Kanalizasiya içində üzən kənd və ya Azərsu 30 ildir 2500-dən artıq insanın taleyini niyə vecinə almır?

Bu günlərdə şəxsi elektron poçtuma Xızı rayonu Yeni Yaşma kəndinin sakinləri tərəfindən müraciət və qarşılaşdıqları problemlə bağlı sənədlər daxil olub. Həmin müraciəti və sənədlərin fotolarını heç bir şərh vermədən olduğu kimi təqdim edirəm.

“Salam Elçin müəllim. Bizim kənd sakinləri adından sizə müraciətimiz var. Probemlə bağlı yazı 3 xəbər saytında gedib, lakin Azərsu ASC üçün görünür mətbuat elə də əhəmiyyət kəsb etmir. Bu haqda məlumatlar “Gündəminfo”, “Bakupost”, “Report”da da gedib. Report materialın çoxunu kəsib.

Xızı rayonunun 300-dən ev evdən, 500-dən artıq ailədən, 2500 nəfərdən artlq sakindən ibarət Yeni Yaşma kəndinin kanalizasiya problemi 30 ildir davam edir. Amma 30 ildir Azərsu ASC bu problem həll etmir. Sadəcə, «bu problemin yaxın gələcəkdə həlli dövlət proqramında nəzərdə tutulub» deyə rəsmi cavab verirlər. Nəticədə vəziyyət dözülməz həddə çatıb. Nəhayət bu təşkilat real hərəkət etməlidir.

Bu, sakinlərin Xızı rayon icra hakimiyyəti başçısının ərazi inzibati dairə üzrə nüməyəndəsinə müraciətidir. (FOTO-1)

İkinci fotodakı sənəd nümayəndənin cavabıdir. (FOTO-2) 

Nümayəndədən soruşduq ki, “siz çox güman ki, aidiyyati orqan olmadıgınız üçün cavabı Azərsu ilə məsləhətləşmisiniz, yəni, cavabınız Azərsu-nun mövqeyidir?» Nümayəndə- “bəli, mən cavabı Azərsu ilə məsləhətləşib yazmışam” deyə cavab verdi”.

Bu isə kənd sakinlərinin Azərsu ASC-nin sədri Qorxmaz Hüseynova olan müraciətidir. (FOTO-3)

İndi isə cavabla tanış olun. (FOTO-4)

İlk qaranlıq məqam burdan başlayır- müraciətin məzmunu, motivi, kanalizasiya xəttinin olmaması, suyunuz çəkilir, filan yerdən gələcək cavabı.

Bu isə bizim Xızı rayon İcra Hakimiyyətinə müraciətimiz (FOTO-5)

Bu isə Xızı rayon İcra Hakimiyyətinin cavabıdır (FOTO-6)

Bu isə kənd sakinlərin problemlə bağlı müfaviq orqanlara ünvanlanan müraciətə qoyulan imzaları (FOTO-7-8-9)

16-07-2019-cu il tarixdə müraciəti İcra hakimiyyəti başçısı Xəzər Aslanova şəxsən təqdim etmək istəyəndə “ümumi şöbəyə təqdim edərsən” dedi, mən də qəbulda təqdim etdim.

Qəbul edən RİH-dən ümumi şöbə A. Haqverdiyev idi.

Qeyd edim ki, bu problemin həll olunmaması nəticəsində antisanitariya baş alıb gedir, kəndimiz mikrob, virus mənbəyinə çevrilir, yoluxucu xəstəliklərin yayılması ehtimalı güclənir, sakinlərə maddi ziyan dəyir, ekoloji vəziyyəti gərginləşdirir.

Əlavə də bir məlumat verim ki, biz çirkabın təmizlənməsi üçün həmişə 50-60 manat aralığında pul ödəyirdik, indi bunun üçün 100 manat tələb edirlər.

Bələdiyyə sədrinə müraciət etdik, cavabı belə oldu- “Mən gəlib çəkməliyəm kanalizasiyanı?

Kənd icra  nümayəndəsinə deyirəm, cavab verir ki, “Çək vur həyətinə (?!)”.

Həyət bərbad gündədir, yəni, çox üzr istəyirəm bunu belə açıq yazmağa məcbur olduğum üçün,  adam bilmir tualetdən necə istifadə etsin…

Az qalib, 2-3 günə problem aradan qaldırılmasa, kanalizasiya həyətimizə və qonşunun həyətinə axacaq.

Ümüd sonda ölür deyirlər, sizin problemi işıqlandırmanızdan sonra ümüd edirəm reaksiya olacaq və problem həll ediləcək.

Sonda qeyd edim ki, bu problemi qaldıranlara qarşı məmurun təhqirinin, kənd icra nümayəndəsinin təhdidinin və s. qeyri-etik hərəkətlərinin fotoları və video materialı var, onları da sizə göndərəcəm”.

