Elçin Bayramlı: “Gömrük rüsumu avtomobilin dəyərindən yüksəkdir”

“İdxalına icazə verilən maşınların gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar”

Son günlər Bakıda xarici dövlət nömrə nişanı ilə sərnişindaşıma xidməti göstərən avtomobillərə rast gəlirik. Buna səbəb son illlər avtomobillərin gömrük rüsumunun və aksiz vergisinin artırılmasıdır. Nəticədə avtomobillər sürətlə bahalaşır, yaxud da avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi aparılmır.

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bizimyol.info-ya bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər yaradır: “Ölkəyə gətirilən avtomobillərlə bağlı monopolist maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib. Misal üçün, bəzi ölkələrin istehsalı olan maşınların 2006-cı ildən, bəzi ölkələrinkini isə hətta 2011-ci ildən əvvəlin istehsalı olanının ölkəyə gətirilməsinə imkan verilmir. Bu, əlbəttə, ölkədə təzə maşın satışı ilə məşğul olan qüvvələrin bazarının artmasına hesablanıb. Vətəndaşlar, misal üçün, 2005-ci ilin təptəzə qalmış, bütün standartlara cavab verən, yüksək keyfiyyətli maşınlarını gətirə bilməz. Salondan təzə maşın almaq isə əksər insanlar üçün əlçatmazdır.

Beləliklə, ölkədə işlənmiş maşınlara tələbat artır, lakin idxal olmadığından bu tələb ödənilmir və bahalaşma yaranır. Nəticədə, məsələn, vətəndaş özünün 85-ci il istehsalı olan artıq istismar müddətini başa vurmuş maşınını bir az təzələmək üçün 2005-ci ilin maşınına dəyişə bilmir və ölkə köhnə maşın qəbiristanlığına dönür. Burada belə bir bəhanə irəli sürmək ki, guya maşın parkını təzələmək məqsədi güdürlər, bu, çox gülünc və qeyri-adekvat cavabdır. Fakt odur ki, bu, tam əksinə effekt verir. Arada dövlət də zərər çəkir, maşını 10 min əvəzinə 20 minə almalı olan vətəndaş da. Qazanan isə yalnız təzə maşın ticarəti ilə məşğul olan bəzi “müəllimlərdir”. Təsəvvür edin ki, böyük əziyyət çəkib maşın istehsal edən avtomobil firması o maşından 5 min dollar qazansın, bizim gömrük onu sadəcə 1 km bu tərəfə buraxmaq üçün 10-15 min qazansın. Belə bir rüsvayçı vəziyyət dünya tarixində görünməmişdir. Belə hallar ölkəmizin nüfuzuna ağır zərbələr vurur.

Bütün bunlardan əlavə, idxalına icazə verilən maşınların da gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar. Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur, bəzi hallarda hətta bir neçə dəfə. Sizə verdiyim fotonümunədəki (bu rəsmi gömrük kalkulyatorudur) dəhşəti dünyada heç bir yerdə görə bilməzsiniz. Qonşu ölkədən 15 min dollar qiyməti olan işlənmiş maşın alıb gətirmək istəyən vətəndaş 120 min manata (!) yaxın rüsum ödəməlidir. Yaxud digər nümunəyə baxaq- Gürcüstandan 120 min dollar dəyərində işlənmiş avtobus alıb gətirmək istəyən vətəndaş sizcə maksimum nə qədər gömrük rüsumları ödəməlidir? Heç ağlınıza da gəlməz. Düz 707 min manat! Bu rüsvayçılıq ölkəmizi bütün dünyada biabır edir. Bu hallara son qoyulmalı, rüsumlar dəfələrlə azaldılmaılı, avtomobilin gömrük rəsmiləşdirilməsində maşının istehsal ilinə yox, texniki vəziyyətinə baxılmalıdır”.

?

E.Bayramlının sözlərinə görə, hazırki gömrük sistemi ölkəyə zərər vurur: «Dəfələrlə bəyan etmişəm ki, ölkədə sosial-iqtisadi vəziyyəti yüksəltmək yolunda əsas maneə gömrükdür. Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kişi işləməli və gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmaq üçün çətinlik çəkirlər, ölkəyə gətirilən mallar astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılmalı olur. Bundan başqa, bir çox malların gətirilməsinə monopolist maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkələrə qoyurlar. Son illərdə qonşu ölkələrə qoyulan sərmayələrin həcminə baxmaq kifayətdir. Bu investisya ölkəmizə qoyulsaydı iqtisadi inkişaf azı 2 dəfə artardı. Parlamentdə boş-boş müzakirələr aparmaqdansa, belə ciddi məsələləri müzakirə edib müvafiq qanunları və rüsumları dəyişsinlər”.

Ekspert: “Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur”

“Paytaxtda yaşayan aztəminatlı insanların sağlamlığı təhlükə altındadır”

Elçin Bayramlı içməli su ilə bağlı müdhiş faktlar açıqladı: “Metsamor AES-in radiaktiv tullantıları gizli yeraltı kanalla Araza axıdılır, Arazla Kürə, Kürlə də Bakıya gəlir”

“Sherg.az”a paytaxtın su təhcizatındakı problemlərdən danışarkən «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı bildirib, xəstəliklərin 80 faizi çirkli sudan yaranır:

“Bakıya verilən su kimyəvi cəhətdən çox çirkli və təhlükəlidir. Ona görə də suyu birbaşa krantdan içmək olmaz. Ən pis halda qaynadılmalıdır, yaxşı halda isə filtrdən keçirilməlidir. Suyun təmizliyi duru görünməsi ilə deyil. Duruluq sadəcə lilin toz-torpağın yatması ilə bağlıdır. Suyun təmizliyi tərkibindəki ağır metalların, kimyəvi maddələrin, toksik və bakterioloji çirklənməsinin səviyyəsi ilə ölçülür. Yəni, su molekulyar dərəcədə çirklənəndə belə duru görünə bilir”.

