Qida təhlükəsi yaradan Agentlik: qəssablarla, yoxsa saxta qidalarla mübarizə aparmalıdır?

Vaxtaşırı mətbuatda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlərin keçirilməsi ilə bağlı xəbərlərə rast gəlirik.

Məlumata görə, AQTA baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Bu işi öhdəsinə götürən Agentlik hesab edir ki, ölkə ərazisinin istənilən yerində ət kəsimi məntəqələrinin olması gigiyenik cəhətdən  normalara cavab vermir.

Ekspertlərin fikrincə, qurum mövcud olandan  və fəaliyyətə başlayandan bəri yalnız ölkənin ət bazarını nəzarətə götürüb və fəaliyyətini ona səfərbər edib. Məqsəd isə ölkədə ət kəsimi ilə məşğul olan sahibkarları bazardan “çıxdaş” etmək və bu sahəni monopoliyasına almaqdır. Maraqlısı isə odur ki, qurum illərlə lisenziyası və VOEN-i olan ət kəsimi məntəqələrinin fəaliyyətini də qeyri-qanuni kimi qələmə verib, onları bazardan çıxarmağı hədəfləyib. Normal olaraq AQTA-nın səalahiyyətinə düşən vəzifə isə sanitar normalar və gigiyena qaydaları ilə bağlı işlərin görülməsini təşkil etməkdir.

Əgər sahibkar rəsmən fəaliyyət göstərirsə, bu necə qeyri-qanuni sayıla  bilər?

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hazırda istifadə olunan ərzaq və qida növlərinin  keyfiyyəti ilə bağlı problemlər var: “Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yarananda sevindik ki, nəhayət ki, ölkə bazarlarındakı bu dəhşətli, qorxulu vəziyyətə son qoyulacaq. Diqqətlə prosesi izlədik və gördük ki, qida təhlükəsizliyi ilə bağlı heç bir iş aparılmır. Dahadəhşətli çoxlu problemlər var. Bunlar isə ancaq ət kəsimi məntəqələrindən və qəssablardan yapışıblar. Bir məsələni bilməliyik ki, bu ölkədə qanunsuz heç kim fəaliyyət göstərə bilməz. Adamın qanuni obyekti var və müəyyən təlimatlar var ki, ona riayət edir. Tələbləri pozan varsa, yoxlanılsın, ölçü götürülsün və müəyyən cərimələr, ağır cəzalar tətbiq edilsin. Cəzalanan olsa, belə halların qarşısı alınacaq və təkrarlanmayacaq”.

Ekspertin fikrincə, büdcədən maliyyələşən Qida Təhlükəsizliyi Agentliyi işinin öhdəsindən gələ bilmir: “Ölkədə qida ilə bağlı daha dəhşətli mənzərə olduğu halda, məşğuliyyətlərini ət sahəsinə yönəldiblər. Məsələn, bazarda keyfiyyətsiz yağlar satılır.  Ölkəmizdə satılan yağların hamısının tərkibi əsasən palma yağından ibarətdir və bu qiymət 2 manatdan başlayaraq hər məbləğdə dəyişir. Ümumiyyətlə isə ölkəyə gətirilən və burada istehsal olunan qidaların 90 faizi saxta və təhlükəlidir. Hazırda satışda olan ən düzgün və təmiz qida varsa, o da qəssablarda olan ətdir. Ona görə ki,  rayonlardan, kəndlərdən  heyvanlar alınıb burada kəsilir və satılır. Hansı ki, bu heyvanlar dağlarda, meşələrdə otlayan sağlam heyvanlardır. Bu qəssabların hər birinin daimi müştəriləri var. Onların müştəriləri ət seçimini yaxşı bilir. Həmçinin insanlarımızın psixologiyası ondan ibarətdir ki, gözlərinin qarşısında kəsilən heyvanın ətini almağa üstünlük verirlər. Hətta ətin dadından bilirlər ki, hansı zonanın heyvanıdır. Bu səbəbdən  qəssabların çoxu  bu məsələdə fırıldaq etmək istəmir. Çünki müştərilərini itirmək istəmirlər”.

Ekspertin sözlərinə görə, əgər hansısa ət kəsimi məntəqəsində sanitar, gigiyena ilə bağlı problem varsa, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı konkret tələblər irəli sürməlidir: “Məsələn, heyvanlar baytar nəzarətindən keçsin, məntəqələrin sanitar, gigiyena normaları, eləcə də ətlərin saxlanma şəraiti və digər məsələlər yoxlanılsın. Amma böyük monopolist sistem yaratmaq  və məntəqələri bağlayıb, on minlərlə işçiləri işsiz qoymaq istəyirlər. Agentliyin bütün fəaliyyəti bundan ibarətdir. Bu addımı sərt qınayıram və müvafiq orqanları bununla bağlı tədbir görməyə çağırıram. Dövlət bu agentliyə külli miqdarda maddi texniki baza ayırıb. Dükan-bazarda satılan ərzaq mallarının 90 faizdən çoxu transgen məhsullardır. Bu qidaların heç birinin tərkibi  gömrükdə yoxlanılmır. Tərəvəzin 99 faizi, meyvələrin 50 faizdən çoxu GMO-dur. Təmiz kərə yağından isə söhbət belə gedə bilməz. Kimsə mənə əsl kərə yağı göstərə bilməz. Yay gəlib və dondurmaya tələbat artıb. Amma satılan dondurmaların hamısı kimyəvi qatqılardır. Süd və süd məhsullarının istehsalı ilə məşğul olsunlar. Agentlik broyler fabrikləri ilə məşğul olsun.  Mən qəssabları müdafiə etmirəm. Təbii ki, onların da müəyyən problemləri var. Lakin ən dəhşətli problem ət məsələsi deyil. Bundan daha ağır qida problemlərimiz var. Yaxşı olar ki, agentlik ölkənin qida problemini kökündən həll etsin”.

Alçina Amilqızı

Cebhe.info

Kəndə böyük qayıdış: Şəhərlər yükdən necə azad ediləcək?

Elçin Bayramlı: Azərbaycanda “Kəndə qayıdış” dövlət proqramı qəbul edilməlidir

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər sakinləri təşkil edir.

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24 692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10 006 149 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Statistik məlumatda diqqət çəkən məqam əhalinin 52,8 faizinin şəhər sakinləri təşkil etməsidir. Görünən odur ki, regionların inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları heç də uğurla həyata keçirilmir. “Regionlarının inkişafı” dedikdə burada komunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin, iş yerlərinin açılması nəzərdə tutulur. Bu tədbirlər həyata kiçirildiyi təqdirdə, əhalinin məşğulluğu da artar, yoxsulluq səviyyəsinin azaldılması məqsədinə də nail olmaq olar. Azərbaycanda əhalinin 52,8 faizinin şəhər sakinləri təşkil etməsi dövlət proqramları çərçivəsində görülmüş işlərin regionların inkişafında dönüş yaratmadığını sübut edir. Ən çox yük Bakı və Sumqayıtın payına düşür ki, bu da ciddi problemlər yaradır.

Maraqlıdır, kəndə dönüş proqramlarının icrası niyə uğurlu alınmır?

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, 20 il əvvəl Azərbaycanda kənd əhalisi 59-41 nisbətində çoxluq təşkil edirdi: “Hazırda Azərbaycanda əhalinin 53 faizə yaxın şəhər sakinləri təşkil edir. Hesab edirəm ki, reallıqda bu göstərici minimum 70 faizdir. Çünki statistik məlumatlar həmişə qeydiyyat ünvanı üzrə aparılır. Rayon qeydiyyatında olub, illərdir Bakıda yaşayan minlərlə insan var. Azərbaycanda gedən urbanizasiya başqa ölkələrdə olduğu kimi, təbii urbanizasiya sayılmır. Ölkəmizdə regionların inkişaf etməməsi, iş yerlərinin və mədəni mühitin olmaması, sosial problemlərin həllini tapmaması ucbatından paytaxta axın çoxalır. Başqa ölkələrdə əhali müxtəlif şəhərlərə də axın edir, Azərbaycanda əhali, ancaq paytaxta üz tutur və bu proses günü-gündən sürətlənir».

