeni mənzilimizə vacib olan əşya və avadanlıqların alınması üçün banklardan kredit götürmək, həmçinin müxtəlif dövlət orqanları ilə hər hansı sənədləşmə əməliyyatları zamanı  və s. hallarda bizdən yaşadığımız mənzildə qeydiyatda olmamız haqda çıxarış tələb olunur. Vaxtı bitmiş şəxsiyyət vəsiqəmizi dəyişmək istəyərkən bir çoxumuz respublikamızın qeydiyyatda olduğumuz uzaq bölgəsinə gedib-gəlməyə məcbur oluruq. Məsələnin həlli ilə bağlı müraciət etdiyimiz KİVDF və Əmlak Komitəsinin mövqeyi bizdə narahatlıq və anlaşılmazlıq yaradıb.

       Hörmətli cənab Prezident. Sizin ölkəmizdəki bütün sənədsiz evlərə və mənzillərə çıxarışların qısa müddətdə verilməsi haqda tapşırığınızın icrası indiyədək müxtəlif səbəblərdən evlərinin mülkiyyət sənədini ala bilməmiş yüz minlərlə vətəndaşın sevincinə səbəb olub. Belə ki, artıq on minlərlə ev sahibi mülkiyyət sənədini rahatlıqla əldə edib və bu proses sürətlə davam edir. Xahiş edirik ki, Sizin sərəncamınız əsasında mənzil almış jurnalistlərə də çıxarışların verilməsinin tezləşdiririlməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildirir və xalqımızın, dövlətimizin mənafeyi uğrunda apardığınız bütün işlərinizdə uğurlar arzulayırıq.

                                                      Hörmətlə: Jurnalistlərin 2-ci binasının sakinləri

                                                                                                                               04.09.2019