İnternetin inkişafı ilə yeni bir müharibənin əsasını qoyulması ilə, qlobal miqyasda informasiya və təbliğat müharibəsi virtual məkana transformasiya olundu. Bu yazımız qlobal informasiya müharibəsində bizim bu imkanlardan, konkret olaraq, ümumdünya internet ensiklopediyası sayılan Vikipediya sistemindən necə yararlandığımıza həsr olunub.

İnternetdə informasiya «kütləsi»nin astronomik ölçüləri
İndiki zamanda bir çox insan internet olmadan həyatı təsəvvür edə bilmir. Bu gün internet, demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. İnterneti çəkinmədən bir informasiya okeanına, yaxud çox nəhəng virtual məlumat bazasında bənzədə bilərik.
İnternetdə nə dərəcədə nəhəng informasiyanın yerləşdiyi haqda təsəvvür yaratmaq üçün sadəcə bir faktı xatırlatmaq kifayətdir — bu qədər informasiya çap variantına çevrilsə, Yerdən Plutona qədər olan məsafədən 10 dəfə çox hündürlükdə kitab dəsti alınardı. Hər ay internet kanalları ilə orta hesabla 100 terabitədək informasiya nəql edilir. Bu, hərəsi 1000 səhifədən ibarət olan 100 milyon kitaba bərabərdir.
İnternetdə informasiya axtarışı artıq çox nəhəng rəqəmlərə çatıb. Elə sistemlər var ki, dünyanın hər yerindən milyonlarla insan həmin resurs vasitəsilə informasiya axtarır. Dünyada böyük həcmdə məlumat yerləşdirilən və axtarılan ən nəhəng sistemlərdən biri də demək olar ki bütün dildə fəaliyyət göstərən Wikipedia sistemidir. Bu system dünyada ən böyük açıq elektron ensklopediya sayılır.
Vikipediya informasiya müharibəsində əsas silahlardandır
Bu resurs Viki texnologiyası əsasında, azad proqram təminatı ilə yaradılıb. «Wikimedia Foundation İnc.» qeyri-hökumət təşkilatı tərəfindən idarə edilən Vikipediya 15 yanvar 2001-ci ildə fəaliyyətə başlayıb.
Vikipediya az sonra dünyanın ən məşhur 10 internet saytı sırasına daxil olub. 2009-cu ildə aparılan araşdırmalara görə, Vikipediya 230 milyon sayt arasında dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutub.
Vikipediya könüllü istifadəçilər tərəfindən daxil edilən məqalələr hesabına zənginləşir. Bu saytın bazasında on milyonlarla məqalə var.
310 dildə fəaliyyət göstərən Vikipediyanın istifadəçi və məqalə sayı durmadan artır. İstər adi İnternet, istərsə də adi KİV istifadəçisində istənilən hadisə haqqında fikir formalaşdırmaqda Vikipediyanın rolu əvəzolunmazdır.
Ensiklopediyanın əsas tələbi yazılan məqalələrin və əlavə edilən biliklərin neytral nəzər nöqtəsindən çıxış etməsidir. Yəni, burada çəsələn, «ən yaxşı ölkə Azərbaycandır» kimi şəxsi fikirlərə yer olmamalıdır.
Lakin resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn, Qarabağ mövzusu ətrafında ermənilər saxtakarlıq əməllərini daha rahat həyata keçirə bilirlər.
Vikipediyanın Azərbaycan bölməsində vəziyyət necədir?
2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlayıb. Buna Azərbaycanın açıq elektron ensiklopediyası kimi də baxmaq olar. Son illərdə dilimizdə olan materialların sayı sürətlə artır. Hazırda Azərbaycan dilində 400 mindən artıq məqalə var (latın və fars əlifbalarında).
Lakin məlum olduğu kimi, say heç vaxt əsas olmayıb, əsas, keyfiyyət sayılır. Bəzi məqalələr şablondur, ya da içi boşdur. Dolu olanların da bəzilərinin material zənginliyi, faktoloji əsasları, istinad mənbələri zəifdir. Üstəlik, bəzi məqalələrdə məlumatlar subyektivliyə və şəxsi fikirlərə uyğun verilib.