İqtisadçı qeyd edir ki, bu istiqamətdə həyata keçirilən çoxsaylı dövlət proqramlarının hələ ki, arzuolunan effekti olmayıb: «Xarici ölkələrdə “kəndə qayıdış proqramı” elan olunur və kəndlərə gedən insanlara evlər, böyük torpaq sahələri verilir. Onlara uzunmüddətli faizsiz və ya çox az faizlə kreditlər verilir. Hesab edirəm ki, Azərbaycanda da “kəndə qayıdış proqramları”nda bu kimi stimullaşdırıcı təkliflər irəli sürülməlidir. Bələdiyyənin balansında olan torpaq fondları var ki, istifadə olunmur. Bu cür əraziləri pulsuz icarəyə vermək lazımdır. İlkin dövrlərdə təsərrüfatda çalışan əhalini texnika və yanacaqla təmin etmək lazımdır. Həmçinin heyvandarlıqla məşğul olanlara müxtəlif güzəştlər etmək lazımdır, dənizkənarı ərazilərdə yaşayanlara balıqçılıqla məşğul olmaları üçün imkanlar yaradılmalıdır. Bundan əlavə, böyük sənaye müəssisələri paytaxtda cəmləşdirilməməlidir. Həmin müəssisələrin, fabriklərin tikintisi regionlarda reallaşmalıdır. Son vaxtlar avtomobil və bir neçə müəssisənin regionda fəaliyyət göstərməsinə şahid olmuşuq. Amma daha çox müəssisənin fəaliyyəti regionlarda olmalıdır”.

Ekspert onu da qeyd edib ki, ölkədə ümumi daxili məhsulun (ÜDM), təqribən 90 faizi Bakı və Abşeron zonasının payına düşür: “Əgər bir ölkənin ixracının, istehsalının 90 faizi paytaxtda cəmləşirsə, deməli, tarazlı inkişaf getmir. Belə olan halda, əhalinin demoqrafik axını başlayır. Nəticədə rayonlar boşalır, paytaxtın yükü artır, bu zaman sıxlıq, ekoloji problemlər yaranır. Ümumiyyətlə, bu gün Azərbaycanda regionların potensialından istifadə olunmur. Müşahidələrimə əsasən, deyə bilərəm ki, bu gün rayonlarda milyon hektarlarla boş torpaq sahələri var. Əkinə yararlı olmayan torpaq sahələrində sənaye müəssisələri salmaq olar. Əgər bu planlar həyata keçirilməsə, geridə qalan rayon əhalisi də paytaxta cəmləşəcək».

ASAM rəhbəri hesab edir ki, paytaxdakı bəsi sosial-iqtisadi infrastrukturu regionlara köçürmək lazımdır: «Misal üçün, bir universitetin bir rayonda fəaliyyət göstərməsi əlavə infrastruktur yaradır. Orada ilk növbədə dövriyyə artar, canlanma yaranar və nəticədə Bakının da yükü azalar. Həmçinin, bəzi dövlət orqanlarını regionlara köçürmək olar. Sosial obyektləri regionlara yönəltməklə özünüməşğulluq proqramı çərçivəsində insanlara təsərrüfat yaradıb işləməyə imkan yaratmaq olar. Bütün əhalinin paytaxta cəmləşdiyi təqdirdə ərzaq məhsullarının xaricdən almağa məcburuq. Rayonda 5 hektar torpaq sahəsi olan şəxs gəlib paytaxtda tikintidə fəhlə işləyir. Görünür, ya ona su vermirlər, ya da toxum almağa pulu yoxdur və.s. Becərilməyən 5 hektar itirilmiş torpaq fondudur və min tonlarla ərzaq məhsulu deməkdir”.

Elçin Bayramlı hesab edir ki, regionlara qayıdışla bağlı ilk növbədə daimi iş yerləri açılmalıdır: “Bununla bağlı dövlət proqramları qəbul olunmalı, Kənd Təsərrüfatı Nazirliyi müəyyən təkliflər hazırlamalı və bu məsələlər Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. Faktiki olaraq bu gün Abşeron zonasında 5 milyon əhali yaşayır. Nəzərə alsaq ki, 10 milyon əhalinin 2 milyonu ölkədən kənar yerlərdə çalışır, deməli, regionlarda cəmi 3 milyon əhali qalır ki, bunun da yarım milyonu Gəncənin payına düşür. Əgər Bakıda 5 milyon əhali varsa, bu proses getdikcə 7 milyona çatacaq”.

Yeganə Oqtayqızı

Cebhe.info

https://www.cebhe.info/kende_b_ouml_y_uuml_k_qayidis_seherler_y_uuml_kden_nece_azad_edilecek-152592?fbclid=IwAR3WooEVocOA6F7zSpaZNdrmX4lPcnrk7IgpoZxMUsn45l2oAaY4odI0Vxo

Uşaqpulu artırılacaq?

Azərbaycanda uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırki 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat  dövlət yardımı olunmalıdır

Rusiya hökuməti bu gün «uşaq pulu»nun artırılaraq yaşayış minimumuna çatdırılması haqda qərar qəbul edib. Rusiyada yaşayış minimumu regionlardan asılı olaraq azı 300 dollar təşkil edir.

Bundan başqa, Rusiyada birinci uşağa bizim pulla götürdükdə 8 min manat, ikinci və sonrakı uşaqların hər birinə  13 min manat,  üçüncü uşaqdan etibarən ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir. Bunun üstünə hər uşağa görə ayda 300 dolları da gəldikdə əməlli-başlı sosial yardım olur. Qeyd edək ki, birdəfəlik ödəniş və aylıq müavinətlər regionlardan asılı olaraq dəyişir.

Digər keçmiş SSRİ respublikalarındakı vəziyyətə baxaq. Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub.  Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 368 rubl (335 manat) birdəfəlik kompensasiya ödənilir. Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.

Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur.  Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir.

Ermənistanda  əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 100 dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir.

Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro (1120 manat) müavinət verilir.

Ümumiyyətlə, əksər ölkələrdə uşaq doğulmasına görə iri məbləğdə birdəfəlik ödəniş, təxminən yaşayış minimumu qədər də aylıq müavinət ödənilir.  Bizdə də belə bir təcrübə olub. Sosialist respublika dövründə əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, aylıq “uşaqpulu”  ödənilir, «Qəhrəman ana»lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından qabaq təqaüdə çıxarılırdı.

Son illərdə azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb sosialdır- yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 30 faizdir. 2 uşaqlı ailələrin çəkisi də azı 2 dəfə artıb.

Azərbaycanda 15-49 yaş arası hər 1000 qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Belə ki, bu göstərici 1992-ci ildəki 111-dən 2017-ci ildə 63-ə düşüb.

Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir. Bizdə bunu etmək üçün hər cür imkanlar var. Fikrimcə, uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırki 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat  dövlət yardımı olunmalıdır. Ölkəmizin artan gəlirləri buna imkan verir.  İnanıram ki, dövlətimiz yaxın vaxtda bunu reallaşdıracaq.

Elçin Bayramlı

Elçin Bayramlı: “Maaş və pensiyanın artımı əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq”

«Minimum əmək haqqının tariximizdə ən böyük artım həcmi ilə 70 manat artırılaraq 250 manata çatdırılması çox böyük irəliləyişdir”.

Bunu «Sherg.az”a açıqlamasında «Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

Ekspert bildirib ki, bundan başqa minimum pensiyanın oktyabrın 1-dən 200 manata çatdırılması da çox mühüm addımdır:

«Bu, əlbəttə aztəminatlı əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq. 40-50 faizlik artım az deyil. Dünyada heç bir ölkədə belə artım faizi olmur. Bir sıra dövlət qulluqçularının maaşlarının kəskin artımını da nəzərə alsaq, çox böyük bir əhali kontingentini əhatə edəcək. Üstəlik, minimum maaş və pensiyanın həcmi dolayı yolla xeyli sahədə artımlara səbəb olacaq. Bir çox əməkhaqqı, mükafat, təqaüd və s. ödənişlər minimum maaşlara uyğun olaraq götürülür. Bəziləri qeyd edirlər ki, belə böyük artım inflyasiyaya rəvac verə bilər. Nəzəri cəhətdən bu mümkündür. Əvvəllər belə hallar praktikada da olub. Hökumətin əsas işi inflyasiyanın qarşısını almaqdır. Nəticə olaraq qiymətlərin sabit qalması şəraitində maaş və pensiyalarda baş verən artımlar aztəminatlı əhalinin sosial vəziyyətinə müsbət təsirini göstərəcək”.

İqtisadçı vurğulayıb ki, cənab Prezident əhalinin sosial müdafiəsinin gücləndiriləcəyinə, maaş və pensiyaların, müxtəlif müavinətlərin davamlı artırılacağına söz vermişdi:

«Bu ildən etibarən proses daha sürətli və ardıcıl temp alıb və şübhə yox ki, bundan sonra da davam edəcək. Lakin, əlbəttə sosial islahatlar və sosial müdafiənin gücləndirilməsi təkcə maaş və pensiyaların artımı ilə məhdudlaşmır. Dövlət məşğulluğun artırılması, qeyri-neft sektorunda istehsalın artması üçün müxtəlif proqramlar həyata keçirir. Bunlar da sosial rifaha müsbət təsir göstərir. Əminəm ki, dövlət başsısının hökumətin qarşısına qoyduğu məqsədlərə qısa müddətdə nail olunacaq. Bunun üçün hər cür imkanlar və siyasi iradə var”.