Ekspert bildirib ki, Metsamor AES-in radiaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də Bakıya gəlir: “Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla bu çoxsaylı təhlükəli maddələri təmizləmək olmur. Xlor onların heç 10 faizini belə təmizləmir. Ona görə də xloru normadan artıq vururlar. Bu da orqanizmə ciddi zərər vurur. Suyu anbarlarda saxladıqda lil çökür. Amma molekulyar tərkibi dəyişimir. Tərkibindəki bakterialar, kimyəvi maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama tempraturunda belə ölməyən bakteriaları suyu saxlamaqla ya da qaynatmaqla məhv etmək olmur”.

ASAM sədrinin fikrincə, su filtrləri çıxış yollarından biridir: “Bu filtrlər faydalı mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr aparatları quraşdırıb. Bu aparatların da normalı 1000 manatdan başlayır və hər adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə altında qalır».

E.Bayramlı onu diqqətə çatdırıb ki, şəhərdəki zərərli sudan qorunmağın daha bir yolu kənddən bulaq suyu gətirtməkdir: “Amma bu da çox baha başa gələn bir işdir. Bir neçə imkanlı adam tanıyıram ki, dağ kəndlərindən su maşınları ilə bulaq suyu gətirdir. Hər maşını 200-300 manata təxminən 7-8 ton su tədarük edir”.

Ekspert deyir ki, Bakıda yalnız Oğuz-Qəbələ suyu təbiidir: “Lakin bu xəttlə nəzərdə tutulduğu qədər su gəlmir. Heç şəhərin 30 faizini ödəmir. Üstəlik, bu su Kür və ya Çeyranbatan suyu ilə qarışdırılır, nəticədə o da çirklənmiş olur. Sumqayıtdakı sutəmizləyici zavod bütün Bakı və Sumqayıtı təmin edə bilsəydi, deyə bilərdik ki, paytaxt və ətrafına təmiz su verilir. Lakin bu su da Abşeron regionunun heç üçdə birini təmin edə bilmir.

Hətta “Azərsu” təmiz su versə belə, su, müxtəlif çürümüş borulardan, çirkli hovuzlardan keçib evlərə gəlib çatanadək xeyli çirklənir. Ona görə də, Bakıdakı su heç bir standarta uyğun deyil və ola da bilməz.

Su gələn mənbələr məlumdur. Suyun kimyəvi tərkibinin təmizlənmədiyi, güclü filtrlərdən keçmədiyi aydındır. Xarici ekspertlər də Bakıdakı suyun təhülkəli olduğunu dəfələrlə deyib.

Qaldı ki, Metsamor AES-in tullantılarının və bir neçə filizsaflaşdırma zavodunun tullantılarının Araza axıdılmasına, bu, faktdır. Bu barədə hələ 15 il qabaq dəyərli alimimiz Məmməd Salmanov da həyəcan təbili çalmışdı. Lakin məndən başqa buna reaksiya verən və gündəmə gətirən olmadı. O vaxt mətbuatda yazılarla çıxış etdim. Amma heç kimdən bir səs çıxmadı.

“Azərsu” deyir ki, Bakıya verilən su əladır, təmizdir. Bakıdakı su yaxşıdırsa, niyə bütün imkanlı vəzifəli adamlar evlərində bahalı su filtr aparatları quraşdırıb?

Su filtr şirkətlərin birində işləyən dostum var. Deyir ki, həmin aparatları bir çox vəzifəli şəxslərin evində öz əllərimlə quraşdırmışam. Hətta çoxu əl yumağa belə o sudan işlədir.

Fakt şəhərə verilən suda Kür və Araz çaylarında ağır metallar var. Bu da bəziləri yolverilən normadan yüz dəfələrlə artıq. Bunu ETSN və xarici mütəxəssislər dəfələrlə təsdiq edib. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir”.

Kənan Eynuroğlu

https://sherg.az/home/search?search=el%C3%A7in+bayraml%C4%B1

Çinlə əməkdaşlıq maksimum genişləndirilməlidir

Elçin Bayramlı: Biz bu ölkədən təkcə istehsal malları yox, istehsal avadanlıqları almaqda da maraqlı olmalıyıq

Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq genişləndirilir. Məlum olduğu kimi ötən gün İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vanq Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllələrində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb. Vanq Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb. Təmsil etdiyi şirkətin fəaliyyəti, Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib.

Xatırladaq ki, mühəndislik, satınalma və tikinti sahələrində fəaliyyət göstərən sözügedən şirkət sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi, kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihənin icraçısıdır. Dünyanın 140 ölkəsində nümayəndəliyi olan şirkətdə 100 minə yaxın işçi çalışır. Onu da əlavə edək ki, ilin əvvəlində bu şirkətlə Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb. Çin-Azərbaycan arasındakı iqtisadi əməkdaşlığa iki gün əvvəl Çinin ölkəmizdəki səfiri xanım Qo Minin etimadnaməsini qəbul edən Prezident İlham Əliyev də toxunub. Dövlət başçısı Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident ölkələr arasında iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmini vurğulayıb.