Vikipediyanın müxtəlif bölmələrində Azərbaycanla, ölkəmizin qədim tarixi, mədəniyyəti, böyük şəxsiyyətləri ilə bağlı bir çox məqalələr yerləşdirilib və bu materiallar administratorlar tərəfindən qorunur. Yəni bu məqalələrdə dəyişikliyə, əlavə məlumatların daxil edilməsinə icazə verilmir. Buna səbəb həmin məqalələrin tez-tez ermənilərin hücumlarına məruz qalmasıdır.
Bəzən Azərbaycanla bağlı məqalələrə həmin şəxslər tərəfindən elə saxta məlumatlar əlavə olunur ki, məqalənin ümumi məzmunu itir və oradakı məlumat Azərbaycana qarşı bir dezinformasiya xarakteri daşımış olur.
Azərbaycan dili məqalə sayına görə, 313 dil arasında 30-ci yeri tutur. Azərbaycan dilində 413 386 min məqalə mövcuddur. Bunlardan 173,857 məqalə latın əlifbası ilə, 239,529 məqalə isə fars əlifbası ilə yerləşdirilib.
Göründüyü kimi, İran azərbaycanlıları Azərbaycan dilində daha çox məqalə yerləşdirib ki, bu da əlbəttə, sayla bağlı məsələdir- İranda 30 milyon, Azərbaycanda 10 milyon azərbaycanlı yaşayır.
Əlbbətə, Azərbaycan və erməni dillərindəki məqalə sayına görə biz üstünük, çünki Azərbaycan dilində ümumi məqalə sayı erməni dilindən çoxdur. Lakin dars əlifbası ilə qoyulanları çıxsaq erməni dilində məqalə sayı bizdən xeyli çoxdur (173,857-ə qarşı 276,307). Bu o deməkdir ki, Vikipedia müharibəsində Azərbaycanlılar ermənilərdən daha zəif iştirak edir.
Vikipediyada «erməni-azərbaycanlı müharibəsi»
Vikipediya ermənilər tərəfindən fasiləsiz olaraq Azərbaycana qarşı yeni-yeni dezinformasiyalarla doldurulur. Nəticədə çox zaman məqalələr nəinki Azərbaycanın maraqlarına, Vikipediyanın əsas qaydası sayılan adi neytrallıq prinsiplərinə belə cavab vermir.
Təəssüfedici haldır ki, erməni dilində öz əlifbaları ilə olan materiallar bizim dilimizdə öz əlifbamızla olan material sayından xeyli çoxdur. Yalnız İran azərbaycanlılarının yerləşdirdikləri məqalə sayını da nəzərə alanda biz üstələyirik- 2 əlifbada ümumi sayla.
Vikipediyanın bir çox dillərdə fəaliyyət göstərən layihələrində informasiya müharibələri adi hal alıb və artıq administratorlar da bu virtual ensiklopediyadakı münaqişələrin qarşısının tam alınmasında acizdirlər. Məsələn, eyni hadisə, eyni fakt haqda məqalə hər dildə tam başqa formada verilir və bir-birinə tam zidd olur. Qarabağla bağlı tarixi məqamları bura əlavə etmək olar. Azərbaycan dilindəki materiallarla erməni dilindəkilər bir-birinə tam ziddir. Biz ermənilərin saxtakarlıq etdiyini bilirik və faktlarla inkar edə də bilirik, amma başqa xalqların nümayəndələri bunu bilmir.
Vikipediya və ümumiyyətlə, İnternetdə fəaliyyət göstərən açıq layihələrə nəzər salsaq, görərik ki, Azərbaycana qarşı informasiya müharibəsində, antiazərbaycan təbliğatında, ifrat şovinist çıxışlarda erməni gəncləri ilə yanaşı, ermənilərin tanınmış tarixçiləri, siyasətçiləri, ədəbiyyatçıları, şair və yazıçıları fəal iştirak edirlər. Onlar müxtəlif dillərdə məqalələr yerləşdirir və öz təbliğatlarını və dezinformasiyalarını yayırlar.