Şikayətçilər adından mənə müraciəti və sənədləri göndərən xanım kanalizasiya basmış kənddə yaranmış vəziyyətlə bağlı fotoları göndərməyə utandığını dedi. Ortaya çıxan üfunəti isə nə foto nə video göstərə bilər, bu dəhşəti gərək gəlib yerəndə görəsən- deyə kənd sakini yazır.

30 ildir kiçik bir problemi həll etməyən, 2500-dən artıq insanı çirkab, kanalizasiya, antisanitariya, mikrob içində yaşamağa məcbur edən Azərsu ASC və Xızı rayon rəhbərliyi bu materialdan sonra yəqin ki, bir az utanar və öz vəzifələrini xatırlayarlar. Yoxsa, biz onlardan soruşarıq ki, bu problemlərin həlli üçün dövlət büdcəsindən ayrılan milyonlar hara xərclənir?

Elçin Bayramlı

Elçin Bayramlı: “Ət monopoliyası qiymətin ucuzlaşmasına imkan vermir”

“Kimsə öz heyvanını gətirib bazarda 9 manata sata bilmir, onu “başa salırlar” ki, ət 11 manatadır. Hətta bəzi qəsablar etiraf edirlər ki, ətləri xarab olsa belə, onu ucuz sata bilmirlər”

Azərbaycanın ət idxal etdiyi ölkələrdən olan Gürcüstanda mal ətinin qiymətində 2 lari bahalaşma qeydə alınıb. Gürcüstanın “Business Press News” nəşri məlumat verib ki, Tbilisinin aqrar bazarlarında bir ay bundan qabaq kiloqramı 18 lari (10,4 manat) olan mal əti hazırda 20 lariyə (11,5 manat) təklif olunur. Mağazalarda isə ətin qiyməti 21 lari (12 manat) təşkil edir. Qonşu ölkədə ətin bahalaşması bu qida məhulunun çatışmazlığı və xarici ölkələrə diri mal-qaranın ixracı ilə əlaqələndirilir. Mal ətinin qiymətinin artmasının davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ölkəmizin ət tələbatının önəmli bir hissəsi idxal hesabına ödənilir. Doğrudur, bir sıra rəsmi şəxslər, o cümlədən də Kənd təsərrüfatı naziri İnam Kərimov bu faktı təkzib etməyə çalışır, amma Dövlət Statistika Komitəsinin, o cümlədən də Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər fərqli mənzərəni ortaya qoyur. Qeyd edək ki, nazir ilin əvvəlində “Azərbaycanda “ət və süd məhsulları ilə özünü təminetmə 90 %-ə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100 %-dən çox olub” -deyə, açıqlama vermişdi. Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, 2018-ci ildə Azərbaycana 47399,29 ton ət və 9511,43 ton süd məhsulu gətirilib. Onların dəyəri 70075 və 12652 min dollar təşkil edib. Bu isə 2017-ci ilin nəticələri ilə müqayisədə həcmə görə ət idxalının 18,2%, süd idxalı 7,2% artması deməkdir. Ümumiyyətlə, statistik rəqəmlərə görə, 2015-ci ildən indiyədək ət idxalı 3,2 dəfə artıb. Ölkəmizin ət idxalçılarının arasında, hətta Braziliyanın da adı var. Bu ölkədə istehsal olunan ət keyfiyyətcə aşağı səviyyəli hesab olunsa da, Braziliyadan idxal həcmləri artmaqda davam edir.

Bəs, qonşu Gürcüstanda bahalaşmanın ölkəmizdə qiymətlərə təsiri gözlənilə bilərmi?

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda ətə tələbat çox aşağıdır, ona görə də qonşu ölkədəki bahalaşmanın ölkəmizdə ətin qiymətinə ciddi təsiri gözlənilmir: “Əslində qiymət artımının baş veməsi bazar qanunlarına ziddir. Çünki ətə tələbatın ilin ən az olan mövsümüdür, yayın bol məhsulları var. Amma süni qiymət artımının baş verməsi mümkündür. Bizdə qiymətlər yəni sərbəst müəyyən olunmur, adətən, bütün ölkə üzrə standart olur. Kimsə öz heyvanını gətirib bazarda 9 manata sata bilmir, onu “başa salırlar” ki, ət 11 manatadır. Hətta bəzi qəsablar etiraf edirlər ki, ətləri xarab olsa belə, onu ucuz sata bilmirlər. Bu baxımdan, “ət monopoliyası”nın bu amildən istifadə edərək, qiymətləri 10 faiz artırması mümkündür”.

İqtisadçı deyir ki, müvafiq qurumlar, o cümlədən də Dövlət Qida Təhlükəsizliyi Agentliyi ət kəsimini qadağan etməkdənsə, tam rəqabətli bazar mühitinin formalaşmasına nəzarət etməlidir: “Əgər bu gün Gürcüstanda ət 1 manat bahalaşıbsa, qoy bizdə də bahalaşsın, amma gələcəkdə 3 manat ucuzlaşanda da bunun ölkəyə təsiri olsun. Amma bizdə bu baş vermir”.