Çinlə Azərbaycanın iqtisadi münasibətlərinə diqqət çəkən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bəyan edib ki, Çinlə əməkdaşlıq maksimum genişləndirilməlidir. Ekspertin sölərinə görə, Çin dünyanın 3 fövqəldövlətindən biridir: “Çin BMT Təhlükəsizlik Şurasının veto hüququ olan 5 daimi üzvündən biridir. Dünyanın ən güclü iqtisadiyyatına malikdir. Əbəs yerə Çini dünyanın “fabriki” adlandırmırlar. Ən yüksək texnologiyalardan tutmuş ən adi məhsullara qədər istehsal edən ölkədir. Biz bu ölkədən təkcə istehsal malları yox, istehsal avadanlıqları almaqda da maraqlı olmalıyıq. Ölkəmizdə xammal problemi yoxdur. Dünya bazarına hazır məhsullar çıxarmaq üçün sadəcə texnologiyamız çatmır. Amerika, Rusiya, Britaniya, Almaniya, Yaponiya sahib olduqları istehsal texnologiyalarını verməkdə maraqlı deyillər, Çin isə maraqlıdır. Ona görə də Çinlə iqtisadi əməkdaşlıq texnologiyaların ixracı üçün ən əlverilşi imkandır”.

İqtisadçının fikrincə, Çinlə birgə müəssisələr də yaratmalıyıq: “Çin texnologiyası ilə məhsullar ucuz başa gəlir, istehsal həcmi də, keyfiyyəti də çox yaxşı olur. Beynəlxalq iqtisadi araşdırma mərkəzləri yaxın vaxtlarda Çinin iqtisadi sferada təkbaşına hegemonluğu ələ alacağını deyirlər. Bu halda bütün dünya Çindən asılı vəziyyətə düşəcək. Hələlik dünyanın yarısı Çindən asılıdır. Bir çox ölkələr var ki, Çin onlara ucuz məhsul ixracını dayandırsa, həmin ölkələr sadəcə batarlar. Hesab edirəm ki, Qərb ölkələrindən “od” qiymətinə aldığımız istənilən texnikanı və texnologiyanı Çindən çox ucuz ala bilərik. Nüfuzlu Çin şirkətlərinin məhsullarının burada istehsalını təşkil edə bilsək, onların Qərb bazarına rahat çıxışı olar və yaxşı da satılar. Bundan başqa, Çin bizim neft ixracında ehtiyatda duran nəhənf daimi alternativ egenrji bazarıdır”.

E.Bayramlı vurğulayıb ki, Böyük İpək Yolu layihəsinin müəllifi kimi Çin Avrasiyanı bir xətdə birləşdirməyə və böyük ticarət kanalları yaratmağa başlayıb: “Burada trilyonlarla gəlirdən söhbət gedir. Ölkəmiz strateji regionda yerləşdiyindən İpək yolunun bir qanadı üzrə öz mövqeyindən yararlanaraq yaxşı gəlirlər əldə edəcək. Çinlə əməkdaşlığın həm iqtisadi, həm də siyasi dividendləri olacaq. Məhz buna görə son vaxtlar Ermənistan Çinlə əməkdaşlığı gücləndirməyə cəhd edir. Çinin dünya siyasətinə təsiri getdikcə artır. Onun tam dəstəklədiyi dövlət inkişafını sürətləndirəcək və heç vaxt meydanda tək qalmayacaq. Biz Çinin regionda əsas iqtisadi tərəfdaşına çevrilə bilsək, Pekinin Ermənistanla əməkdaşlıqda marağı olmayacaq”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/101471?fbclid=IwAR04Zjkw6ip1hJp8errn-Tb6KPLQ4Z2_R6W-8rVi_LwQRceS5GACEI1JpXg

Mətbuat azadlığı necə tənzimlənməlidir- ANALİZ

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı daim müzakirə obyektidir. Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət göstərən əsas ictimai institut olduğundan, bu müzakirələri vacib saymaq olar.

Heç kimə sirr deyil ki, bəzi şəxslərin fikir plüralizmindən və söz azadlığından sui-istifadə edərək şantaja əl atması, böhtan xarakterli məlumatlar yayması Azərbaycan cəmiyyətinin KİV-lərə olan inamına böyük zərbə vurur.

Mətbuatının fəaliyyətini analiz edərkən məsələyə 2 kontekstdən yanaşmaq olar — söz və mətbuat azadlığı sərt çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.

Birincisi, media və söz azadlığına çərçivə qoyulduqda dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər.

İkincisi, ifrat-azadlıq şəraitində də başqa problemlər yaranır. Bu zaman jurnalistlər vəziyyətdən sui-istifadə edə, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korporativ maraqlar üçün yararlana bilirlər.

Ölkədə mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, şəxsi və işgüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarının sayı-hesabı yoxdur. Bu onu göstərir ki, Azərbaycanda media lazım olduğundan da xeyli çox azad və nəzarətsizdir.

Ümumiyyətlə, söz və mətbuat azadlığının qırmızı xəttini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdəki bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması isə problemi qəlizləşdirir. Belə olduqda, «mətbuat azadlığı necə tənzimlənməlidir» sualı ortaya çıxır.

Əlbəttə, Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet media resurslarının sayının hədsiz çoxluğu müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəfləri də var. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət tərəfdən isə yox. Yaranmış vəziyyəti analiz etsək, görərik ki, ölkədə mətbuat azadlığından sui-istifadə halları getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə ortaya belə bir sual çıxır — İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarırmı?

Bu suala cavab vermək üçün əvvəlcə vəziyyəti analiz etməyə ehtiyac var. Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə edilir. Əvəzində sifarişli, qərəzli, cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir. Belə hallara daha çox internet mediada rast gəlinir. Bu hallar isə öz növbəsində cəmiyyətdə digər problemlərin əsasını qoyur.

Bunları nəzərə aldıqda qətiyyətlə demək mümkündür ki, mediada ultra-azadlıq nə cəmiyyət üçün, nə də peşəkar jurnalistlər üçün optimal yol deyil. Hər məsələdə «qızıl orta» deyilən bir praktika var ki, o, bütün hallarda öz müsbət təsirini göstərir. Azərbaycanda mətbuat azadlığı sahəsində üçüncü yolun seçildiyi aydın görünür. Fərqli ictimai-siyasi formasiyalarda formalaşan mediamızın spesifik tarixi inkişaf xüsusiyyətləri, ənənələri var. Buna görə də, dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir.