İsmayıl

http://www.sherg.az/site/id-70670/_“Minimum_pensiyanın_200_manata_çatdırılması_əhalinin_sosial_vəziyyətini_xeyli_yaxşılaşdıracaq”?fbclid=IwAR0rC0B9b87FUuqaRpGKyIYLluwZfkmHr5NFxKNuPbSMmGyV85bPHdiJsas#.XQn6uKAufZ5

1993-də xalqımızı və dövlətimizi kim, nədən və necə qurtardı?

1993-cü ilin iyun hadisələri Azərbaycan tarixinə ən qalmaqallı proses kimi düşüb. Məhz həmin hadisələrin məntiqi nəticəsi olaraq  ölkəmiz xaosdan, xalqımız vətəndaş müharibəsindən qurtuldu.

Bəs 26 il əvvəl Gəncədən başlayan proseslər nədən qaynaqlanmışdı? Bu haqda çoxlu yazı yazılıb, rəylər verilib. Biz də bu hadisələrin şahidi olduğumuzdan öz prizmamızdan bir baxış ortaya qoymağa çalışacağıq.

Əslində, 1993-cü ilin iyun hadisələrinə 3 istiqamətdə yanaşmaq lazımdır. Burada siyasi, iqtisadi və hərbi istiqamətlərdə mülahizə yürütmək vacibdir. Əvvəlcə, başlayaq sosial-iqtisadi faktorların təsirindən.

1. İqtisadi faktorların rolu. AXC hakimiyyətə gəldikdən sonra ölkədə sosial-iqtisadi vəziyyət xeyli pisləşmişdi. Artıq 1993-cü ilin başlanğıcında Azərbaycanda büdcə kəsiri 10%-ə çatmışdı. Bu o demək idi ki, ölkəmizdə büdcə kəsiri 100 dəfə artmışdı. Bu isə, olduqca təhlükəli bir hal idi, çünki onsuz da cüzi məbləğdə olan büdcə sürətlə boşalırdı.

Emissiya ümumi gəlirlərin 50%-nə gəlib çatdı. Bankların kredit faizi birdən-birə 250 faizə yüksəldi. İnflyasiya faizi 1800-ə çatdı və hiperinflyasiyaya çevrildi. Ən təhlükəlisi isə o oldu ki, bütün kreditləri bank faizlərilə qapatmağa başladılar.

Ölkədə xarici ticarət dövriyyəsi 60 faiz aşağı düşdü və iqtisadi cəhətdən dövlət çökdü. İşsizlik və yoxsulluq sürətlə artmış, ölkədən xaricə kütləvi axın başlamışdı. Çünki, yüzlərlə fabrik, zavod dayanmış, təsərrüfatlar başsız və özbaşına qalmışdı.

Bütün bunlar göstərir ki, burada sosial-iqtisadi böhranın rolu danılmazdır. Bu ağır problemlər qiyam zamanı xalqın hakimiyyəti müdafiə etməməsinə səbəb oldu.

2. Siyasi faktorların rolu. Siyasi aspektdən yanaşdıqda isə, hakimiyyətin daxilində qruplaşmalar və qarşıdurmaların yaranması anarxiyanı gücləndirmişdi. Hakimiyyət daxilində həmin parçalanmış qüvvələrin liderlərini hakimiyyətə gətirmək uğrunda mübarizə gedirdi. Beləliklə, hakimiyyət daxilində özbaşınalıq yarandı və sonda bütün komanda məşlubiyyətə uğradı.

Həminvaxt Cümşüd Nuriyevin ifadə etdiyi kimi desək, ölkənin dörd “prezidenti» var idi. Birmənalı şəkildə vaxt daxili işlər naziri kimi İsgəndər Həmidov rəhmətlik Əbülfəz Elçibəyi heç eşitmirdi. Hətta, Rəhim Qazıyev müdafiə naziri, İsa Qəmbər isə Ali Sovetin sədri kimi ona qulaq asmırdı.

Xarici siyasətdə də rüsvayçı və diletant xət götürüldü və hələlik kağız üzərində olan dövlətin yaxın qonşularla əlaqələri korlandı. Bu da özünü Qarabağ məsələsində və sair məsələlərdə aydın göstərdi.

3. Hərbi faktorların rolu. Hərbi cəhətdən, olduqca özbaşına bir vəziyyət yaranmışdı. Çox sayda özünümüdaifə batalyonları yaradılmışdı, kimin kimə tabe olduğu məlum deyildi. Müdafiə Nazirliyi kağız üzərində idi. Hər silahlı dəstə bir siyasi klanın mənafeyini qoruyur, özbaşına əməliyyatlar aparır, mənsub olduğu qruplaşmanın paytaxtda vəziyyəti pisləşəndə cəbhəni buraxıb Bakıya üz tuturdular.

AXC-nin ən böyük səhvlərindən biri də o oldu ki, Soçi danışıqlarında qərara alındı ki, Kəlbəcər ermənilərə verilsin və Dağlıq Qarabağ məsələsi beynəlmiləşdirilsin. Kəlbəcər ermənilərə təhvil veriləndən sonra yeni hökumət müəyyənləşdirildi. Hakimiyyət daxilində 3 yerə bölünmüş qüvvələr arasında mübarizə başlandı.

Elçibəy tərəfində olan qüvvələr olduqca zəif idi. Prezident özü isə komandanı idarə etmək iqtidarında deyildi. Daxili gərginlik azmış kimi, İranı və Rusiyanı qıcıqlandıracaq bəyanatlar yağdırılırdı. Nəticədə Azərbaycana təsir rıçaqları son dərəcə güclü olan hər iki dövlət Azərbaycana qarşı Ermənistanı müdafiə etməyə məcbur oldu.

Hakimiyyətin monolit olmaması öz təsirini gösətərdi. İsa Qəmbər hakimiyyəti bütövlükdə ələ keçirməyə cəhd edirdi. Bu istiqamətdə o ilk növbədə, prezidentin səlahiyyətlərinin bölüşdürülməsi, konstitusiyanın 121-ci maddəsinin 7-ci bəndinin dəyişdirilməsi məsələsi gündəmə gətirmişdi.

Bu maddəni dəyişdirdilər. Məqsəd o idi ki, prezidentə hər hansı bir şey olarsa, onun səlahiyyətləri spikerə keçsin. Lakin İsa Qəmbərin hazırladığı plan özünə qismət olmadı. Proseslər nəzarətdən çıxmış və hakimiyyət iflic olmuşdu.

Gəncədə 1993-cü il iyun hadisələri vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan Surət Hüseynov rəhbərlik etdiyi bir qrup zabit “hərbi birlik” yaratmışdı. 709 nömrəli hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.

İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. 709 nömrəli hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar təslim olmadılar. Onlar prezident qvardiyaçılarını şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər.

Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar.

İyunun 14-də Nəvahi yaxınlığında hökumət qoşunları ilə hərbi qiyamçı qüvvələr üz-üzə dayandı. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri,  baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular.

Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Azərbaycan xalqı da nə qədər böyük təhlükənin astanasına gəlib çıxdığını anlamağa başlamışdı.

Bu elə bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanmaq təhlükəsi qarşısında qalmışdı. 

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. Ölkənin nüfuzlu ziyalıları Heydər Əliyevin ətrafında birləşdi.

AXC-Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmışdı. Vətəndaş müharibəsi üçün zəmin yaranmışdı. Cəbhədə döyüşən özünümüdafiə batalyonlarının paytaxta siaysi proseslərə dəstək vermək üçün çağırılması mövqelərimizin zəifləməsinə və Ermənistan ordusunun üstünlük qazanmağa başlamasına səbəb oldu.

Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. 1993-cü il iyun ayının 6-da Heydər Əliyevi Bakıya dəvət etdilər.

Heydər Əliyev xalqın bu ağır günündə dəvəti qəbul edib iyunun 9-da Bakıya gəldi. Ulu öndər həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz sözünü dedi. Onun Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.

Ümumilli lider 4 iyun hadisələrinə belə qiymət vermişdi: “4 İyun hadisələri hakimiyyətdəkilərin fərasətsizliyindən və öz işlərini görə bilməməyindən başlayıb”. Həqiqətən də belə idi…

Heydər Əliyevin Ali Sovetə sədr seçilməsindən sonra prezident Elçibəy Bakını tərk edərək Naxçıvana qaçdı. Dövlət başçısı ölkəni uzaq və kiçik Kələki kəndindən idarə edəcəyinə qərar verdi. Lakin ölkədə siyasi proseslərin qaynar vaxtında, hökumət böhranının gərgin məqamında, iğtişaş və qarşıdurmaların vətəndaş müharibəsinə gətirub çıxarmaq üzrə inkişaf etməsi dövlətin idarəsini qüdrətli bir siyasətçinin əlinə almasını şərtləndirirdi.