Elçin Bayramlı deyir ki, qonşu ölkədəki qiymət artımının sonrakı dövrlərdə Azərbaycan bazarına təsiri mümkündür: “Çünki son dövrlər ərzində idxalın səviyyəsi artır ki, bu da heyvandarlıqda tənəzzülün baş verməsi ilə əlaqədardır. Otlaq sahələrinin əkin üçün ayrılması istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu baxımdan da yaxın gələcəkdə ətin qiymətinin düşəcəyi gözlənilən deyil. Azərbaycana ət ixrac edən ölkələrdə — o cümlədən də Gürcüstan, Ukrayna, Rusiyada qiymətlərdə baş verən proseslər ölkəmizə təsirsiz ötüşməyəcək. Qeyd edim ki, idxal olunan məhsulların qiyməti yerli məhsulların qiymətinə də təsir edir. Baxmayaraq ki, bu zaman yerli istehsalda maya dəyəri artmır, onlar da qiymətləri idxal olunan malların qiymətlərinə uyğunlaşdırır. O zaman bazar qiymətləri tənzimləyə bilər ki, monopoliya aradan götürülsün və heyvandarlıq inkişaf etsin”.

İqtisadçı deyir ki, Kənd Təsərrüfatı Nazirliyi bazarda sərbəst qiymət siyasətinin formalaşmasına köməklik etməkdənsə, bunun əksinə fəaliyyət göstərir.

Xatirə Nəsirova

https://aqreqator.az/az/iqtisadiyyat/213156

Azərsu məmurları sudan milyonlar qazanır, dövlətə isə…

Su təchizatı sahəsindəki biabırçılıqlar və korrupsiya faktları ilə bağlı mənə maraqlı məlumatlar gəlməkdə davam edir. Bu faktlar Azərsu nun niyə dövlət büdcəsindən ən çox vəsait aldığı halda büdcəyə ən az vəsait ödəyən təşkilat olduğuna aydınlıq gətirir.

Kiçik bir misalla bunu sizə də izah edim. Məsələn, Azərsu ASC Tovuz rayonunda (eləcə də digər rayonlarda) qeyri əhali kommersiya obyektlərinin çoxuna suyu «leviy» verir pulu alıb ciblərinə qoyurlar ya da rüşvət alıb sayğacda yazılan 500 manatı 100 manata endirə bilirlər. Böyük bir restoranın şadlıq evinin ödədiyi su puluna baxmaq kifayətdir ki bunu görəsən.

Mən kiçik bir mənzilə ayda 10 manat ödədiyim halda gündə on tonlarla su işlədən restoran və sair iaşə obyekti 20-30 manat ödəyir. Əksər kommersiya obyektləri ilə bu əsasda işləyirlər. Həm də təkcə onlarla yox əhali ilə də. Evlərin heç də hamısına sayğac quraşdırılmayıb. Sayğac olan bir çox evə də «leviy» xətt çəkməyə icazə veriblər hesablamalarıma görə rayondakı 20-30 faizində belədir.

Azərsu məmurlarını dövlət büdcəsi yox öz büdcələri maraqlandırır. Adi bir fəhləni, su pulu yığanı işə götürərkən 2-5 min arası rüşvət alan idarədən nə gözləmək olar ki?

Cənab prezidentimiz əhalinin sosial rifahını yüksəltmək üçün su təchizatına yüz milyonlarla pul ayırır, suyun qiymətinin artmasına icazə vermir, lakin bu o demək deyil ki yığılan milyonların çoxu Azərsuda oturub dövləti aldatmağa çalışan bəzi «müəllimlərin» cibinə gedə. Sonra da deyələr ki bəs suyu maya dəyərindən xeyli ucuz satırıq.

Bu sahədəki biabırçılıqlarla bağlı faktlar çoxdur. Vaxt olduqca hamısını sizin və müvafiq orqanların nəzərinə çatdıracam.

Elçin Bayramlı

Aqrar sektora “ikinci nəfəs”?

Prezident İlham Əliyev avqustun 19-da Azərbaycanda «Aqrar Sığorta haqqında» qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalayıb.

Qeyd edək ki,  Aqrar Sığorta Fondu Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Fərmana əsasən, Nazirlər Kabineti Fondun nizamnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Fondun nizamnamə kapitalı ilkin olaraq 1 milyon manat olacaq, 2020 və 2021-ci illərdə isə fondun kapitalı müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq.

Qeyd edək ki, Aqrar Sığorta Fondu Himayəçilər Şurası tərəfindən idarə olunacaq. Şura 5 üzvdən ibarətdir. Onlar Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və Fermerlər Asosiasiyasının (1 nəfər) nümayəndələridir. Fondun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olacaq.

Maraqlıdır, görəsən, Aqrar Sığorta Fondunun yaradılmasının fermerlərə nə kimi faydası olacaq?

