Ərzaq bazarında bahalaşmaya səbəb nədir?

Elçin Bayramlı: “Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir”

Uzun illərdir müşahidə olununan budur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir. Amma qiymət qalxanda hər kəs qiymət qaldırır…

Sosioloq: “Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir- məsələn aksiz vergiləri kəskin artırılır, gömrük rüsumları artırılır, kommunal xidmətlər bahalaşır, yanacağın qiyməti qaldırır ki, bu da mal və xidmətlərin bahalaşmasını şərtləndirir”

“Kəndlilər, kiçik təsərrüfatı olanlar Bakıdakı bazarlara buraxılmır. Alverçilər və dəllallar tərəfindən məshul onlardan ucuz qiymətə alınır, 3 qat baha qiymətə istehlakçılara satılır”.

Bu sözləri sosioloq Elçin Bayramlı ərzaq bazarında müşahidə olunan qiymət artımların səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər ərzaq bazarında qiymət artımı müşahidə olunur. Hazırda topdansatış bazarında kəllə qəndin kiloqramı 20 qəpik, şəkər 10 qəpik, makaron 20 qəpik, qarabaşaq 10 qəpik, duz 5 qəpik, qablaşdırılmış istiot və digər ədviyyatlar 10 qəpik bahalaşıb. 50 kq unun qiyməti 27 manatdan 33 manatadək, 10 kq un 5.50 manatdan 6.10 manatadək artıb. Xırdalan pivələri 11 qəpik bahalaşıb. Gündəlik tələbat mallarından paltar və qab yuyucuların qiymətində 20-50 qəpiyədək artım var. Bundan əlavə, diş məcunları və şampunların qiymətində 15-25 qəpik artım müşahidə edilir. Həmçinin tumlar 10 qəpik bahalaşıb.

Ərzaq mallarının bahalaşması hansı amillərə görə baş verir? Həmçinin uzun illərdir müşahidə olununan budur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir. Amma qiymət qalxanda hər kəs qiymət qaldırır. Bu o deməkdirmi ki, yerli bazarda qiymətlər bir qrup adamın razılığı ilə müəyyən olunur. Bəs bu vəziyyətin qarşısı alınacaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Azərbaycanda bəzi sahələr monopoliyadadır və qiymətləri də istədikləri kimi təyin edirlər”

Qida sənayesində bir neçə monopoliyanın olduğuna diqqət çəkən sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, bazarın əhəmiyyətli hissəsinə Azərsun nəzarət edir və bu monopolist şirkət istəyəndə qiyməti qaldırır, keyfiyyəti aşağı salır. Heç kim də bununla bağlı heç nə deyə bilmir:

“Bizdə qiymət tənzimləmə sistemi yoxdur. Həm də kapitalizm sistemində dövlət qiyməti tənzimləmək alətlərinə demək olar ki, malik deyil. Xüsusən də, enerji daşçıyıcılarının, suyun, xammalın qiyməti artırsa istehsalçını qiyməti bahalaşdırmamağa məcbur etmək heç nəzəri cəhətdən də mümkün deyil. Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir- məsələn aksiz vergiləri kəskin artırılır, gömrük rüsumları artırılır, kommunal xidmətlər bahalaşır bu da mal və xidmətlərin bahalaşmasını şərtləndirir.

Lakin əsassız bahalaşma tendensiyaları da çox olur. Bizdə bəzi sahələr monopoliyadadır və qiymətləri də istədikləri kimi təyin edirlər. Heç bir əsas olmadan da istədikləri vaxt qiyməti bahalaşdıra bilirlər. Məsələn siqareti götürək, hər bir neçə aydan bir siqaretlərin qiyməti bahalaşır, amma bunun üçün heç bir əsas yoxdur, nə tütünün qiyməti bahalaşıb, nə də başqa bir şey. Bu sahəyə kim məsuldur bilinmir, jurnalistlər heç kimi tapa bilmirlər ki soruşsunlar. Xüsusən də, yerli tütün fabrikləri çoxaldıqca qiymət bahalaşması absurddur. Eyni məhsullar xaricdən idxal ediləndə daha ucuz olurdu.

Ət bazarında da belədir. Təsəvvür edir hər yerdə ətin qiyməti eynidir. Bu neçə ola bilər? Kimsə qoyulmuş vahid qiymətdən 2 manat ucuz sata bilməz, hansısa qüvvə bunun qarşısını dərhal alır. Bu necə ola bilər? Tutaq ki, bir qəssab hansısa kəndən heyvanı ucuz ala bilər və gətirib 2 manat aşağı qiymətə satmaq istəyər, lakin buna imkan verməzlər.