Heydər Əliyev parlamentin sədri seçiləndən sonra ilk növbədə vətəndaş qarşıdurmasının qarşısını almağa, respublikada sabitlik yaratmağa, iqtisadi sferada stabilliyi təmin etməyə, cəbhədə real vəziyyəti qiymətləndirib, dövlətin hərbi qüvvələrini və müstəqil özünümudafiə dəstələrini birləşdirib vahid mütəşəkkil ordu yaratmağa başladı.

Sonrası məlumdur. Azərbaycanda stabillik yarandı, sosial-iqtisadi islahatlar keçirildi, atəşkəsdən sonra ordunun möhkəmləndirilməsinə başlandı. “Əsrin Müqaviləsi”nin imzalanması ilə ölkəmiz beynəlxalq siyasi və iqtisadi dəstək aldı. Bunların nəticələləri bu gün aydın müşahidə olunur.

…1997-ci ilin iyununda Milli Məclis Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi gününü- 15 iyunu bayram elan etdi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Elçin Bayramlı

Vergilər Nazirliyi ilə «Binə» və «Sədərək» bazarları arasında döyüş: Kim qalib gələcək?

“Bakının Binə və Sədərək ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”. Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov belə deyib.

Natiq müəllm, deyirsiniz ki, hər kəs satışını kassaya vursun və vergisini ödəsin. Xub. Ticarətçilər də kassa aparatı qoyub satdığı malların qanuni vergisini ödəmək istəyir, amma bazarların rəhbərlikləri onlardan vergi adı ilə aldığı aylıq rüşvəti 240 manatdan 400 manata qaldırıb.

Sahibkarlar isə deyir ki, biz hər ay 400 manatı bazara verəcəyiksə, onda kassaya vurduğumuz malın vergisini də dövlətə verməliyik, bu necə olan işdir. Bir mala görə 2 yerə 2 dəfə vergi ödəməliyikmi? Üstəlik, azı 1000-2000 manat arendaya, sosial sığortaya, kommunal xidmətə, təmizliyə, işçiyə, gömrüyə, karqoya, anbara pul ödəyirik. 10 manatlıq malı gərək 30 manata sataq ki, bu xərcləri ödəyə bilək.

Beləliklə, noolur Natiq müəllim? Bəli, ölkədə süni bahalaşma yaradılır.
Artıq bir çoxu dükanı bağlayıb gedir, qalanı da qiymətləri qaldırmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin qiymətlərin qalxması da satışı azaldır.
Bu bazarların rəhbərliklərinin vergiyə nə dəxli var və niyə sahibkarlardan vergi adı ilə pul yığırlar? Ortalama hərəsinə 6 min manatlıq aylıq dövriyyə göstərirlər. Halbuki, eləsi var ki ayda 1 milyonluq mal satır, eləsi də ki 1000 manatlıq. Bu hesabla dövlət büdcəsindən on milyonlarla manat yayındırılır.

Bazarsan, arendanı al get işinlə məşğul ol də, sən vergi orqanısanmı camaatdan vergi pulu yığırsan, onun da nə qədərini dövlətə ödəyirsən Allah bilir. İndiyə qədər bu üsulla milyardla manat dövlət büdcəsindən yayındırılıb. Vergilər Nazirliyinin yeni qaydaları sahibkarlara sərf edər, lakin yalnız bazarların rəhbərlikləri əlavə vergi pulu almasa. Ticarətçilər bu pulu öz aralarında reket haqqı adlandırırlar.
İndi ticarətçilər gözləyir ki, görsünlər Vergilər Nazirliyinin bu bazarların rəhbərlərinə gücü çatacaqmı? Məncə çatar. Bu barədə siz nə fikirləşirsiniz Natiq müəllim?

Elçin Bayramlı

Müstəqil jurnalist

Uşaqlarımıza necə ad seçək?

Uşağa adın verilməsi hər bir valideynin öz haqqı və hüququdur. Lakin burada nəzərə alınması vacib olan bəzi məqamlar var ki, bu yazıda onlara toxunmaq istəyirəm.

Əvvəla, qeyd etməliyik ki, adlar milli mədəniyyətin əsas elementlərindən biri olmaqla yanaşı, həm də milli identifikasiya komponentidir. Hər xalqın adları onun öz ana dilində, yaxşı mənası və səslənişi olan sözlərdən seçilməli və milli köklərə söykənməlidir.

Hər hansı bir xalqda eyni adların kütləvi qoyulması o xalqın yaradıcılıq və təfəkkür zənginliyinin lazimi səviyyədə olmadığını göstərir. Zəngin mədəniyyətə, qədim tarixə malik xalqlarda belə hallar olmur və olmamalıdır. Məsələn, yaponlarda 100 mindən yuxarı ad var.

Qədim dövrlərdə bizdə də adlar ana dilimizdə olub və gözəl mənaları olub. Dədə Qorqud dastanına və digər eposlarımıza, folklorumuza baxdıqda bu aydın olur. Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, ərəb adları milli adları sıxışdırmağa başladı, sonralar hakimiyyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu.

Sovet dövründə milli adlar yenidən canlanmağa başladı, ərəb, fars adları azaldı. Burada ədəbiyyatın, teatrın, kinonun, aparılan təbliğatın da böyük rolu oldu. Çoxlu yeni milli adlar yarandı və bərpa olundu ki, bu sətirlərin müəllifinin da adı bura daxildir.

Son vaxtlar açıqlanan adqoyma siyahılarında həm gülməli, biabırçı adlara çox rast gəlinir, həm də dini şəxslərin geniş təkrarlanan adlarına. Gülünc adların qoyulmasını valideynin psixi problemləri ilə rahatca izah etmək mümkündür.

İndiki geniş yayılmış dini adlara gəldikdə isə, təbii ki, burada əsas faktor din- daha doğrusu mövhumatdır. İnsanlar düşünür ki müqəddəs şəxslərin adlarını uşaqlarına qoysalar onun üçün yaxşı olacaq. Lakin düşünmürlər ki, həyatda hər kəs hər şeyi öz zəhməti, biliyi, ağlı ilə qazanır, adının necə olması ilə yox.

Müqəddəs şəxslərin adını qoymaqla uşağın taleyi vaideynin istədiyi kimi formalaşmır. Məhəmməd, Əli, Yusif, Hüseyn, Fatma, Zəhra, Xədicə… adları qoyulmuş bəzi şəxslər böyüyüb cinayətkar, əxlaqsız adam olurlar. Bəs onda harda qaldı bu adların təsiri?

Demək, valideyn uşağa övliya şəxslərin adını verməkdənsə, ona tərbiyə, təhsil və sağlamlıq versə yaxşı olar. Ona görə də, ərəb adlarının yerinə öz milli adlarımızı qoymalıyıq. Tanrı insana adına görə qiymət vermir, əməllərinə görə qiymət verir-  dindarlar bunu anlasalar yaxşı olar.

Əgər bir sinifdə 10 oğlan varsa və onlardan 7-sinin adı Məhəmməddirsə, bu, problemdir. 10 qız varsa 7-nin adı, bu, problemdir. Bu problem təkcə Azərbaycan üçün deyil, bəzi başqa ölkələr üçün də xarakterikdir. Azərbaycan və Türkiyədə buna bəzi filmlərdə buna işarə edilib və etiraz bilidirib. Məsələn, Əhməd hardadır və Çalışquşu filmlərini misal göstərmək kifayətdir.

Üçüncü bir təsir isə seriallarla bağlıdır. Belə ki, bizim evdar qadınlar bütün günü türk seriallarına baxır, bu serial qəhrəmanlarının təsiri ilə yaşayır və uşaqlarına onların adlarının qoyulmasını təkid edirlər. Halbuki ,bu adların çoxunun nə mənası, nə də kökü aydın deyil. Bəzi hallarda isə pis mənası var. Bu da normal hal deyil. Ad dəblə yox, milliliyi və müsbət mənası ilə seçilməlidir.

Başqa bir problem müasir gənclərin bizim qədim adlarımızı köhnəlmiş hesab etmələridir. Guya ki köhnə ad pis olur, mütləq yeni qondarma, ya da süni dəbə minmiş, mənası naməlum ad qoyulmalıdır. Bu, axmaq yanaşmadır. Əvvəla, köhnə adlar özündə mənəvi-psixoloji mahiyyət, genetik informasiya daşıyır, dövrlər, nəsillərarası əlaqəni qırılmağa qoymur.