Problem ondadır ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda bəzi şəxslər plüralizmi, söz azadlığını özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayır.

Bir çox mətbuat orqanları, jurnalistlər həm qanunvericiliyin tələblərini, həm etik kodeksləri, həm də vicdani kriteriyaları arxa plana keçirirlər. Bu isə bütövlükdə mətbuatı, jurnalistləri cəmiyyətin gözündən salır, ona inamı azaldır.

Konkret olaraq, hazırki situasiyaya baxsaq, Azərbaycanda lazimi qədər plüralizm və söz azadlığının olduğunu görərik. Kim istəsə icazəsiz qəzet, jurnal, agentlik, internet saytılarında, sosial şəbəkələrdə fikirlərini böyük oxucu kütləsinə çatdıra bilir. İstənilən şəxsin hansısa yayım orqanında fikrini ictimailəşdirmək imkanları var. Bundan başqa, sosial şəbəkələrdən, internet forumlardan da bu məqsədlə istifadə etmək olur.

Beləliklə aydın olur ki, Azərbaycanda söz azadlığı, plüralizm üçün lazimi şərait var, kimin bundan necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Mətbuatın bu imkanlardan necə bəhrələnməsinə gəldikdə, hesab edirəm ki, mətbuat, TV, radio, internet saytlar üzərində ictimai və dövlət nəzarəti güclənməlidir. Ta ki, bu sahədə yüksək peşəkarlıq, vicdanlılıq və obyektivlik bərqərar olana kimi.

Yaxın 25 ilin təcrübəsi göstərdi ki, belə olmayanda özbaşınalıq baş alıb gedir. Məsuliyyət tələb edilmədikdə, cəza mexanizmi, ictimai qınaq olmadıqda, ortada ciddi mətbuat olmur. Azərbaycan KİV-ləri də bu mərhələni keçməlidir. Əks halda, cəmiyyətin inamını tamam itirəcək, ənənəvi mətbuat sosial şəbəkələr tərəfindən sıradan çıxarılacaq. Ümidvaram ki, buna imkan verilməz.

Elçin Bayramlı

Kəndə “böyük qayıdış”: Nə zaman başlanacaq?

Elçin Bayramlı: “Belə çıxır ki, regionlarda istehsal varsa, bunlar büdcədən gizlədilir”

«Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasındakı fərq getdikcə azalır” — Ölkənin sosial-iqtisadi inkişafdan danışan Baş nazir Novruz Məmmədovun səsləndirdiyi bu fikirlər etiraz doğurub. Qeyd edək ki, o, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qarşıdakı illərdə bölgələrin inkişafına yeni təkan olacağını söyləyib.

Hökumət başçısı bildirib ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxu da məhz regionların payına düşüb.

Bəs, regionlar sürətlə inkişaf edirlərsə, ölkə əhalisinin Bakıya axını niyə davam edir və 90-cı illərdəki urbanizasiya prosesində paytaxtda məskunlaşan sakinlərin geri dönüşü niyə hiss olunmur? Paytaxt gün-gündən sıxlaşır, küçələr və yollar keçilməz olur?

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, regionlar inkişaf etsə də, bu inkişafın tempi çox zəifdir:

“Deyilənlər real olsa idi, regionlarda canlanma, əhalinin Bakıdan bölgələrə qayıdışı müşahidə olunardı. Bəzi şirkətlər, dövlət orqanları fəaliyyətlərini Bakıda həyata keçirsələr də, pul köçürmələrini bankların yerli şöbələri vasitəsilə reallaşdırırlar, həmin şöbələrdə qeydə alınan vəsaitlər də həmin bölgənin maliyyəsi kimi qeydə alınır. Doğrudur, həyata keçirilən proqramlarının nəticəsində regionlar — aqrar təsərrüfatlar, emal müəssisələri — inkişaf edir, amma bu inkişaf zəifdir. Bakı isə getdikcə böyüyür, ölkənin qalan əhalisi də Bakıya gəlməyə cəhd edir. Çünki karyera, biznes imkanları burdadır. Ölkəmizdə tarazlı deyil, birtərəfli iqtisadiyyat inkişaf edir”.

İqtisadçı deyir ki, regionlarda inkişafın hansı səviyyədə olmasını bazarda kənd təsərrüfatı mallarının qiymətləri də sübut edir:

“Hökumət bu vəziyyətin aradan qaldırılması üçün müəyyən tədbirlər həyata keçirməlidir. Məsələn, bir sıra fabrik, zavodları regionlara yönəltməlidir. Vergi Məcəlləsində dəyişiklik edildi, regionlarla Bakının vergi öhdəlikləri bərabərləşdirildi. Bu, daha pis effekt verəcək. Əvvəllər paytaxdakı fiziki şəxslərlə rayonlardakının vergi öhdəlikləri arasında 2 dəfə fərq var idi. Bu hər hansı istehsal obyektinin, təsərrüfatın regionlarda açılmasını stimullaşdırırdı. Bakının hər hansı bir obyektinin gəliri ilə regiondakının gəliri eyni ola bilməz. Onlar eyni formada vergi verməsi stimullaşdırmaya zidddir. Belə məlum olur ki, fiziki şəxslər üçün kiçik istehsal müəssisələrini Bakıda yaratmaq daha sərfəlidir. Əvvəl isə regionda yaratmaq sərfəli idi”.