Elçin Bayramlı: “Siqareti götürək, hər bir neçə aydan bir siqaretlərin qiyməti bahalaşır, amma bunun üçün heç bir əsas yoxdur, nə tütünün qiyməti bahalaşıb, nə də başqa bir şey”

Eləcə də, kəndlilər, kiçik təsərrüfatı olanlar Bakıdakı bazarlara buraxılmır. Alverçilər və dəllallar tərəfindən məshul onlardan ucuz qiymətə alınır, 3 qat qiymətə istehlakçılara satılır. Nəticədə həmin məhsulu əziyyətlə əkib-becərən kəndli uduzur, şəhərdəki alıcı uduzur, yalnız dəllal udur. Bu dəllal mafiyası yığışdırılmasa, bu sahədə də vəziyyət düzəlməyəcək.

Qida sənayesində də bir neçə monopolist mövcuddur. Bazarın əhəmiyyətli hissəsinə Azərsun şirkəti nəzarət edir. Bu şirkət ürəyi istəyi vaxt qiyməti qaldırır, keyfiyyəti aşağı salır. Heç kim də heç nə deyə bilmir. Bu sahədə rəqabət zəifdir deyə, bunun qarşısını almaq olmur.

Məncə bahalaşmanın qarşısını almaq mümkün olmayacaq, çünki hər şey bir-biri ilə əlaqəlidir. İstehsalın maya dəyəri artıbsa, təbii olaraq məhsulun qiyməti də artacaq. Gömrükdəki astrononik rüsumlar və süni maneələr aradan qaldırılmasa, xaricdən 1 manata alınan məhsul burda 5 manata satılacaq.

Ölkə daxilində monopoliyanın qarşısı tam alınmasa, yerli kiçik istehsalçılara maneələr aradan qaldırılmasa qiymətlər baha olacaq.

Elçin Bayramlı: “Hazırda bizdə qiymətlər Avropa səviyyəsindədir, maaşlar isə buna adekvat deyil. Avropadakı orta maaşdan azı 10 dəfə aşağıdır”

Hazırda bizdə qiymətlər Avropa səviyyəsindədir, maaşlar isə buna adekvat deyil. Avropadakı orta maaşdan azı 10 dəfə aşağıdır. Faktiki olaraq, manat dəyərini itirir, inflyasiya rəsmi göstəricidən dəfələrlıə yüksək həddədir.

Hökumət maaş və pensiya siyasətini də buna uyğun aparmalıdır. Əgər qiymətlər Avropa səviyyəsindədirsə, maaşlar da o səviyyədə olmalıdır. Yox əgər maaşlar 5-10 dəfə aşağıdırsa, onda məhsul və xidmətlərin də qiyməti onlardakından 5-10 dəfə aşağı olmalıdır”.

Nərminə Umudlu

http://pia.az/-387729-xeber.html?fbclid=IwAR2md5SnvEt_J3QEVs0ZTOKIcBT0wQRL1YHMJLo9yvFHnu9467RW9uwZDdg

Dünyanı faşizmdən xilas edənlər

Heç kim unudulmayacaq, heç nə yaddan çıxmayacaq!

60 milyon insanın həlakı, onlarla ölkənin, on minlərlə şəhər kəndin dağılması ilə müşayiət olunan II Dünya Müharibəsi illəri bəşəriyyət tarixində ən ağır və dəhşətli dövr oldu. Almaniya və İtaliyada meydana gələn faşizm kabusu nəinki bu ölkələrin özünü, bütün bəşəriyyəti təhlükə altına almışdı.

9 may faşizm üzərində qələbə günüdür

Bu müharibənin ən böyük və ən əsas hissəsi Böyük Vətən Müharibəsidir. Çünki müharibənin əsas hədəfi SSRİ oldu. Bəşəriyyəti faşizmdən isə elə Sovet İttfaqı xilas etdi. 1945-ci il mayın 8-i gecəsi Almaniyanın təslim olması haqda müqavilə imzalandı- bu kapitulyasiya, əslində, Yaponiya ilə haqq-hesabın daha sonra çürüdülməsinə baxmayaraq, bəşəriyyət tarixində ən dəhşətli müharibənin sona çatmasını xəbər verdi.

Böyük Vətən Müharibəsi illərində Sovet xalqları dünya tarixində misli görünməmiş qəhrəmanlıq göstərdilər. Almaniya işğal etdiyi 6 dövlətin orduları ilə birlikdə SSRİ-yə qəfil hücum etmişdi və hazırlıqsız yaxalanan Qızıl Ordu çətin vəziyyətə düşmüşdü.