İkincisi kim və necə müəyyən edir ki, köhnə adlar pisdir, yeni adlar yaxşıdır? Tək bir hərflə başlayan köhnə qız adlarına baxaq-  Sona, Süsən, Sənəm, Sevda, Sevinc, Seyran… Sizin hansı müasir adlarınız bunlardan daha mənalıdır, daha gözəldir? Demək köhnə adlar problem deyil, baxır hansı köhnə adlar. Problem sizin beyninizdədir.

Yeni də olanda yenə öz ana dilimizdə olan sözlərdən yaransa, dərd yarıdır. Lakin belə deyil. Xalqımızın tarixində heç vaxt qoyulmayan və işlənməyən sözlərdən ibarət adlar qoyulur uşaqlara. Belə getsə yaxın gələcəkdə yeni nəsillərlə köhnə nəsillərin adları tamam fərqli olacaq- sanki eyni millətdən deyilik. Nəsillərarası tarixi əlaqə kəsiləcək. Bir millətin assimilyasiya olub məhv olması üçün bu da kifayət edər.

Uşaqlara rüsvayçı adların qoyulmasının qadağan edilməsini alqışlayıram. Ola bilsin valideyn psixi xəstədir, bu o demək deyil ki, övladına, misal üçün, Sərxoş adı qoymalıdır və uşaq ömür boyu lağ hədəfi olmaıldır. Lakin burada da diqqət verilməsi vacib olan nüanslar var. Elə adlar var ki insanlar onu lağa qoyur, lakin o Azərbaycanda yaşayan hansısa bir xalqın dilində normal sözdür, normal mənası var, sadəcə, bizə tələffüzü qəribə gəlir, ya da eşitmədyimiz addır deyə lağ edilik. Bu doğru deyil.

Soruşa bilərsiniz ki, bəs özün öz dediklərinə riayət etmisənmi? Bəli, bəndeyi-həqirinizin 3 övladı olmuşdur və üçünə də milli adlar qoyulmuşdur- Turan, Altay, Elana. Birinci ikisi hamıya tanış addır, üçüncüsü isə iki köklü sözümüzün birləşməsindən yaradılıb- El və Ana sözlərinin. Yeni adları ana dilimizin sözlərindən yaradaq deyəndə bu kimi adları nəzərdə tuturdum- həm söz kökləri millidir, həm də müsbət mənası var.

Bizim xalqın zəngin mədəniyyəti, zəngil dili var. O qədər qədim adlarımız var ki onlar unudulub gedir. Ya da bəzi yeni adları öz sözlərimizdən yaratmaq olar. Yetər ki, sağlam düşüncə və istək olsun. Deyəsən elə çatışmayan da budur.

Elçin Bayramlı

Gizlədilmiş, saxtalaşdırılmış…və yazılmamış tarix

Yazı araşdrımaçı-jurnalist Elçin Bayramlının Babək və Hürrəmilər hərəkatı haqda monoqrafyasının əsasında qısa formada hazırlanıb

Qədim dinin son peyğəmbəri, tarixin ilk sosial dövlətinn banisi, bəşər tarixinin ən görkəmli sərkərdələrindən biri  adlandırılan Babək və hürrəmiliyin ideoloji bazasında aparılmış möhtəşəm qəhrəmanlıq epoxası haqda gerçəklər və ya şər-böhtan imperiyasının nökərlərinə cavab (ixtisarla)

“Islam dövrlərində əsərlər yazan ərəb və  fars  tarixçiləri  bəzi  hərəkatların mahiyyətini və məqsədini düşünə bilməmişlər. Buna  görə də, bu hərəkatlara başçılıq edənləri bədməzhəb, dinsiz, kafir adlandırıb, onların möhtərəm  adını, əziz xatirəsini çirkin töhmət və iftiralarla bulamış, məqsədlərini, ideologiyalarını yalan sözlərlə təhrif etmişlər. Belə bir iş Babək Hürrəmi haqqında da görülmüşdür”. Məşhur İran şərqşünası Səid Nəfisi

Tariximizin ləkələnməsinə cəhd edilən şərəfli dövrü

Azərbaycan tarixində ən şərəfli dövrlərdən olan Hürrəmilər Hərəkatı (VIII-IX əsrlər) və hərəkatın nəticəsi olaraq Babəkin başçılığı (816-838)  vaxtı yaradılan Hürrəmi dövləti haqda bizə gəlib çatan məlumatların böyük əksəriyyəti ərəb tarixçilərinə məxsusdur. Bu tarixçilər də xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu səbəbdən də həmin mənbələrdə Xilafətin mövqeyinə uyğun olmayan məqamların obyektiv şəkildə təqdim olunduğuna heç cür inanmaq olmaz.

Ərəb işğalından sonra Babək və hürrəmilik haqda olan-qalan mənbələr də məhv edilib  və məhz bu üzdən indi əlimizdəki mənbələrin çoxu xəlifə sarayının saxtakar tarixçilərinin yazdığı cəfəngiyyatlardır.  Bu şəraitdən istifadə edən bəzi qüvvələr uzun zamandan bəridir ki, tarixdə öz möhtəşəm izini qoyan bu hərəkatı və onun başçısını ləkəməyə çalışırlar.

Müasir dövrümüzdə isə bəzi islam dövlətlərindən dəstəklənən və idarə edilən “araşdırmaçılar” bu missiyanı davam etdirmək üçün fərqli metodlara əl atırlar. Gah hürrəmiliyin təktanrıçılığa zidd olduğunu, gah bu ideologiyanın əxlaqsızlığa söykəndiyini iddia edirlər. Lakin görəndə ki belə cəfəngiyyatlarla bu xalqın gen yaddaşından Babək sevgisini silə bilməyəcəklər, o zaman başqa taktikaya keçdilər. İndi də Babəkin fars olduğu, Sasani dövlətini ərəblərdən qurtarmaq üçün çalışdığı iddia olunur.

Siyasi islam, təriqətçilik ixrac etməklə məşğul olan dövlətlərin ideoloji institutları isə daha fərqli metodlardan istifadə edirlər. Fanatik dindarlar gerçəkləri inkar etmənin fayda vermədiyini, ortada aşkar faktlar olduğunu anlayandan sonra Babəkin müsəlman olduğunu, xilafətin siyasəti ilə razılaşmadığından mübarizəyə qalxdığını iddia etməyə başladılar.

Bu yalan iddialarla beyni silahlandırılmış zombilər bəzi tarixi mənbələri istədikləri kimi şərh edərək mediada ağlasığmaz məqalələrlə çıxış edirlər. Düşünürük ki, bu biabırçılığa son qoymağın vaxtı gəlib çatıb. Məhz bu üzdən bizim məqsədimiz əlimizdə olan tarixi faktlar və məntiqi dəlillərlə əsil gerçəkləri ortaya qoymaqdır.

Azərbaycana ərəb təcavüzünün real nəticələri

VII əsrdə semit mənşəli xalqların sosial-mənəvi səviyyəsinə uyğun olan yeni dinin yaranması yarımvəhşi ərəb qəbilələrinin islam ideologiyası ətrafında Ərəb Xilafətində birləşməsinə gətirib çıxardı. Ərəb-islam dövləti VII əsrin ortalarına yaxın hərbi cəhətdən xeyli güclənmiş və bütün ətraf ölkələri öz hakimiyyəti altına almaq üçün istilaçı və talançı yürüşlərə başlamışdı.

Xüsusilə də, əsas hədəf bir zamanlar səhrəya qovulmuş vəhşi qəbilələrin minillik arzusu olan şimal-şərq və şimal-qərb istiqamətində yerləşən məhsuldar və zəngin təbiətli torpaqlar idi. Bu torpaqlarda müxtəlif xalqlar sülh şəraitində mehriban yaşayırdılar.

Azərbaycan xalqının ta qədimdən sülhsevər və humanist olduğunu hətta, ərəb tarixçiləri də etiraf ediblər.  İbn ən-Nədim yazır: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər”.

Azərbaycanın əksər ərazilərini qılınc gücünə işğal edən, on minlərlə yerli sakini amansızlıqla qətlə yetirən ərəblər yerli xalqın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və yaşayış tərzinə kobud müdaxilə edir, öz dillərini, mədəniyyətlərini, milli adətlərini və dini ideologiyalarını zorla qəbul etdirmək üçün bütün vasitələrdən istifadə edirdilər.

Azərbaycan xalqına məxsus qədim məbədlər dağıdılır və ya xristianlara (məs. ermənilərə) peşkəş olunurdu. Bundan əlavə, bütün dini-fəlsəfi, elmi kitablar “Quranda yoxdursa küfrdür” iddiası ilə yandırılır, qiymətli incəsənət əsərləri Xilafət paytaxtına daşınır, alimlər əsir aparılır, ruhani ustadlar öldürülür, milli sərvətlər (həmçinin əhalinin mal-mülkü) qarət olunur, islamı qəbul etməyən əhali üzərinə ağır vergilər qoyulurdu.