Məsələ ilə bağlı “Cümhuriyət”ə açıqlama verən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, tanınmış jurnalist Elçin Bayramlı ilk növbədə, aqrar sahədə indiyə qədər olan sığorta problemindən söz açıb:

“Məlumunuz olduğu kimi mən aqrar sahəyə daha çox diqqət göstərirəm. Bu sahənin ölkəmiz üçün nə dərəcədə vacib olduğunu deməyə ehtiyac da yoxdur. Aqrar sektorda əsas problemlərdən biri də onunla bağlıdır ki, sığorta şirkətləri təsərrüfatları sığortalamaqda maraqlı deyillər. Ona görə də fermerlər risk eləmirlər. Məsələn, bir fermer  bankdan 20-30  min kredit götürür və bir növ bu pulları torpağa basdırır. Bir təbii fəlakət baş verdikdə isə fermer müflis olur. Ömrünün axırına kimi borc ödəyir. Ona görə də riskə getmək istəmir. Çünki təminatı yox idi”.

Ekspert Aqrar Sığorta Fondunun yaradılması ilə yaxın 1-2 il ərzində ölkədə təsərrüfatda ciddi irəliləyiş olacağını diqqətə çatdırıb:  “Dünyada nümunəvi aqrar ölkələrdə mövcuddur. Məsələn, Belarusiya, İsrail, Hollandiya, Rusiya bu ölkələr sırasındadır. Ona görə də orada bütün fermerlər, aqrar təsərrüfat yaradan biznesmenlər çox rahatlıqla işləyirlər. Çünki bilirlər ki, dövlət buna qarant durur.

Aqrar sığortaya bizdə də dövlət böyük diqqət ayırır. Yalnız aqrar sığortanın olmaması bütün görülən işlərin effektivliyini azaldırdı. Ona görə də biz uzun illər aqrar sığortanın vacibliyindən yazırdıq. Hətta şirkətləri də sığorta etmədikləri üçün tənqid edirdik.

Artıq bu yeni fondun yaranması tezliklə əsaslı və fundamental dəyişiklik yaradacaq. 1-2 il ərzində bütün istifadəsiz torpaqlardan istifadə olunacaq, heyvandarlıq, balıqçılıq, arıçılıq artacaq. Üstəlik, aqrar sənaye sahələrində də böyük irəliləyiş olacaq. Bütün təsərrüfatlarda artım olacaq, ölkədə məhsul bolluğu yaranacaq. Həm  yeni iş yerləri yaranacaq, həm də ixrac imkanları genişlənəcək. Məsələn, fermerlərin imkanları artanda pomidoru dəyər-dəyməzinə satmayacaqlar. Balaca bir istehsal sexi yaradıb, orada tomat düzəldib xaricə xammalı satdıqlarından dəfələrlə baha satacaqlar. Artıq sığorta olduğu üçün fermer hər işə əl qoyacaq. Çünki arxalarında dövlət dayanır. Hansı ölkələrdə ki, aqrar sahə inkişaf edir, deməli, dövlət ona dayaq durur. Hətta dövlət yardımı olmasa, ərzaq baxımından Amerika belə batar və məcbur qalıb xaricdən idxal edər. Bəzi ölkələrdə dövlət aqrar sektorda bəzən hətta edir. Sahibkar 5 manatlıq məhsul istehsal edir, lakin dövlət buna 10 manatlıq xərc çəkir ki, ölkə ərzaq baxımından xaricdən asılı olmasın. Bizdə də bu məsələlər həmin qanunla yəqin ki, tənzimlənəcək  və xeyli maliyyə vəsaiti ayrılacaq. Bu fonda böyük maliyyə ayrılsa, bir-iki ilə çox böyük irəliləyiş olacaq”.

Elçin Bayramlı hesab edir ki, bu fond Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daha əvvəl yaradılmalı idi:  “Bu fond vəsaitlər verəcək və həm dövlət sığorta şirkəti, həm özəl sığorta şirkətləri ondan bəhrələnəcək.  Dövlət Aqrar Sığorta Şirkəti təkdir.  Digər 25-ə yaxın  şirkət  isə özəldir. Onlar da  deyir ki,  özümüz bilərik. Sığortalamaq bizdən asılıdır. Amma qanun yəqin ki, məcburi öhdəlik qoyacaq.

Mən həmişə aqrar sektorda problemləri sərt şəkildə dilə gətirirəm. Amma bu gün onu deyə bilməyəcəm, çünki bu addım aqrar sığortanın inkişafında ən vacib addımlardan biri idi. Yeni qanunda problemli məsələlər tənzimlənəcək. Dövlət aqrar sektorun inkişafı üçün bunu çoxdan etməli idi”.