Məsələn, bir neçə il öncə Vikipediyanın rus dilindəki bölməsində «Kultura Azerbaydjana» adlı məqaləni oxuduqda onun daha çox erməni mədəniyyətini təbliğ etməsinin şahidi oldum.
«Literatura Azerbaydjana» məqaləsində isə XV əsrə qədərki dövrdə indiki Azərbaycan ərazisində yalnız erməni və fars ədəbiyyatının inkişafından danışılır və müxtəlif erməni saytları mənbə kimi göstərilirdi.
Sonra bu sahədə azərbaycanlı istifadəçilərin fəallaşması nəticəsində neytrallıq prinsipləri cüzi də olsa, bərpa olundu. Keçən illərlə müqayisədə Vikipediyadakı bəzi məqalələri, qismən də olsa, erməni saxtalaşdırmasından «təmizləmək» mümkün olub. Lakin Vikipediyada Azərbaycana qarşı təbliğat maşını səngimək bilmir və bu səbəbdən də müxtəlif dillərdə iftira dolu məqalələr minlərlədir.
Müxtəlif dillərdə məqalə sayı üzrə statistika nə göstərir?
Vikipediyada bütün dillərdə ümumilikdə 55 milyona yaxın məqalə yerləşdirilib. Bunların yarıya yaxını 6 beynəlxalq dildə olanlardır. Məqalə sayı 1 milyondan yuxarı olan 17 dil var. Elə dillər var ki, cəmi 1 material dərc olunub.
BMT-nin rəsmi dilləri kimi qəbul olunan 6 beynəlxalq dildə məqalə sayı
Dil | Məqalə |
İngilis | 6,174,687 |
Fransız | 2,257,051 |
Rus | 1,668,223 |
İspan | 1,633,314 |
Çin | 1,152,403 |
Ərəb | 1,070,768 |
Bizimlə qonşu xaqların dilindəki məqalə sayı
Dil | Məqalə |
Fars | 749,546 |
Azərbaycan | 413 386* |
Türk | 368,608 |
Erməni | 276,307 |
Qazax | 227,239 |
Gürcü | 143,233 |
Türkmən | 5,811 |
* Azərbaycan dili 2 əlifbada (latın və fars) yerləşdirilən məqalə sayı üzrə verilib
Bəzi başqa xalqların dillərində məqalə sayı
Dil | Məqalə |
Alman | 2,490,337 |
İtalyan | 1,641,664 |
Yapon | 1,232,999 |
Hind | 1,047,384 |
Ukrayna | 1,049,071 |
Portuqal | 1,043,749 |
İndoneziya | 548,615 |
Macar | 476,967 |
Belarus | 268,176 |
Urdu | 157,644 |
Ən qədim dil sayılan və əksər alimlər tərəfindən bütün dillərin kökü kimi qəbul edilən Sanskrit dilində 11,464 məqalə var. Ölü dillərdən olan Latın dilində isə 133,861 məqalə mövcuddur. Daha bir maraqlı məqam- beynəlxaql süni dil olan Esperanto-da 286,347 məqalə yerləşdirilib.
İnformasiya müharibəsini udmağa borcluyuq
Azərbaycan informasiya və təbliğat müharibəsinin tam ortasındadır. Bu virtual müharibədə biz özümüzdən zəif bir düşmənə hələ ki, uduzuruq. Halbuki, dünyada 50 milyon azərbaycanlı, 10 milyon erməni yaşayır.
Ermənilərdən sayca 5 dəfə artıq olmağımıza baxmayaraq, onlara informasiya müharibəsində uduzmağın heç bir adı yoxdur. Bu səbəbdən də internetə çıxışı olan hər bir azərbaycanlı Vikipediyada və digər qlobal resurslarda heç olmasa 5-10 məlumat yerləşdirməyi özünün borcu hesab etməlidir. Yaxşı olardı ki, daha çox beynəlxalq dillərdə material yerləşdirək.
Belə olsa, dövlət və xalq əl-ələ verib hərbi cəbhədə, siyasi arenada olduğu kimi, informasiya müharibəsini də udarıq. Böyük qələbəyə aparan yolda müharibələr vacibdir!
Elçin Bayramlı