Görkəmli tarixçi akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində dövrün tarixçilərinə istinadən yazır: “…Ərəblər yerli əhalini sürətlə müsəlmanlaşdırmaq üçün islamı, ərəb dili və digər adət-ənənələrini qəbul etməyənlərin üzərinə olduqca ağır vergilər qoyurdular. Bu vergidən can qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular”.

Orta əsr mənbələrdə qeyd olunur ki, ərəblər işğal etdikləri ərazilərdə öz dinlərini “qeyri-kitab əhli” (?) və ya “kafir” (?) adlandırdıqları yerli əhaliyə qılınc gücünə qəbul etdirməyə çalışır, ən qədim təktanrılı dinin (zərdüştlüyün) ən qədim müqəddəs kitabın- (Avestanın) mənəvi sahibi olan xalqımıza qarşı insanlığa sığmayan hər cür vasitə ilə zor işlədirdilər.

Halbuki, “Zərdüştün müvəhhid və təkallahlı olmasını Əli ibn Əbu Talib (Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imamlarından biri), ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları qəbul etmişlər” (İsmayıl Şəms, “Avesta”). 

Həzrət Əlidən “məcusilər” (zərdüştilər) haqda soruşulduqda isə, o, belə cavab vermişdi: “Məcusilərə toxunmayın, onlara kitab və peyğəmbər göndərilmişdir”.

Beləliklə, məlum olur ki islam dinini əldə bayraq edən vəhşi səhra ərəbləri heç bir mədəniyyət yüksəkliyinə, heç bir təktanrıçılıq dininə əhəmiyyət vermədən yalnız öz ideologiyalarını yeritmək, maddi sərvətlər əldə etmək, münbit torlaqları işğal etmək  üçün yüz minlərlə insanımızı öldürmüş, ölkəmizi xaraba qoymuşlar.

“Böyük mütəfəkkir Mirzə Fətəli Axundov bu prosesi belə ifadə edib: “Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır” (Əsərləri İİ cild. Bakı 1961, səh 137)

Hürrəmi ideologiyasının təşəkkülü və qədim dinin bərpası

Ərəb işğalından çox minillər qabaq Azərbaycan bəşər tarixində ilk təktanrılı dinin mərkəzi sayılırdı. Bu torpaqlarda dünyanın ən qədim məbədləri tikilmiş, 10 min ilə yaxın tarixi olan dinin müqəddəs kitabı- Avesta dünyaya buradan yayılmış, Zərdüşt peyğəmbər Tanrı tərəfindən bu torpağa göndərilmiş, zərdüştlüyün kahinləri- müqəddəs maqlar (muğlar) burada yaşamışlar.

Lakin tarixin sonrakı dövrlərində məlum proseslər və xüsusilə də Makedoniyalı İsgəndərin yürüşü zamanı bu dinə qarşı total təcavüz həyata keçirilmiş, maqların böyük əksəriyyəti öldürülmüş, Avestanın əldə olan bir nüxsəsi yandırılmış, digər nüsxəsi isə İsgəndər tərəfindən Yunanıstana aparılmışdı.  

Sonralar antik mütəfəkkirlərin və müasir böyük alimlərin də etiraf etdiyi kimi, Avestanın yunan-Roma mədəniyyətinə böyük təsiri olmuş, hətta bu mədəniyyətlərin onun güclü təsiri altında formalaşmasına səbəb olmuşdu.

Hürrəmi ideologiyası zərdlüştlük, həmçinin bu dinin zəifləməsindən sonra onun bazasında yaranan maniçilik və məzdəkizmin ehkamları üzərində qurularaq, həm maddi dünyada, həm də insanın daxilində qaranlıq və işıq, xeyir və şər timsalında iki qüvvə arasında mübarizə getdiyini və bu qüvvələrin Tanrının iki müxtəlif enerjisi olduğunu iddia edirdi. Onlar Uca Tanrının insanabənzər formalı Ali Şəxsiyyət kimi əbədi mövcudluğuna inanırdılar.

Bu haqda görkəmli tarixçi, akademik Ziya Bünyadov ərəb tarixçilərinə istinadən yazır: “Birincisi, o özünün Babək adını bərpa etdi, ikincisi, Tanrının insan surətində təcəssüm nəzəriyyəsini elan etdi, üçüncüsü, ruhun bir bədəndən başqa bədənə köçməsinə inanırdı, dördüncüsü, bu əqidədə idi ki, Şirvinin qeyb olan ruhu çox sonralar qayıdacaqdır”.

Vaişnavizmdə Krişnanın, Zərdüştlükdə Hörmüzün, Xristianlıqda İsanın, islamda Sahib-əz-zaman Mehdinin… yer üzünə enərək ədaləti bərpa edəcəyinə güclü inam var. Hürrəmilər də Tanrının nə vaxtsa “Ağ atlı oğlan” kimi yerdə təcəssüm edib, bütün yer üzünün insanlarını zülümdən xilas edəcəyinə, bütün insanların bərabər şərtlərdə yaşadığı ədalətli cəmiyyət qurulacağına inanırdılar. Onlar “Uca Şirvinin ruhu, səni gözləyirik!” dedikdə, məhz bu inama söykənirdilər.

Dövrün tədqiqatçısı, dünya şöhrətli alim V.Myur Xilafət haqqında yazdığı sanballı əsərində deyir ki, “Babəkin qəribə bir dini var idi; bu din yaxından tanıdığın adamla evlənməyi, ruhun köçməsi (reinkarnasiya)  fikrini və Şərq mistikasının digər prinsiplərini təbliğ edirdi”.

Bu haqda ərəb tarixçilərinin fikirləri də yekdildir;- “Bu kafirlər ruhun bədəndən-bədənə keçməsinə inanır, movlanələrinə ilahi varlıq kimi baxırlar”- (Təbəri), “Onlar ruhların bədəndən-bədənə köçməyinə inanırdılar… Babək atəşpərəstliyi yenidən bərpa etmək istəyirdi”- (Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafeyi “Mirat-əl-cünan və ibrət-əl-yəqzan”).

“Hürrəm” sözünün mənası haqqında bir çox tarixçilər fərqli versiyalar irəli sürmüşlər. “Xürrəm” sözü hər bir azərbaycanlının anlayışında “şadlıq” və ya “sevinc”  mənasını daşıyır (məs. «şad-xürrəm”). İbn Xəldun “hürrəm” sözü haqqında belə yazır; “Cavidan” sözü “əbədi”, “hürrəm” isə “sevinc” deməkdir, onlar atəşpərəst idilər”.

Dilimizdə bu gün də yaşayan sözlər: çağırış mənasını daşıyan “haray”, “hurrey” (rus dilinə “ura” kimi keçmiş) və  “şadlıq bəxş edən” mənasını daşıyan “ramin”,”rəmiş”, “bayram” və s. sözlər, “hürrəm” sözünün iki kökdən –“xür”-“hür” və “rəm”-“ram” sözlərindən ibarət olduğunu göstərir.

Bildiyimiz kimi, həm Ramayanada, həm də Avestada, Tanrının “Ram”, “Rama”, “Ramana” adlarına rast gəlinir. Bunları nəzərə alsaq, onda belə bir fikir irəli sürmək olar ki, “hürrəm” sözü “Tanrını haraylayanlar”, “Onu mədh edənlər” deməkdir.

Babəkin şəxsiyyəti: peyğəmbər, hökmdar, sərkərdə…

Bir sıra ərəb mənbələrində qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş. Lakin, bir çox təqdiqatçılar öz məqalələrində qeyd edirlər ki, bu ad ərəb tarixçiləri tərəfindən təhrif olunub, ən yaxşı halda  ərəb dilinə uyğunlaşdırılıb.  Əslində, onun ilk adı Əsən (və ya Əhsən) olub. Bu sözə 5 min ildən çox tarixi olan Dədə Qorqudda da çox rast gəlinir (məs. sağsanmı-əsənsənmi?, əhsən-alqış və s.)

Əsənin atası və anası haqda ərəb tarixçilərinin yazdıqları isə saxta bir nağıldan başqa bir şey deyildir. Bu nağılda mümkün qədər onun ailəsinin əxlaqsız, pozgun olduğunu xalqın beyninə yeritmək istəyiblər. Lakin mənəvi-əxlaqi dəyərlərə böyük əhəmiyyət verən bir xalq- milyonlarla insan mənəviyyatsız ailədən çıxmış birinin ətrafında birləşməzdi, ümumiyyətlə onu rəhbər, mənəvi ustad kimi qəbul etməzdilər.

