Elçin Bayramlı: “Alverçi və monopolist mafiyası dövlətə və xalqı ağır zərərlər vurur, iqtisadi sabotaj və sosial böhran yaradır»
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 45,9 milyon ABŞ dolları dəyərində 25,7 min ton ət idxal edib. Lakin bu idxala və yay mövsümü olmasına baxmayaraq, mal ətinin qiyməti artıb. Maraqlıdır, yay mövsümündə ətə tələbatın az olduğu halda qiymət artımı varsa, o zaman payız və qış aylarında daha böyük artımın şahidi ola bilərikmi?
«Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, payızda qiymətlərin daha da artacağı şübhəsizdir:

«Aydın məsələdir ki, yay mövsümündə ətə tələbat azalır. Bununla bağlı olaraq qiymətlər də azalmalıdır, nəinki artmalı. Əgər belə bir vəziyyətdə qiymət artırsa, payızda tələbat artanda qiymətin daha da yüksələcəyi şübhəsizdir. Bu vəziyyət heyvandarlıq sektorunun acınacaqlı vəziyyətə olmasının göstəricisidir. Hətta ət idxalının 37 faiz artması belə kömək etmədi. Bu o deməkdir ki, heyvandarlıqda, xüsusən ət istehsalında vəziyyət biabırçılıqdır. Heyvandarlığın tənəzzülə uğramasının bir çox səbəbləri var. Onlardan biri də örüşlərin, otlaq sahələrinin texniki bitkilərin, xüsusən də pambıqçılıq üçün ayrılmasıdır. Halbuki bu məqsədlə istifadəsiz torpaqlar ayrılmalı idi. Bir sahəni ləğv edib yerində ondan daha az gəlir verən sahənin yaradılması çox gülməlidir. Respublikamızda o qədər boş torpaqlar var ki, onlarda pambıq, tütün və s. texniki bitkilərin əkinlərini təşkil etmək olardı. Lakin məmurlar, rayon rəhbərləri özlərinə əziyyət verməyiblər. Axı həmin sahələrə su çəkilməlidir, müəyyən infrastruktur qurulmalıdır. Ondansa hazır münbit otlaq sahələrini götürüb pambıq əkini ediblər».
Heyvandarlığın tənəzzülə uğradığını deyən ekspert bunun digər səbəbini bu sahədəki monopoliyada görür: «Digər bir səbəb də, ət sahəsindəki monopoliyadır. Təsəvvür edin ki, respublikanın bütün rayonlarından, xarici ölkələrdən Bakıya ət gətirilir. Bunların hər birinin maya dəyəri fərqli olsa da, bütün ətlər eyni standart qiymətə satılır. Bu nə deməkdir? Bu nə biabırçılıqdır? Kim təyin edir bu qiymətəri? Bəlkə, biri rayondan gətirdiyi heyvanı 2-3 manat ucuz satmaq istəyir? Olmaz, onu dərhal sıradan çıxararlar. Ət monopoliyasına son qoyulmalıdır. Lakin biz əksini görürük, bir neçə ay əvvəl bütün ət kəsimi məntəqələrini, qəssabxanaları bağlayaraq, ət kəsimini bir əldə cəmləşdirilmiş böyük mərkəzlərdə etmək cəhdinə girişdilər, lakin etirazlar olduğundan bu alınmadı. Bu adamlar zərərsizləşdirilməlidirlər. Onlar dövlətə və xalqı ağır zərərlər vururlar, iqtisadi və sosial böhran yaradırlar, sabotaj edirlər».
E.Bayramlı bu sahədə yaranan xoşagəlməz durumu həm də kəndlilərin bazarlara buraxılmaması ilə əlaqələndirib: «Daha bir səbəb, kəndlilərin, kiçik təsərrüfat sahiblərinin bazarlara buraxılmamasıdır. Dəfələrlə dediyimiz kimi, bazarlar alverçi mafiyası tərəfindən tam ələ keçirilib. Buna son qoyulmalıdır. Hətta Kənd Təsərrüfatı Nazirliyinin təşkil etidiyi yarmarkalarda belə qiymətlərlə bazarla eyni olur. Hətta bəzən bazardan baha olur. Bu nə biabırçılıqdır? KTN rəhbərləri istefa verməli və ölkəyə vurduqları zərərə görə bütün əmlakları müsadirə edilməlidir.
Bəli, payızda ətin qiymətində bahalaşmanın olacağı qaçılmazdır. Bu sadə bazar qanunudur — tələb-təklif münasibətləri. Bəlkə, hanısa ölkədən ucuz və keyfiyyətsiz ət idxalı təmin etməklə bunun qarşısını almaq istəyəcəklər, amma bu çıxış yolu deyil. Çıxış yolunun nə olduğunu KTN-də yaxşı bilirlər, sadəcə bunu etmək onlara sərf etmir».
Naibə
Cebhe.info