Elçin Bayramlı hesab edir ki, Rusiyada, Belarusda, Qazaxıstanda olduğu kimi, Azərbaycanda da “Kəndə qayıdış” proqramı hazırlanmalıdır:

“Bu ölkələrdə kəndlərə gedən insanlara güzəştlər olunur, uzunmüddətli kreditlər, texnika verilir, kəndlər məskunlaşdırılır. Bizdə hazırlanan özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, onun əhatə dairəsi çox kiçikdir. Bu proqramın əhatə dairəsini genişləndirmək olar. Hesab edirəm ki, dövlətin maliyyə ayrılması üçün hər hansı problem yoxdur, bizim 45 milyardlıq strateji maliyyə ehtiyatlarımız 1 faizlə xarici fondlarda yatır. Bunun cəmi 1-2 milyardını 2 faizlə real biznes-planlara yönəltsinlər, dövlət də ikiqat qazansın, insanlarımız da. Niyə bizim investorlar Gürcüstana, Rusiyaya, Türkiyəyə investitsiyalar qoyurlar, çünki onlarda biznes üçün daha əlverişli mühit var. Baş nazir bu cür açıqlama verməkdənsə konkret rəqəmlərlə danışsın”.

Ekspert deyir ki, dövlət büdcəsinin strukturuna nəzər yetirdikdə mənzərə aydın olur:

«Həm ümumdaxili məhsulun, həm dövlət büdcəsinin, həm də ixracın strukturundakı rəqəmlər göstərir ki, ölkə iqtisadiyyatı Bakıdan ibarətdir. Belə çıxır ki, regionlarda istehsal varsa, bunlar büdcədən gizlədilir”.

Xatirə Nəsirova

Ekoloq: Bakıda yaşıllıq həcmi Sovet dövründəkinə nisbətən 2 dəfə azalıb

Elçin Bayramlı: “Son 30 ildə paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək problem 4 dəfə kəskinləşib”

“Biz ətrafımızı o qədər dəyişmişik ki, indi orada mövcud olmaq üçün özümüzü kökündən dəyişməliyik…” Viner Norbert (ABŞ riyaziyyatçısı, “kibernetikanın atası”)

Şəhər mühitinin rahatlığının yüksəldilməsində və çirklənməsi səviyyəsinin aşağı salınmasında yaşıllığın böyük rolu var. Belə ki, şəhərdə (və ya hər hansı yaşayış məntəqəsində) yaşıllıqların salınması, ağacların əkilməsi, bağların, parkların yaradılması həm havanın təmizlənməsinə, həm ərazinin abadlaşdırılmasına, həm də insanların istirahəti üçün gözəl məkanların çoxalmasına müsbət təsir göstərir.

Çox təəssüflər olsun ki, son vaxtlar bu yaşıllıqların, xüsusilə də, ağacların kəsilməsi, məhv edilməsi faktları ilə tez-tez qarşılaşırıq. Bu sahədə mövcud olan problemlər, onların həlli yolları, insanların ekoloji maarifləndirilməsi və s. barədə oxucuları məlumatlandırmaq üçün Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı ilə görüşüb söhbət etdik.

– Elçin müəllim, son 10-15 ildə doğma Bakımızın inkişafı göz qabağındadır. Şəhərimiz abadlaşır, gündən-günə gözəlləşir və müasirləşir. Gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm və modern binalar, meydanlar və körpülər bu gün Azərbaycan paytaxtının ayrılmaz atributlarıdır. Qədimlik və müasirliyin heyrətamiz harmoniyası şəhərimizə özünəməxsus yaraşıq verir. Amma eyni zamanda, şəhərdə əhalinin sıxlığı, çoxlu sayda avtomobillər, onların havaya buraxdığı zərərli maddələr, yaşıllıqların bəzi yerlərdə məhv edilməsi, ağacların vaxtında suvarılmaması, habelə bilərəkdən kəsilməsi və məhv edilməsi faktlarını da görməmək mümkün deyil. Bir ekoloq kimi bu barədə fikirlərinizi bilmək istərdik.

– Əlbəttə, son illərdə Bakıda xeyli abadlıq işləri görülüb, yaşıllıqlar, parklar salınıb. Lakin hələ də yaşıllıq səviyyəsi arzulanan həddə deyil. Sovet dövründə– 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15-16 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək problem 4 dəfə kəskinləşib. Buna görə də, paytaxtda və ətrafında böyük yaşıllıq kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Nazirlik və Heydər Əliyev Fondundan başqa bu işi görən yoxdur. Ekoloji qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız tədbirlər keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə kampaniyaları təşkil etməlidir. Ekologiya Nazirliyi belə təşəbbüsləri dəstəkləyir və belə müraciətlər olduqda tinglərlə təmin etməyə söz verib.

Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır. Burada əsas problem odur ki, Azərsu ASC Bakıda həyətlərdə, məhlələrdə olan su kranlarını 2 ildir kəsib. Nəticədə artıq minlərlə ağac quruyub məhv olub. Bu biabırçılığın qarşısı alınmasa, yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur.

Mövcud ağacların saxlanması sahəsində vəziyyət daha çətindir. Üstəlik, yeni əkilən ağacların çoxu da müxtəlif səbəblərdən quruyur. Ağac əkməklə iş bitmir, bundan sonra onlara qulluq edilməyəndə, vaxtında suvarılmayanda çoxu əmələ gəlmir, çünki Bakıda torpağın keyfyyəti də zəifdir, çox az növdə ağac bu torpaqda, bu iqlimdə yetişə bilir. Ona görə də, hansı tinglərin əkilməsinə xüsusi diqqət verilməlidir, daha çox oksigen verən həmişəyaşıl, dözümlü ağaclar əkilməlidir.

Yeni binaların, yaşayış komplekslərinin tikintisi zamanı onların tutduğu sahəyə müvafiq olaraq yaşıllıq sahəsi şərt kimi qoyulmalıdır. Sakinlər isə binaların həyətlərində boş yerlərdə ağac əkilməsinə təşəbbüs göstərməlidirlər. Yəni, bu işdə həm dövlət, həm cəmiyyət fəal olmalıdır.

