Elçin Bayramlı: «Mağazalarda yağların qiymətləri açıq cinayətin göstəricisidir»
Azərbaycan aqrar potensialı olan ölkə sayılsa da, əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdədir. Bu sahənin inkişafına qoyulan vəsaitlərin hələ ki, ciddi effekt vermədiyi isə ilbə-il artan idxal göstəricilərindən aydın olur. İdxalı artan məhsullardan biri də kərə yağıdır.

Azərbaycan aqrar potensialı olan ölkə sayılsa da, əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdədir. Bu sahənin inkişafına qoyulan vəsaitlərin hələ ki, ciddi effekt vermədiyi isə ilbə-il artan idxal göstəricilərindən aydın olur. İdxalı artan məhsullardan biri də kərə yağıdır.
2020-ci ilin yanvar-iyul aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 37,7% artıb. Bu ilin 7 ayında 50 957 min ABŞ dolları (36,6% artım) dəyərində 10 300 ton (37,7% artım) kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Xatırladaq ki, 2019-cu ilin yanvar-iyul aylarında 37 305 min dollar dəyərində 7 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Ölkəmizdə kərə yağının istehsalı hansı durumdadır, niyə idxal göstəricilərinin ciddi şəkildə artımı müşahidə olunur?
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı deyir ki, Azərbaycanda yağ istehsalının aşağı olmasının bir sıra səbəbləri var: “Texniki əkinlərin, xüsusilə pambıqçılığın inkişafı heyvandarlıq sahələrinin hesabına baş verdi. Örüş yerlərində pambıq əkilməsinə başlanması kiçik sahibkarlara böyük ziyan vurdu. Onların süd istehsalı əhəmiyyətli dərəcədə azaldı. Pambıqçılığı boş sahələrin hesabına inkişaf etdirmək əvəzinə heyvandarlıq sahələrində həyata keçirdilər”.

Elçin Bayramlı deyir ki, ölkədə kərə yağının təbii istehsal imkanları olmadığına görə, suni yollarla yağ istehsalına önəm verilir: “Məsələn, hər il ölkəyə 60-70 min ton palma yağı gətirilir. Bu təbii yolla yağ istehsalından qat-qat ucuz başa gəlir. Süddən yağ istehsal edilən zaman onu qiyməti 17 manatdan aşağı olmur. Bu da bizim istehlakçılar üçün əlçatan deyil. Buna görə də xaricdən palma yağı, quru süd, kimyəvi maddələr idxal olunur və onlardan kərə yağının dadına oxşayan keyfiyyətsiz yağlar istehsal olunur. Hətta mağazalarda 3 manata da yağlar var”.
Ekspertin sözlərinə görə, xaricdən gətirilən yağların da əksəriyyəti keyfiyyətsizdir: “Təbii kərə yağlarını yalnız Belarus mağazalarında tapmaq olur ki, onların qiyməti də 18-19 manatadır. Bunu da əhalinin 95 faizi ala bilmir. Bitki yağları da saxta və zəhərlidir. Çünki 2-3 manata bitgi yağının istehsalı nəzəri cəhətdən də mümkün deyil. Günəbaxan tumunun kiloqramı 2,5 manat olduğu halda 1,6 manata da günəbaxan yağları var. Bu necə ola bilər — bu qiymətin özü sübut edir ki, bu bitgi yağı deyil, tamamilə kimyəvi, zəhərli məhsuldur. Deyərdim ki, əhaliyə qarşı “yağ terroru” gedir. Qida Təhlükəsizliyi Agentliyi isə bununla mübarizə aparmaqdansa, kiçik, zəif sahibkarları cəzalandırmaqla məşğuldur”.

İqtisadçı deyir ki, mağazalara satılan digər süd məhsulları – pendir, şor, xamaların da böyük bir hissəsi saxtadır: “Üzərinə “İvanovka” və s. yazılan məhsulların hamısı kimyəvi maddələrdən hazırlanır. Pendirin kiloqramının 3-4 manata olması mümkün deyil, 20-30 qəpiyə xama satılır, halbuki xama ən bahalı süd məhsulu hesab olunur. Bu qiymətlər açıq cinayətin göstəricisidir”.
Eiçin Bayramlı bildirir ki, heyvandarlığın inkişafından nə qədər danışılsa da ölkədə nə ət, nə də süd istehsalı təlabatı ödəmir: “Ət idxalı da eyni ilə artmaqdadır. Kənd Təsərrüfatı Nazirliyi isə idxal monopolislərinə şərait yaratmaqla məşğuldur”.
Xatirə Nəsirova
Cebhe.info