Səyad Həsənli

Cebhe.info

https://cebhe.info/p_span_style_color_e74c3c_strong_aqrar_sektora_ldquo_ikinci_nefes_rdquo_strong_span_p-161589?fbclid=IwAR1SLe5-kfLAKTW-AQotngp9Hxpr9QUs6WVJnT6BkpehqQ2vNuJynsaJ94w

Tovuz Kommunal Təsərrüfatı Birliyi Ekologiya Nazirliyini necə aldatdı?

Bir neçə gün əvvəl Tovuz şəhərinin mərkəzində, İcra Hakimiyyətinin binası yanında cavan və sağlam ağaclara qarşı “yaşıl soyqırım” törədilməsi pprosesindən fotolarla həyəcan təbili qaldırmışdım. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə operativ reaksiya verərək ağacları kəsən şəxsi külli miqdarda cərimələyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən mətbuata verilən məlumata görə, Tovuz şəhərində ağac kəsilməsi ilə bağlı daxil olan şikayət  nazirliyin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.

Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.  Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.

Tovuz şəhərinin mərkəzində sağlam ağacların kəsilməsi faktı haqda qaldırdığım məsələyə operativ reaksiya verməsinə və yüksək cərimə tətbiq etməsinə görə Ekologiya Nazirliyinə Ekoloq Jurnalistlər Birliyi adından təşəkkürümü bildirirəm. Sadəcə, qeyd etmək istəyirəm ki, burada 1 yox, 2 sağlam ağac kəsilib -söyüd ağacından başqa yanındakı cavan küknar ağacı da kəsilib. Kəsim vaxtı çəkdiyim fotolarda da bu aydın görünür. Nazirlik əməkdaşları həmin söyüd ağacının yanındakı yeri diqqətlə nəzərdən keçirsələr həmin cavan küknar ağacın kötüyünü görə bilərlər.  Bəlkə də tez-tələsik üstünü torpaqla örtüblər deyə görünməyib və nazirliyi aldadaraq yalnız 1 ağac kəsdiklərini bildirilər.

Üstəlik, İdarənin təkcə ağacı kəsən işçisi yox, ona bu tapşırığı verən məsul şəxs və idarə rəhbəri də cərimələnməlidir. Həmin işçi ağacı özbaşına kəsməyib və ona bu tapşırığı tabe olduğu vəzifəli şəxs verib. KTB-nin müdiri Xaqani adlı şəxs hadisə yerində idi və mənim çəkiliş apardığımı görən kimi ərazini tərk etdi. İşçilər isə ağacları özbaşına kəsmədiklərini, onlara bu tapşığın rəhbərlik tərəfindən verildiyini bildirdilər.

Ekologiya Nazirliyindən digər ağaca görə də cərimə tətbiq etməyi və sıravi işçini yox, ona bu tapşırığı verən idarə müdirini cərimələməsini tələb edirəm.

Faktı mətbuatda işıqlandıran bütün həmkarlara təşəkkürlər. Bu idarənin nazirliyi aldatması haqda məlumatdan da istifadə edə bilərlər. Məsələni gündəmdə saxlayacam.

Elçin Bayramlı

Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

Tovuz şəhər mərkəzi meydanında ağac qırğını

Dünən axşam Tovuz şəhərinin mərkəzindən keçərkən qəflətən bir cinayətin şahidi oldum. Şəhərin mərkəzi meydanında — İcra Hakimiyyətinin binasının yanında günün günorta çağı sağlam və cavan küknar ağacları kəsilirdi. Cinayət yerinə yaxınlaşıb fotoları götürdüyüm vaxt ətrafdakı məsul şəxslər dərhal müxtəlif istiqamətdə aradan çıxdılar. Ağacları kəsən və zibil maşınına daşıyanlar Kommunal Təsərrüfat İdarəsinin işçiləri oldiqlarını bildirdilər. Ətrafdakı şəxslərdən və RİH-i mühafizə edən polis nəfərindən soruşsam da, işin kimin tapşırığı əsasında aparıdığını gizlətdilər. Küçə kənarında əkilmiş, əvvəllər Qastronom olmuş, indi isə «Sultan market» adlanan mağazanın qarşısındakı səkiyə kölgə salmaqdan başqa heç nəyə mane olmayan ağacların kimin tapşırığı ilə və hansı sənəd əsasında kəsildiyini aydınlaşdırmaq mümkün olmadı. KTİ-nin müdiri Xaqani müəllimlə telefon əlaqəsi saxladım, dedi ki, bizə ancaq zibili daşımaq tapşırılıb, kimin kəsdirdiyini deyə bilmərəm. Axşama kimi məsələni aydınlaşdıra bilmədim, iş vaxtı qurtardığından icra hakimiyyətində heç kim yox idi. Sakinlərdən biri ağacların «Sultan market»in qarşısını açmaq üçün kəsildiyini ehtimal etdiyini dedi. Guya market daha yaxşı görünsün deyə. Bu gün məsələni aydınlaşdırmağa çalışacam. Ərazi ekologiya və ya yaşlllaşdırma idarələrinin bu ağac qətliamından xəbəri olub olmadığını, kəsintiyə icazə verilib verilmədiyini dəqiqləşdirəcəm. Faciə ilə bağlı rayon polis idarəsinə də məlumat vermişəm. Əgər bu ağacların kəsilməsi üçün müvafiq ekspert komissiyasının aktı və kəsilməsi üçün qanuni icazə sənədi yoxdursa, bunu edənlərin cəzalandırılması haqda yuxarı orqanlar qarşısında məsələ qaldıracam.