Babəkin uşaqlıq çağının bir mərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə yazır: «Bir dəfə Babək evə gec gəlir. Bundan narahat olan anası onu axtarmağa gedir və oğlunu otardığı inəklərin arasında yatmış halda tapır. Anası onun bədənindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanduqdan sonra qan rəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər üçün gəlib və onun taleyində çox qanlar axacaq«.

Qeyd etmək yerinə düşər ki, elmdə “stiqmat” adlanan bu hal bir çox yüksək ruhaniliyə malik insanlarda özünü büruzə verir, məsələn, bəzi xristianlarda bədənlərinin İsanın çarmıxa çəkildiyi yerlərindən qan çıxır.

Babək sözü isə məlum olduğu kimi, ad yox, ən yüksək titul idi. Babək sözünün etimologiyası haqda müxtəlif versiyalar irəli sürülüb. Biz isə daha bir inandırıcı izah irəli sürmək istərdik. Qədim türkcədə “Bağ” sözünün Tanrı anlamında, “Bay” sözünün isə seçilmiş, şəxsiyyət anlamında işləndiyi sirr deyil. Qısaca olaraq deyək ki, Bağbay, yaxud Baybağ adı hər iki formada Uca Tanrının seçilmiş fədaisi mənasını verir.

İngilis alimi C.Sell Hürrəmi ideologiyası və dini haqqında belə deyir: “Hicri 201-ci ildə (816/817-ci il) Babək özünü peyğəmbər elan etdi”. Mütəhhər ibn-Tahir Müqəddəsi isə yazır: “Sənəvilər Dehsanoğlu, Şakiroğlu, Ovcaoğlu, Babək Hürrəmi və başqalarının peyğəmbərliyinə inanırdılar. Onların fikrincə, yer üzü heç vaxt peyğəmbərsiz olmayacaqdır”.

Yeri gəlmişkən, Babəkin doğulduğu yer, Bəzzin yerləşdiyi dağlıq ərazi Savalan dağı yaxınlığındadır, “Savalan” sözünün leksik mənası isə fikrimizcə, “müqəddəs odlar yurdu” mənasına gəlir. “Sav”- qədim dilimizdə müqəddəs, “al”- od, alov, “an” isə yurd, məkan deməkdir.

Hürrəmilərin başçı seçdikləri şəxs öncə ustadın yanında elmi-dini təlimlərə, başçılıq qabiliyyətinə yiyələnmiş olmalı idi. Çünki, həmin şəxs həm ruhani ustad, həm də dünyəvi idarəetmədə başçı olmalı idi.

«Babək Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və məzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı»- Akademik Ziya Bünyadov.

Bir əsrdən artıq davam edən azadlıq hərəkatının son 22 ilində Babək zəruri atributlara malik qüdrətli dövlət yaratmışdı. Bu dövlətin silahlı qüvvələrə başçılıq edən hərbi komandanlığı, Ali şurası, dövlət xəzinəsi, bayrağı, gerbi, ölkənin əyalətlərində mərkəzə bağlı idarəçilik strukturu, ehtiyat silah və azuqə bazaları və s. atributları olub.

Babək Hürrrəmi sadə insanları dövlətin vilayət və şəhərlərinə hakim təyin edir, başqa dövlətlərlə müqavilələr bağlayır və səfir göndərirdi. Azərbaycan paytaxtında- Babəkin Bəzz şəhərindəki sarayında isə, Rum İmperatorluğunun səfiri yaşayırdı.

Tarixin ilk sosialist dövləti və Cavidanın öncəgörmələri

Babəkin öz mənəvi ustadının arvadı ilə evlənməsi də ərəb saray tarixçilərinin cəfəngiyyatlardan biridir. O, öz ustadının həyat yoldaşını saraydan atacaq qədər qəddar olmadığından, ümumiyyətlə bu hərəkəti xalqın qəbul etməyəcəyi aydın məsələ olduğundan  onun el anası kimi sarayda yaşamasına imkan yaratmış və böyük hörmətlə yanaşmışdı. Çünki həm hürrəmilikdə ustadın arvadı ana sayılır, həm də Cavidanın vaxtında o Babəkə ana əvəzi olmuşdu.

Yeri gəlmişkən, Cavidanın öz ölümünün vaxtını bilməsi, reinkarnasiyaya inamı və gələcək hadisələri qabaqcadan görməsi də həddən artıq maraqlı məsələlərdəndir. «Hürrəmilərə xəbər ver- bilirəm ki, bu gecə öləcəyəm- de ki, ruhum mənim cismimdən Babəkin bədəninə geçir. Onun ruhuna qovuşur və o, sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki, bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, Zərdüştün təlimini bərpa edəcək, sizin aranızdakı ən zəiflər iftixar, alçaldılmışlar yüksəliş tapacaq«.

Həqiqətən də Cavidanın dediyi kimi oldu. Babək bəşər tarixində bərabərlik ideyalarının ilk carçısı, özünün hakimiyyəti dövründə bu ideyanı gerçəkləşdirən şəxsiyyət oldu. Məhz bütün xalqın bərabər şəkildə yaşadığı, hər şeyin ümumxalq mülkiyyəti sayıldığı bir cəmiyyət quruluşunu, sosial ədalətə söykənən dövlət sistemini ərəblər anlamadığından “hürrəmilərdə arvadlar da ümumidir” deyə böhtan yazırdılar. (Tam da XX əsrin 20-ci illərində Sovet hakimiyyəti qurularkən “arvadları kolxoz edəcəklər, kişinin arvadına ixtiyarı çatmayacaq, çünki Şura hökumətində qadınlar da ümumidir” kimi xəstə düşüncələr kimi).

Bu iftira ilə bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov yazır: «İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil«.

Hələ 12 əsr öncə Babək “qardaşlıq və bərabərlik” şüarları ilə Şura hakimiyyətini yaratmışdı və məhz buna görə xalq öz vətəni uğrunda son damla qanınadək döyüşürdü. Sovet xalqı Böyük Vətən Müharibəsində necə döyüşürdüsə, eləcə. Təəssüf ki, tarixin ilk sosialist dövləti yaxşı silahlanmış və sayca dəfələrlə çox olan bədəvi ərəb sürüləri qarşısında sonadək davam gətirə bilmədi- düşmən xeyli çox idi.

Babəkin missiyası və dünyanın ilk qırmızı bayrağı

Babək sevgisi 12 əsrdir bütün azərbaycanlıların qəlbində yaşayır. Hər il Babək Hürrəminin ad günündə on minlərlə azərbaycanlı Bəzz qala şəhərini ziyarət edir, böyük şəxsiyyətimizin əziz xatirəsini yad edirlər. Onun ideyaları xalqın mənəviyyatında özünə əbədi və möhkəm yer tutdu. Babək Hürrəminin qaldırdığı qırmızı bayraq yaddaşlarda yaşadı.

Bu bayrağı qəhrəman Azərbaycan oğulları tarix boyu daha bir neçə dəfə dövlət bayrağı kimi dalğalandırdılar. Bu bayraq Səfəvi İmperiyası dövründə bir daha ucaldıldı, 1908-ci ildə Cənubi Azərbaycan inqilabından sonra yaranan Azərbaycan dövlətinin bayrağı kimi qəbul olundu.

Maraqlı məsələlərdən biri odur ki, AXC-in ilk bayrağı Babəkin, Hürrəmi dövlətinin bayrağı idi- qırmızı fonda ortada aypara və səkkizguşəli ulduz.

Azərbaycan Sovet Sosialist Respublikasının da ilk bayrağı belə idi- qırmızı rəngdə, yuxarı sol güncdə aypara və beşguşəli ulduz. ASSR-in sonrakı bayrağı da buna oxşar idi, yalnız ayparani zəhmətin, bərəkətin rəmzi olan oraq-çəkic əvəz etmişdi.

Xalqımızın qəlbində Azərbaycanda müstəqil dövlət yaradan, ölkədə siyasi-inzibati və sosial-iqtisadi islahatlar həyata keçirən, 100 minlik ordu yaradaraq 22 il ərzində dünyanın ən güclü imperiyasının 6 böyük ordusunu darmadağın edən, xalqın bərabərlik və ümumi mülkiyyət hüquqlarını tətbiq edən dünya tarixində ən böyük şəxsiyyət yaşayır.