– Şəhərimizdə çoxlu tikinti işləri gedir. Bunun üçün bəzi yerlərdə yaşıllıqlar məhv edilir. Bu iş necə tənzimlənməlidir? Tikinti işləri üçün yaşıllıqların məhv edilməsi mütləqdirmi?

– Patyaxtda harda gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Kəsmək mümkün olmadıqda isə, dibinə turşu və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə poblem həll olunmaz. O ərazidə obyekt tikən şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edirəm ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu “yaşıl terror”un qarşısını almaq mümkün olar.

– Bəs regionlarda yaşıllıqların, meşələrin qorunması ilə bağlı vəziyyət necədir? Burada hansı problemləri müşahidə edirsiniz?

– Bir neçə il əvvəl bizim təşkilat Beynəlxalq Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə bir layihə keçirdi. Meşələrdə, qoruqlarda monitorinq apardıq, bəzi problemləri qeydə aldıq. Məsələn, meşələrdə araba və maşınlarla odun daşıyanlara rast gədlik, onların çoxu qurumuş deyil, sağlam ağaclar idi. Bəziləri hansısa arayış göstərərək bunu məktəblər və bağçalar üçün apardıqlarını bəhanə edirdilər, halbuki çoxu satış məqsədilə kəsilir.

Bölgələrdə, xüsusilə də kənd yerlərində heyvanların otarılması zamanı ana təbiətə, əsasən də meşələrə ciddi zərər dəyir. Meşələrdə otarılan heyvanlar yerdən qalxan kiçik pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən sonra yaşlı ağaclar quruyur, yeniləri isə qalxmır, nəticədə meşələr seyrəlir, çılpaqlaşır və tədricən sıradan çıxır. Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa, tezliklə olan-qalan meşələr də yoxa çıxacaq.

– Elçin müəllim, Avropa şəhərlərinin küçələrində müxtəlif rəngli zibil qutuları qoyulur və əhali hansı qutunun nə üçün təyin edildiyini bilir. Məsələn, İsveçdə uşaq bağçasına gedən uşaq bilir ki, açıb yediyi konfet kağızını hansı qutuya atmalıdır. Böyüklər də, həmçinin, tulladığı kağız parçasını plastik üçün nəzərdə tutulmuş zibil qutusuna atdıqda böyük məbləğdə cərimə olunur. Bəlkə də İsveçdə zibilin təkrar-təkrar emalı yaxşı qurulduğuna görə belədir. Bizim ölkədə sizcə, buna necə nail olmaq olar?

– Bu işi dövlət səviyyəsində təşkil eləmək lazımdır. Bir-iki yerdə pilot layihə kimi kiçik miqyasda təşkil edilib, yaxşı da effekt verib, demək bunu bütün ölkə miqyasında tətbiq etmək lazımdır. Bakıda bunun üçün məişət tullantılarını çeşidləyici və emal edici zavod tikilib. Digər iri şəhərlərdə də tikilməlidir. Bunu etməyəndə külli miqdarda xammal və material məhv olur, üstəlik, ekologiyamız da ciddi zərər görür. Bir çox ölkələrdə hətta bəzi tullantılara görə pul da ödənilir. Bizdə də bu işi təşkil etmək, insanları stimullaşdırmaq olar.

Azərbaycanda ekoloji problemlər təkcə bunlarla məhdudlaşmır. Atmosferin çirkləndirilməsi də böyük problemdir, su mənbələrinin çirkləndirilməsi də. Bütün bunlara nəzarət artırılmalıdır.

Yeganə Məmmədova

«Şərq» qəzeti

Kukla Teatrından qısa reportaj

Bir neçə gün əvvəl uşaqları Kukla Teatrına aparmışdım. Doğrusu, bu teatrın tamaşalarını uşaq vaxtı gördüyüm kimi təsəvvür edirdim. Lakin teatra getdikdən sonra tamam başqa mənzərə ilə qarşılaşdım. Gözləmədiyim qədər zövqlü səhnə tərtibatı, peşəkar aktory oyunu və mükəmməl səsləndirmə. Personajların milli geyimləri, onların düzgün hərəkətləndirilməsi, işıqlandırma texnikası tamaşanı təbii canlandırılmış nağıl formasına salmışdı. Bircə narazı qaldığım məqam oldu- zalda çox az tamaşaçı var idi…

1931-ci ildə yaradılmış və hazırda 87-ci mövsümünü keçirən Abdulla Şaiq adına Kukla Teatrı paytaxtımızda uşaqlar üçün ən yüksək mədəni məkan hesab olunur. Teatın səhnəsində həm Azərbaycan («Cırtdan», «O olmasın, bu olsun», Müsyo Jordan və Dərviş Məstəli şah», və s) , həm də dünya xalaqlarının nağılları («Çəkməli pişik», «Qoğal», «Balaca şahzadə», «Karlson» və s.) səhnəyə qoyulur. Tamaşalar Azərbaycan və rus dillərində səhnəyə qoyulur.

Evdə oturub uşaqları hara aparmaq haqda düşünürdüm ki, birdən yadıma Kukla Teatrı düşdü. Teatrın truppa müdiri Elxan İsmayılova zəng edib hansı tamaşalar olduğunu soruşdum. Dedi ki, bir neçə saat sonra «Cırtdan» tamaşası var. Uşaqları götürüb yollandım teatra. Cırtdan nağılını bilirlər, qoy indi də səhnədə canlı baxsınlar.

Zalda çox az tamaşaçı var idi. Maksimum 30 nəfər. Nəzarətçilər bunu yay fəslinin olması və uşaqların çoxunun şəhərdə olmaması ilə əlaqələndirdi. Tezliklə tamaşa başladı. Çox gözəl səhnə tərtibatı, müasir texnologiyanın köməyi ilə yaradılan tərtibatlar, personajların mükəmməl hazırlanmış fiqurları və aktyorların peşəkar səsləndirməsi tamaşanı çox maraqlı etmişdi.