Elçin Bayramlı

Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

Sudan gələn milyonlar hara gedir?

İçməli su təchizatındaki korrupsiya elementlərindən daha biri haqda Azərsu-dakı mənbəm mənə maraqlı bir fakt tədqim edib.

Demək Azərsu ASC yaşıllaşdırma idarələrinə parkların və digər yaşıllıq sahələrinin suvarılması üçün su verir. Bura qədər normaldır və belə də olmalıdır. Normal olmayan isə odur ki, yaşıllıq üçün tələb olunan su həcmindən dəfələrlə artıq su buraya yönəldilir və o suyun da böyük hissəsi kommersiya obyektlərinə «leviy» satılır. Yəni, əhalidən və yaşıllıqdan kəsilən min kubmetrlərlə su bəzi xalqdan utanmaz və qanundan qorxmaz «müəllimlər» tərəfindən bəzi sahibkarlıq obyektlərinə satılır və əldə olunan milyonlarla vəsait dövlət büdcəsinə getmək əvəzinə həmin «müəllimlərin» cibinə gedir.

Cənab Prezidentimizin və dövlətinizin əhalinin sosial problemlərinin həlli üçün böyük zəhmət çəkməsi və bu məqsədlə milyardlarla vəsait ayırması fonunda belə əməllər aşkar sabotajdan və açıq düşmənçilikdən başqa bir şey deyil.

Ümidvaram müvafiq orqanlar bu məsələnin təhqiqatını aparacaq və lazımi tədbirlər görülməsini təmin edəcəklər.
Hələlik əldə olunan milyonların tərəflər arasındakı bölüşdürmə nisbəti haqda dəqiq məlumatım yoxdur.
Mənbəm məsələ ilə bağlı əlavə informasiyalar verəcəyini bildirib. Əldə etdiyim hər hansı bir məlumatı dərhal ictimailəşdirəcəm.

Jurnalistlərin məlumatdan birbaşa istifadəsinə icazə verirəm.

Elçin Bayramlı

Azərsu-nun çirkli su biznesi

İçməli su problemləri ilə bağlı çıxışlarımdan sonra müxtəlif mənbələrdən mənə bu sahədəki biabırçılıqlarla bağlı xeyli faktlar və materiallar göndərilib. Onları toplayıb bir geniş araşdırmada verəcəm. Hələlik xırda faktlardan birini- Bakıətrafı qəsəbələrdən birində baş vermiş korrupsiya faklarından birini yazım jurnalistlər araşdırmaq istəsə qəsəbənin adını verəcəm.


Deməli Azərsu həmin qəsəbədə bir maşenniklə gizli qarşılıqlı faydalı razılaşma əsasında iri su xəttini ona verib. Həmin adam da bu xətdən minlərlə evin mövcud olduğu qəsəbədəki sakinlərə toçkanın birini 500 manatdan satır. Su həyətə çəkilən kimi Azərsu peyda olur sayğacı quraşdırır və su pulunu alır. Arada on minlərlə bəlkə də yüz minlərlə pulu kimsə camaatdan rüşvət kimi yığır və özü ilə Azərsu rəhbərliyindəki havadarı arasında bölüşdürür. Halbuki qanunla Azərsu su xəttini həyətlərə özü çəkməli və sayğac qurub suyu satmalıdır. Burada aşkar korrupsiya cinayəti faktı var. Belə əməllərlə bəzi məmurlar əhalidə sosial narazılıq yaradır dövlətin sosial siyasətinə ləkə gətirirlər. Cənab Prezidentin əhalinin təmiz içməli su ilə daimi təminatı üçün çalışması, dövlət büdcəsindən bu məsələnin həllinə milyardlarla pul ayırması fonunda hansısa məmurların belə hərəkəti aşkar sabotajdır.
Faktı qəsəbə sakinlərindən olan və bu məsələ ilə bağlı ətraflı məlumatı olan bir vətəndaş verib. Araşdırma istəyən jurnalistlərə qəsəbənin adını deyə bilərəm. Sadəcə bir iki detalı dəqiqləşdirməliyəm 2-3 gün ərzində faktla bağlı əlimdə tam məlumat olacaq. Bu gizli razılaşmanın Azərsu nun özündə yoxsa yerli idarəsində bağanmasını dəqiqləşdirmək və toçkaların sayını bilmək də bura daxildir. Ona görə də tam araşdırma aparmaq istəyənlər azacıq səbr etsinlər. Televiziyaların sözü olmasın kanalımızı izləyin…

