Elçin Bayramlı: “Vətəndaşlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxanalarda pis şərait və baxımsızlıqla bağlı problemlər var”
“İcbari tibbi sığortanın tətbiqi tam başa çatdırılmalıdır və vətəndaşlar normal tibbi xidmətlər almalıdırlar”
Səhiyyə sistemində ikitirəlik və TƏBİB-in qeyri-peşəkarlığı nələrə yol aça bilər?..

Sosioloq: “TƏBİB bu texniki səhvin necə yarandığını detalları ilə izah etməlidir”.
“Səhiyyədə ikihakimiyyətlilik hökm sürür. Yaxşı olar ki, bu səhiyyə sahəsi həmişəki kimi bir dövlət orqanında birləşsin”. Bu sözləri sosioloq Elçin Bayramlı TƏBİB-in analizlərin cavabında texniki xəta olması açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayaraq, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta oluğunu, buna görə üzr istənildiyini bəyan edib. Amma buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri bu məsələdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ni (TƏBİB) ittiham edirlər. Bir çoxları isə hətta bir az da irəli gedərək TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ilə bağlı ifrata varırlar.
İndiki dövrdə insanlarda ciddi psixoloji problemlərin ortaya çıxmasına səbəb olan belə qeyri-peşəkarlığı və TƏBİB-in öz işinin öhdəsindən gələ bilməməsi kimi dəyərləndirmək olarmı?
Diigər bir ciddi problem isə son zamanlar səhiyyə sistemində ikitirəliyin günü gündən özünü daha çox biruzə verməsidir.
“TƏBİB hələ ki öz işinin öhdəsindən lazımınca gələ bilmir”
TƏBİB-in probleminin yalnız baş verən texniki səhv olmadığını vurğulayan sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, vətəndaşlardan müalicə ilə bağlı çoxsaylı şikayətlər var. Onlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxalarda pis şərait və baxımsızlıqla bağlı problemlər sosial şəbəkələrdə müzakirə obyektidir:
“Əlbəttə, bu texniki səhvdir və bütün sahələrdə belə səhvlər olur. Fikrimcə, bunu şişirtməyə və kimisə təhqir etməyə ehtiyac yoxdur. Tənqid etmək olar, çünki tənqid daha məsuliyyətli olmağa dəvət edir. TƏBİB-in problemi bu texniki səhv deyil, tamam başqa məsələlərdir. Vətəndaşlardan müalicə ilə bağlı çoxsaylı şikayətlər var. Onlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxanalarda pis şərait və baxımsızlıqla bağlı problemlər var və bütün bunlar sosial şəbəkələrdə müzakirə obyekti olur.
Bundan başqa icbari sığortanın tətbiqi ilə bağlı ciddi problemlər və gecikmələr var. O tənqidçilər bu məsələlərin üzərinə fokuslansalar daha faydalı olar, yoxsa adi bir texniki səhvdən kütləvi şou düzəltmək lazım deyil, bundan cəmiyyətə heç bir fayda yoxdur. Lakin TƏBİB də bu texniki səhvin necə yarandığını detalları ilə izah etməlidir ki, kimdəsə qəsdən edildiyinə dair şübhə qalmasın.
Mən hesab edirəm ki, TƏBİB hələ ki öz işinin öhdəsindən lazımınca gələ bilmir. Ola bilər yeni təşkilatdır hələ tam formlaşamayıb. Üstəlik, səhiyyədə ikihakimiyyətlilik hökm sürür. Yaxşı olar ki, bu səhiyyə sahəsi həmişəki kimi bir dövlət orqanında birləşsin. Vətəndaşlar da çaş-baş qalır, bilinmir Səhiyyə Nazirliyi nə ilə məşğuldur, TƏBİB nə iş görür. Axı səhiyyə sistemi vahid sahədir. Burada vahid orqan olmalıdır və idarəetmədə qarışıqlıq olmamalıdır. Ölkədə ən vacib sahənin səhiyyə olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu həm də milli təhlükəsizliyə daxil olan sahədir. Dünyada bütün ölkələrdə icbari tibbi sığortanın lap çoxdan tətbiq olunduğunu da bilirik. Heç olmasa o ölkələrin təcrübələrindən yararlansınlar. Bizdə bu sistemin tətbiqi 20 ildən çox müzakirə olundu. Nəhayət bu sistemin tətbiqi tam başa çatdırılmalıdır və vətəndaşlar normal tibbi xidmətlər almalıdırlar.
Hazırda vətəndaşların çoxu normal tibbi xidmət ala bilmirlər. Yenə də onların həkimlərə, dərmanlara çoxlu xərci çıxır, bir çoxunun pulu olmadığına görə müalicə, hətta müayinə belə oluna bilmir. Buna nəhayət son qoyulmalıdır”.
Nərminə Umudlu
pia.az