Düşməndən canlı qüvvə, silah-sursat və hərbi texnika sayına görə 3 dəfə zəif olan Sovet Ordusu 7 Avropa dövlətinə qarşı döyüşməli olduğu bu qeyri-bərabər müharibədə yüksək mənəvi-ideoloji üstünlük, vətənpərvərlik, döyüşkənlik, xalqın birliyi, arxa cəbhənin ağlagəlməz dərəcədə gərgin zəhməti və nəhayət Stalin, həmçinin Jukov, Rokossovski başqa olmaqla Sovet generalitetinin ağıllı taktikaları sayəsində qalib gəldi.

Ümumiyyətlə, Sovet xalqının və ordusunun müharibədə qalib gəlməsinin əsl səbəblərini anlamaq üçün Boris Polevoyun “Əsl insan dastanı” əsərini oxumaq da kifayət edər.

Moskvada keçirilən Qələbə paradından bir görünüş

Böyük Vətən Müharibəsində tarixdə misli-bərabəri görünməyən qəhrəmanlıq nümunələri göstərildi. Bunlardan “Brest qalası”, “Leninqrad mühasirəsi”, “Stalinqrad döyüşləri”, “Moskva müdafiəsi” və tarixin ən böyük döyüşü olan “Kursk döyüşü”nü göstərmək olar.

Bu qələbədə respublikamızın da əvəzedilməz xidmətləri oldu. Azərbaycan xalqının oğul və qızları həm agır döyüşlərin getdiyi cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq nümunələri göstərdilər.

Qısa zamanda respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstəsi təşkil olundu. 1941-1945-ci Azərbaycanın 3,4 milyon əhalisindən 600 mindən çoxu cəbhəyə yollanmışdı ki, onlardan da yarısı döyüşlərdə həlak oldu. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz döyüş yolu keçdilər.

130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bunlardan Həzi Aslanov (2 dəfə), Adil Quliyev, Ziya Bunyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və başqalarını göstərmək olar.

2 dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov

Bundan başqa, 30 nəfər Şərəf ordeni ilə təltif olundu. Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə  xalqımızın şərəfli tarixinə yeni sətirlər yazdılar. Ümumilikdə isə, 170 mindən artıq Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildi.

Respublika iqtisadiyyatı cəbhə üçün işləməyə başladı. Az bir vaxtda Bakı Qızıl Ordunun ən mühüm cəbbəxanalarından birinə çevrildi. Müharibə illərində Bakıda cəbhə üçün 130 növ silah və döyüş sursatı da istehsal olunub.

Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. 1941-ci ildə Azərbaycan SSR tarixində ən çox- 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 70%-dən çoxunu təşkil edirdi.

Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, o cümlədən 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti də əsas amillərdən biri oldu.

Lakin Azərbaycan xalqının bu müharibədə əsas xidməti cəbhəyə neft vermək deyildi. Yüz minlərlə əsgərimizin qəhrəmancasına döyüşməsi, arxa cəbhədə mütəşəkkil və gərgin fəaliyyət əsas rol sayılmalıdır.

Berlin 1945. Sovet əsgəri Reyxstaq üzərinə Qələbə bayrağını sancır.

Bu gün 9 may Qələbənin ildönümü günündə Böyük Vətən Müharibəsində həlak olmuş, döyüşüb sağ qalmış, arxa cəbhədə vətən üçün var gücü ilə çalışmış bütün qəhrəmanları hörmətlə yad edirik. Onlar dünya tarixinin ən böyük və ən dəhşətli müharibəsində tarixin ən böyük qəhrəmanlığını göstərdilər. Onlar dünyaya insanlığın hər şeydən üstün olduğunu əyani nümayiş etdirdilər. Onlar öz Vətənlərini, öz xalqlarını və bütün bəşəriyyəti qorxunc faşizmdən xilas etdilər. Onlar tariximizə öz qanları ilə şərəfli bir səhifə yazıb getdilər.

Böyük Vətən Müharibəsi qəhrəmanlarına əbədi eşq olsun!

Heç kim unudulmayacaq, heç nə yaddan çıxmayacaq !

Reyxstaqın alınmasında iştirak edən babam Əhməd Paşayev (yuxarıda, sağda) döyüş yoldaşları ilə.
Foto 1945-ci ilin mayında Berlində çəkilib.

Fəxr edirəm ki, mənim babam da Böyük Vətən Müharibəsində Berlinədək döyüş yolu keçib, qəhrəmanlıq göstərib, orden və medallarla tətif olunub.

Elçin Bayramlı

Первая запись в блоге

Это ваша самая первая запись. Чтобы отредактировать или удалить её, нажмите кнопку «Изменить» или создайте новую запись. Если вы хотите написать что-нибудь ещё, расскажите читателям, почему завели блог и что планируете в нём публиковать. По всем вопросам вы можете обратиться к участникам форумов поддержки.