Elçin Bayramlı

Ekspertdən SOS: “Əhaliyə qarşı qida terroru həyata keçirilir”

Elçin Bayramlı: Bunun da nəticəsi özünü ağzınadək dolu olan xəstəxalanarda və apteklərdə, həmçinin cavan və orta yaşda dünyasını dəyişənlərin hesabına sürətlə böyüyən qəbiristanlıqlarda göstərir”

“Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Bu sahəyə nəzarət sıfır səviyyəsindədir”

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, qida təhlükəsizliyi üzrə ekspert  Elçin Bayramlı Feysbuk hesabında maraqlı paylaşım edib. İqtisadçı bildirib ki,  “Təbii” adı ilə satılan inək südü bişiriləndən sonra əcaib hala düşüb.  Çünki südün yarısı ximikat teksun və kanserogen palma yağından ibarətdir.

Təəssüf ki, ölkmizdə qida məhsulları ilə bağlı durum acınacaqlıdır. Hətta vəziyyət o həddə çatıb ki, təbii hesab etdiyimiz kənd məhsullarında belə müəyyən neqativliklər müşahidə olunur.

Qidalarda çoxsaylı ultrakimyəvi qatqıların olması milli genefonduna ciddi zərbə vurur.

Bəs, bu işə kimlər nəzarət etməlidir, hansı işlər görülməlidir ki, qida məhsulları ilə bağlı normal və inamlı bir atmosfer yaransın ?

Suallarımızı cavablandıran Elçin Bayramlı “Sherg.az”a açıqlamasında bildirdi ki, bu gün qida sektorunda vəziyyət faciəvidir.

“Qida terroru tüğyan edir”

Ekspertin sözlərinə görə, dünyada qlobal qida terroru tüğyan edir və öz bazarını qorumayan ölkələr ciddi təhdid altında və milli genefondun dağılması təhlükəsi qarşısındadır: “Artıq dünya əkinlərinin 70 faizindən çoxunu GMO əkinlər təşkil edir. Genetik modifikasiya edilmiş ərzaq məhsulları insanların bioloji strukturunda və təbiətdə faciəvi dəyişikliklərə səbəb olur və olacaq. Etiraf edilməsə də, artıq çox ciddi nəticələr var. Bəzi ölkələr GMO-nu qadağan edib. Bizdə də müxtəlif qanunlarla qadağan edilib, lakin kağız üzərində qalıb. Problem təkcə GMO məhsullarla da bitmir. Əkinlərə yüzlərlə növdə zəhərli dərmanlar vurulur, heyvanlara hormonal qidalar verilir və kimyəvi iynələr vurulur. Bundan başqa qida sənayesində 100 mindən artıq qida əlavələri, kimyəvi qatqılar, rəngverici, dadverici, ətirverici, istifadə müddətini artıran ultraximikatlar tətbiq olunur. Bütün bunlar insanın təbii qida zəncirini dağıdır və orqanizmin xəstəliklərə müqavimətini sıfıra endirir. Bu gün mağazalarda satılan məhsulların heç birinin qidaya aidiyyətı yoxdur. Bazarlarda isə hələ ki, bir neçə təbii məhsul tapmaq mümkündür. Bütün tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə yarısı transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın genini dağıdır. Mal-qaraya və qoyun-keçiyə ət və südünün çox olması üçün xüsusi hormonal iynələr vurulur”.

“Yağların 99 faizi saxtadır”

İqtisadçı emal sənayesi məhsullarının daha təhlükəli olduğunu diqqətə çatdırıb: “Emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onda qidaya aid heç nə qalmır. Bunların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır. Qida bazarında əhaliyə təklif olunan yağların 99 faizi saxtadır. Ən yaxşı halda kanserogen palma yağıdır. Bu, konkret olaraq bədən tempraturunda əriməyən texniki yağdır. Digər hallarda isə quru süddən, müxtəlif ultraximikatlardan, spredlərdən ibarətdir. Bir çoxu bunu məhsulun üzərində açıqca yazır. Bitki yağları da eyni vəziyyətdədir. Yalnız bəzi zeytun yağlarını istisna etmək olar.

Bu vəziyyətdə insanlar kənddən gətirilən məhsulları almağa üstünlük verməyə başlayıblar. Lakin bundan istifadə edən işbazlar kənddən gətirmək adı ilə saxta və süni məhsuları əhaliyə sırıyırlar. Hətta bu işlə məşğul olan şəbəkə var. Onlar rayonların birindəki bir sexdə süni yağlar, süd və qatıq düzəldir, bunu bəzi adamlar vasitəsilə köhnə maşınlarda böyük şəhərlərə göndərir və həyətlərdə təbii kənd məhsulu adı ilə satdırır. Maraqlıdır ki, ən ucuz halda nehrə yağının kiloqramı 15 manatdan baha başa gəldiyi halda, bu nehrə yağları 8-12 manat arasında satılır. Mağazada paket südlərin litri 1,5 manatdan baha olduğu halda bu südlər 1 manatdan satılır. 3-4 manata satılan pendir, kəsmik, qaymaq, smetan kimi süd məhsulları tam ximikatdır”.