Tamaşa çox maraqlı və qüsursuz keçdi. Bunu üərkdən edilən alqışlar aydın göstərirdi. Uşaqlar çox sevindi, «ata bizi tez-tez bura gətir» dedilər. Onları fərqli tamaşalara aparacağıma söz verdim.
Çox yaxşı ki, bu teatrı qoruyub saxlaya bilmişik. Teatr burada az maaşa işləyən fədakar yaradıcı heyətin sayəsində ayaqda qalıb. Televiziyalarımız dava-qırğından ibarət amerikan multfilmlərini efirə verməkdənsə bu teatrın tamaşalarından çəkib versələr regionlarda yaşayan uşaqlar da bu tamaşaları görmüş olardı.

Uşaqlarınızı mənasız, havasız və səs-küylü əyləncə mərkəzlərinə yox Kukla Teatrına aparın. Mədəni mühitdə böyüsünlər. Xalqımızın və bütün bəşəriyyətin mədəni sərvətlərinə uşaqlıqdan bələd olsunlar. Bu, onların həm mənəvi, həm də psixoloji inkişafına böyük fayda verər.
Tetarın bütün kollektivinə uğurlar arzulayıram. Nə yaxşı ki varsınız.

Teatrın iyul ay; üçün repertuarını nəzərinizə çatdırıram

5 iyul

Saat 12.00, 14.00                       Ş.Perro “QIRMIZI PAPAQ”

Saat 16.00                            C.Rodari “ÇİPOLLİNO” (rus dilində)

6 iyul

Saat 12.00, 14.00                           M.Seyidzadə “CIRTDAN”

Saat 16.00                         M.Seyidzadə “ÜÇ CƏSUR” (rus dilində)

12 iyul

Saat 12.00,14.00           Ərəb xalq nağılı “ƏLİBABA VƏ QIRX QULDUR”

Saat 16.00                           T.Ağayev “QOÇAQ ƏHMƏD” (rus dilində)

13 iyul

Saat 12.00,14.00                    C.Barri “PİTER PEN”

Saat 16.00                       Rus xalq nağılı “DURNA BALIĞI” (rus dilində)

14 iyul

Saat 12.00, 14.00                 Türk xalq nağılı “KƏLOĞLAN”

Saat 16.00                      Rus xalq nağılı “QOĞAL” (rus dilində)

Teatrın saytından da baxa bilərsiniz- kuklateatri.az

Elçin Bayramlı

Elçin Bayramlı: “Azərsu”nun suyu kəsməsi Bakıda bir neçə milyon ağacın məhvinə səbəb olacaq”

Ekoloqlar: “Ağacların kəsilməsinə görə tətbiq oluan cərimələrin məbləği dəfələrlə artırılmalıdır”

«Araz» radiosunun birbaşa efirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı ölkədə mövcud ekoloji problemlər və əhalinin ekoloji maariflənməsinin yollarını müzakirə ediblər. Verilişdə ölkədə yaşıllıq sahəsinin artırılması işləri, ağacların kəsilməsi problemi, plastik və polietilen paketlərin təbiətimizə və sağlamlığımıza vurduğu zərər, bunlara alternativ üsullar, görüləsi tədbirlər müzakirə edilib.

Elçin Bayramlı qeyd edib ki, Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır: “Azərsu Bakıda həyətlərdə, məhlələrdə olan su krantlarını 2 ildir kəsib. Nəticədə artıq minlərlə aşac quruyub məhv olub. Bu biabırçılığın qarşısı alınmasa, yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur.

Sovet dövründə- 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə azalıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək problem 4 dəfə kəskinləşib. Buna görə də, paytaxtda və ətrafında böyük yaşıllıq kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Nazirlik və Heydər Əliyev Fondundan başqa bu işi görən yoxdur. Ekoloji qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız tədbirlər keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə kampaniyaları keçirməlidir”.

Ekoloq daha sonra qeyd edib ki, patyaxtda harda gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir: “Kəsmək mümkün olmadıqda isə, dibinə kislota və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə poblem həll olunmaz. O ərazidə obyekt tikən şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edirəm ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu yaşıl terrorun qarşısını almaq mümkün olar”.

Elçin Bayramlı bölgələrdə meşələrdə heyvanların otarılması zamanı təbiətə ciddi zərərdəydiyini deyib: “Meşələrdə otarılan heyvanlar yerdən qalxan kiçik pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən sonra yaşlı ağaclar quruyur, yeniləri isə qalxmır, nəticədə meşələr seyrəlir, çılpaqlaşır və tədricən sıradan çıxır. Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa tezliklə olan-qalan meşələr də yoxa çıxacaq.

ETSN rəsmisi söz verib ki, qeyd olunan problemlərlə ciddi maraqlanacaqlar. S. Məmmədova nazirliyin paytaxtda və Abşeron yarımadasında xeyli yaşıllıq sahəsi saldığına və bu sahələrdə xüsusi suvarma sistemi yaratdıqlarını da qeyd edib. Onun sözlərinə görə, ağackəsənlərə qarşı ciddi mübarizə aparılır və böyük cərimələr tətbiq olunur, lakin bu cərimələr daha da artırılsa effektiv olar.

Vətəndaşların sosial şəbəkələrdə aktivlik göstərməsinin onların işinə xeyli müsbət təsiri olduğunu qeyd edən nazirlik nümayəndəsi əhalini belə hallara qarşı daha diqqətli olmağa çağırıb. “Biz eyni vaxtda hər yerdə ola bilmirik, çox vaxt bu halların baş verməsi faktından sosial şəbəkələrdən, mətbuatdan xəbər tuturuq və müvafiq tədbirlər görürük. Əksər hallarda vaxtında çalınan həyəcan siqnalı nəticəsində ağacların kəsilməsinin qarşısı tərəfimizdən alınıb. İnsanlarımız özü də bu məsələyə həssas yanaşmalıdır, bəzən görürük uşaqlar yeni tingləri sındırırlar, ona görə də onlara müvafiq tərbiyə verilməlidir ki bunu etməsinlər”.