Bu Babəkdir- Peyğəmbər, qüdrətli strateq, ağıllı dövlət başçısı, böyük xilaskar, qəhrəman sərkərdə… kimi yüksə titulların hər birinə layiq olan adam…

N Ə T I C Ə L Ə R

  1. “Babək və hürrəmilər islama qarşı döyüşməyib” fikri yalandır, tarixi mənbələr və məntiqi dəlillər göstərir ki, onlar məhz əldə qılınc gələn yadelli ərəblərə və islama qarşı döyüşüb, öz qədim dinlərini- zərdüştlüyü bərpa etmək istəyiblər.
  2. İslamın Azərbaycanda və ətraf ölkələrdə könüllü qəbul edildiyi fikri yalandır, çünki ərəblərlə yerli xalqların müharibələrində hər iki tərəfdən milyonlarla insan məhv olub.
  3. Babəkin öz ustadı Cavidanın arvadı ilə evlənməsi, hürrəmilərin öz ailə üzvləri ilə evlənməsi, qadınların ümumi olması fikirlər cəfəngiyyat və böhtandan başqa bir şey deyil.
  4. Babəkin fars və müsəlman olması, guya xilafətin daxili siyasətinə etiraz olaraq döyüşməsi gülünc bir saxtakarlıqdır. Babək Azərbaycan xalqının oğludur və zərdüştlüyə inanırdı.
  5. Ərəblərin təcavüzünədək bu torpaqlarda yaşayanların bütpərəst olması tamamilə yalandır, bəşər tarixinin elmə məlum olan ilk tək tanrıçılıq dini burada yaranıb və yaşadılıb.

P.S. 2010-cu il sentyabırn 6-da Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli sərkərdə Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Təəssüf ki, 9 il keçsə də müvafiq dövlət orqanları bunu reallaşdırmayıblar. Yəqin ki, tezlikdə bu sərəncamın tələbi reallaşacaq və bu abidə xalqımızın şərəfli tarixini, böyük şəxsiyyətini ləkələyənlərə ən mükəmməl cavab olacaq.

Müəllifin Babək və hürrəmilik hərəkatı haqda hazırladığı «Müqəddəs idealların böyük sahibi» adlı sənədli filmə buradan baxa bilərsiniz

Fikir və rəylərinizi yazmağı unutmayın

Yarıçılpaq arvadlar hansı faciələrə səbəb olurlar?

Yay mövsümü gələndən Bakıda ənənəvi mövzulardan biri daha da aktuallaşıb. Qızların, arvadların açıq-saçıq geyinməsi, bunun nəticəsində kişilərin haldan-hala düşməsi məsələsini deyirəm.

Qısası, bəzi xanımlar “işə gecikdiyindən” və “skleroz olduqlarından” üst paltarı geyməyi unudaraq şəhərə yatmaq paltarında çıxırlar ki, bunun da nəticəsində ciddi problemlər, hətta faciələr yaranır. Vallah şişirtmirəm, bu çox təhlükəli problemdir, belə ki, birbaşa insan həyatının itirilməsi ilə nəticələnə bilir. Necəmi? Mən indi sizə subutalni, dokumentalni yazım, siz də oxuyun görün haqlıyam yoxsa yox…

Tutaq ki, gözəl və gənc bir xanım bir qarışlıq mini-yubkada, yaxud çox qısa şortikdə minib avtobusa və qabaq sıraların birində əyləşibdir. Salondakı gənc oğlanların o saat avtobusun həmin qisminə yığılmasını qoyaq bir tərəfə. İndi bu zalım oğlu sürücü maşını necə idarə etsin? Qabaq tərəfə saysız-hesabsız güzgüləri yuxarıdan aşağıya, sağdan-sola, diaqonal vəziyyətdə havayı yerəmi düzüb?

Xülasə, bu məzlum sürücü yola baxmaq əvəzinə qabaq şüşənin lap aşağısında yerləşən həmin böyüdücü güzgülərdən xanımı seyr etməyə bilərmi? Xeyr, Azərbaycanda bu mümkün deyil! Əvvəla, biz müsəlmanıq, ağlımız kəsməyəndə zorakılığa məruz qoyularaq sünnət olunmuşuq, ona görə də seksual temperament, cinsi natamamlıq kompleksi yüksək səviyyədədir.

İkincisi, bizim xalqın kişiləri belə mənzərələrə o qədər də öyrəncəli deyil, adicə küçədə yeriyərkən dönüb çimərlik paltarında qarşısından keçən bir xanımın arxasınca baxanda qarşıdan gələnlə toqquşmurlarmı? Küçədə bu əməliyyat kiçik xəsarətlə qurtara bilər, amma avtobusda vəziyyət fərqlidir. Sürücü yola baxmağın başını buraxaraq salondakı mənzərələri seyr edib feyziyab olmağa başlayanda qəza baş verə bilər. Nəticədə xeyli sərnişin və özü o dünyaya yollana bilər.

Konstruktorlar üzümüzə baxıb, metro qatarlarında maşinist vaqonun içini görmür, yoxsa tələfat daha kütləvi olardı. Lakin metroda da başqa problem var. Stansiyaya yarıçılpaq nazənin daxil olarkən bəzi polislər sərnişinlərin yüklərini dedektordan keçirməyin başını buraxıb, bu mənzərəni seyr etməyə, bəzən söz atmağa girişirlər ki, bu da metroya kiminsə rahatca bomba keçirməsinə imkan yarada bilər.

Təsəvvür edin ki, bir xanım adını şalvar qoyub geyindiyi dar kalqotkada və ya bir neçə sm-lik mini-yubkada, sinəsi və beli açıq şəffaf koftada svetoforun qırmızı işığını filanı vecinə almayaraq nazlana-nazlana “vasmyorka” yerişlə yolu keçir! Bütün sürücülərin başları eyni istiqamətə dönəcəkmi? Dönəcək! Burda zəncirvari qəza baş verəcəkmi? 100 faiz! Nəticədə azı bir neçə nəfər həlak olacaq, bir neçə avtomaşın sıradan çıxacaq, ölkə iqtisadiyyatına zərər dəyəcək!

Mən özüm bir neçə dəfə belə qəzaların şahidi olmuşam. Düzdür, yol polisləri sənədləşdirəndə qəzanın səbəblərini bir az dəyişdirib ki ayıbdır, rüsvayçılıq olmasın, dünyada bizə gülməsinlər. Amma hər halda biz özümüz gözümüzlə gördüyümüzü necə unuda bilərik?

Ötən həftə maraqlı bir mənzərənin şahidi oldum. Küçə ilə tək gedən yarıçılpaq qıza ilişmək yarışında bir-birinə güzəştə getməyən iki qaqaş əvvəl türmə jarqonu ilə sözləşib, sonra qaydasız döyüşə başladılar. Bunlar al-qana qərq olduqları vaxtda həmin qız qulağında nauşnik dingildəyə-dingildəyə, daha doğrusu “səkkiz yaza-yaza” yoluna davam edirdi…

Belə misalları çox gətirə bilərəm, amma başınızı niyə ağrıdım ki? Qısası, dediyim odur ki, xanımlarımız bir az ehtiyatlı olsunlar, normal paltar geyinsinlər əyinlərinə. Başa düşürük, yaydır, istidir. Amma bir günahsız insanları da nəzərə alın. Vallah indiki zamanda ölmək yaşamaqdan bahalıdır.

Həm də bu istilər təkcə sizə təsir etmir ki? Bəs biz (kişilər) niyə lüt-üryan küçəyə çıxmırıq? Biz başa düşürük, indi parça bahadır, çox xanımlarımız imkansızlıq ucbatından az parça ala bilirlər. Yazıq dərzi də neyləsin, bundan ancaq mini-yubka çıxa bilər.

Dükanlarda da “mini”lər uzun yubkalardan, kalqotkalar, şortiklər normal şalvarlardan ucuzdur. Ona görə də, imkansız xanımları anlamaq olar. Yaxşı bəs varlı-hallı xanımların yarıçılpaq vəziyyətdə şəhərə çıxmasına nə deyirsiniz?

Soruşmaq ayıb olmasın, niyə kimsə durduğu… pardon, oturduğu yerdə naməlum dünyaya yollanmalıdır? Bəlkə birinin ailəsinin heç pulu və ya satmağa evi yoxdur ölü mərasimlərini və digər xərcləri ödəməyə?

Dediyim odur ki, əhəmiyyətsiz bir hal kimi görünən bu vəziyyət ciddi problemlər yaradır. Mən hələ bəzi məsələlərə- zorlamaların və təhlükəli xəstəliklərə yoluxmanın artmasında belə geyimlərin rolu və sair bu qəbildən olanlara- toxunmadım.

İndi gördünüzmü, ölüm sayının, yol qəzalarının, digər çoxsaylı problemlərin  sayının sürətlə artmasında xanımların açıq-saçıq geyinməsinin nə qədər böyük əhəmiyyəti var? Tak çto, əziz xanımlar, camaata yazığınız gəlsin, hoqqa çıxarmayın. Bəşəriyyət bu qədər böyük inkişaf yolu keçib, özünə normal geyim yaradıb, indi yenidən ibtidai icma quruluşuna qayıtmaq lazım deyil.

Elçin Bayramlı