“QTA qida təhlükəsizliyi yox, qida təhlükəsi yaradır”

Ekspert diqqətə çatdırırb ki, konkret olaraq bu gün əhaliyə qarşı qida terrroru həyata keçirilir: “Bunun da nəticəsi özünü ağzınadək dolu olan xəstəxalanarda və apteklərdə, həmçinin cavan və orta yaşda dünyasını dəyişənlərin hesabına sürətlə böyüyən qəbiristanlıqlarda göstərir. Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Bu sahəyə nəzarət sıfır səviyyəsindədir. Bütün bunlarla Qida Təhlükəsizliyi Agentliyi (QTA) məşğul olmalıdır, o da ki yalnız kağız üzərində möcvuddur və işi-gücü ancaq kənddən sağlam heyvan gətirib Bakıda satan qəssablarla mübarizədən ibarətdir. Bu agentlik qida təhlükəsizliyi yox, qida təhlükəsi yaradır. Eyni sözlər Kənd Təsərrüfatı Nazirliyinə də aiddir. Ona görə də hər kəs öz başına çarə qılmalıdır”.

“İnsanlar qida yox, qidanın imitasiyasını qəbul edirlər”

“Müvafiq orqanlar hansı işlər görməlidir?” sualına gəlincə, E.Bayramlı daha bu suala cavab verməyəcəyini bildirdi: “Çünki son 20 ildə müvafiq orqanların nə etməli olduğunu yüz dəfələrlə demişik və heç bir reaksiya olmadığına, tədbir görülmədiyinə görə təkrarlamaq faydasız olardı. Əhali qlobal qida terroru qarşısında müdafiəsiz buraxılıb. Hər kəs özünü və ailəsini qorumaq yollarını özü fikirləşsin və bir yol tapsın.

Hazırda insanlar əvvəlkindən fərqli olaraq, qida yox, qidanın imitasiyasını qəbul edirlər. Yəni, həmin qidaya məharətlə oxşadılmış süni kimyəvi maddələr yeyirlər. Orqanizm isə bunları qida kimi tanımır və oradan özünə lazım olan maddələri ala bilmir. Hüceyrələrin funksiyası pozulur, immunitet zəifləyir və nəticədə xərçəng yaranır.

İnsanlarımızı mümkün qədər mağazalardakı paketlənmiş yerli və xarici qida məhsullarından az istifadə etməyə, ərzaq ehtiyaclarını daha çox kəndlərdən gətirtdikləri məhsullarla ödəməyə çağırıram. Əlbəttə, kəndlərdən gətirilən məhsulların da bəzilərində təhlükə var,- məsələn tərəvəzlərə güclü dərmanlar vurulur, südə, qatığa kimyəvi marqarin qatılır və s. Lakin bunlardakı təhlükə mağazalardakı emal sənayesi məhsulları ilə müqayisədə on dəfələrlə azdır.

Broyler toyuğu və yumurtasından, həmçinin kolbasa-sosiska məmulatlarından istifadə etməsinlər. Şəkər, ağ çörək, duzdan istifadəni minimuma endirsinlər. Yabanı bitkilər, çiçək çayları, təbii bal, limon, zəncəfil, sirkə kimi məshullardan gündəlik istifadə etsinlər ki, qidalarla zəhərlədiklərin orqanizmi təmizləsinlər. İçdikləri suya fikir versinlər və təmizliyinə əmin olsunlar. Şüa yayan cihaz və aparatlardan mümkün qədər aralı dursunlar, hərəkətli həyat tərzinə üstünlük versinlər. Əsəb xəstəliklərinə tutulmamaq üçün televiziyalara baxmasınlar.

Xəstələnəndə mümkün qədər təbii vasitələrə üstünlük versinlər, çünki dərmanlar saxtadır. Gigiyenik vasitələrlə də ehtiyatlı olsunlar. Məsələn iysiz, rəngsiz sabunlara üstünlük versinlər. Kosmetikadan, saç boyalarından, ximikat ətirlərdən mümkün qədər aralı dursunlar. Özlərini və sağlamlıqlarına cavabdeh olduqları uşaqlarını qorusunlar. Onları kimyəvi mağaza şirniyyatlarına yox, meyvələrə öyrətsinlər. Əks halda bu bioloji terrorun nəticələri çox dəhşətli olacaq”.

Yeganə Bayramova

https://sherg.az/x%C9%99b%C9%99r/101812?fbclid=IwAR1YZCMSFMAfbVdBkn-r3-DwlaA3gF1tR1mzIC1b5OX4YVcByfg3kaDbQXw