Səmayə Məmmədova nazirliyin bəzi yerlərdə əhaliyə tinglər payladığını, lakin bu tingləri götürənlərin əksəriyyətinin onları əkib-becərmədiyini də qeyd edib. O, vətəndaşları ölkənin təbiətinin qorunmasında nazirliklə əməkdaşlığa və fəallıq göstərməyə çağırıb.

Elçin Bayramlı torpaqda 5-6 əsr çürüməyən, yandırıldıqda isə havanı ağr dərəcə çirkləndirən plastik və polietilen paketlərin istifadəsinə məhdudiyyətlər qoyulmasını təklif edib: “Yaxşı olar ki, kağız, parça, şüşədən düzəldilən ənənəvi paketlər, qablar və çantalardan istifadə edilsin. İnsanlarımız da bu məsələyə fikir veməlidirlər. Bəzən görürsən biri mağazadan bir kq kartof və 1 limon alıb. Limon üçün də ayrıca sellofan paket götürüb, halbuki limonu o kartofun üzərinə qoymaqla heç bir problem yaranmaz, əksinə təbiəti daha az korlayarıq. Yəni, hər şey təkcə inzibati üsullarla olmur, vətəndaşlar özləri də bu işdə həssas olmalıdırlar.

Bir neçə gün xarici mətbuatda əvvəl belə bir xəbər oxudum- Hindistanda bir imkanlı şəxs plastik qabları və poietilen paketləri yığıb gətirən uşaqlara kitab, dəftər və s məktəb ləvazimatları hədiyyə edir. Ona dəstək olaraq ölkənin başqa yerlərində də bu işə dəstək olanlar çoxalıb və proses vüsət alıb. Nəticədə ölkədə ekoloji təmizlik yaranıb, həm də imkansız ailələrin uşaqları təhslləri üçün lazimi vəsaitləri pulsuz əldə ediblər. Bax bizdə bu tip təşəbbüslər çatışmır. Yalnız İDEA buna oxşar layihələrlə çıxış edir».

Verilişdə digər ətraf mühit problemlərinə də toxunulub. Qonaqlar ekoloji mühitin sağlamlaşdırılması, əhalinin ekoloji maariflənməsi üçün öz təkliflərini səsləndiriblər.

Radio verilişi “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

elchinbayramli.home.blog

Elçin Bayramlı: “Turizm obyektlərinin soyğunçuluğu nəticəsində hər il milyonlarla turisti əldən buraxırıq”

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov ölkəmizdə turizm polisinin yaradılacağını deyib. Onun sözlərinə görə, turizm polisləri turistlərə xidmət göstərəcək xüsusi şəxslər olacaq: “Turizm polisinin yaradılması məsələsi Daxili işlər Nazirliyi ilə müzakirə olunur. Artıq bununla bağlı hüquqi razılıq, şəhərdə turizm polisi formaları geyinən şəxslərin olması ilə bağlı ilkin razılıqlar əldə olunub. Bu ideya artıq təsdiqlənib. Turistlər şəhərdə gəzərkən, ölkədə olarkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər”.

K.Qasımov əlavə edib ki, ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərin vahid mərkəzdən idarə olunması üçün “Qaynar xətt”in yaradılması nəzərdə tutulur: “Turistlər “Qaynar xətt”ə müraciət etməklə problemlərini həll edə, suallarına cavab tapa bilər. Bununla turistlə dövlət arasında kommunikasiya xətti qurulur və problem daha çevik həllini tapır”.

“Turizm polisi” ilə bağlı təklifi “Sherg.az”a dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bunun mənasız olduğunu düşünür. Ekspertin fikrincə, onsuz da hüquq-mühafizə orqanları həm Azərbaycan vətəndaşlarını, həm də ölkəmizə gələn turistləri qoruyurlar:

“Belə addımlarla turist cəlb etmək olmaz. İndi 21-ci əsrdir, hərənin əlində son model smartfon var, naviqasiya ilə gəzir. Turist hara gedəcəyini yaxşı bilir. Şikayəti olanda da polisə yaxınlaşaraq dərdini söyləyir. Turisti getdiyi ölkədə keyfiyyətli xidmət, yaxşı təbii şərait və ucuz qiymətlər maraqlandırır. Nə qədər ki, bizdə bu məsələlər düzəlməyib, arzuolunan qədər turist gəlməyəcək, təkrar turizm də yaranmayacaq. Hərəni uzağı bir dəfə aldatmaq və soymaq olar. Aldanmış turist öz ölkəsində onlarla adama bu barədə danışır, sosial şəbəkədə yazır. Nəticədə minlərlə insan Azərbaycanda turistin başına gətirilənlərdən qiyabi də olsa xəbərdar olur”.

İqtisadçının sözlərinə görə, bəzi turzim obyektlərinin soyğunçuluğu nəticəsində hər il milyonlarla turisti əldən buraxırıq:

“Hamısı Gürcüstana gedir. İndi ideal fürsət yaranıb. Gürcüstanda vəziyyət qarışıb, bundan istifadə edərək cəlbedici təkliflərlə Rusiyadan Azərbaycana milyonlarla turist cəlb etmək olar. Amma nədənsə bunu etmək turizmçilərin ağlına gəlmir”.

İsmayıl 

https://sherg.az/xəbər/100033?fbclid=IwAR06y7tPrA3JJlQ7t8UNTyq_tNKEIC9EY5EJdaF_YX0YI9Brh-ldmcSYnHc